İsmayıl Ağayev: “Çünki bura həm də onlarla eyni qanı daşıyan çoxlu sayda yəhudinin də vətənidir”
Azərbaycan Prezidenti İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin və komitənin prezidenti Con Şapironun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanda iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlar ətrafında fikir mübadiləsi aparılıb, bu islahatların yaxından izlənildiyi qeyd olunub.
Azərbaycan Prezidentinin Davosda səmərəli görüşlər keçirdiyi vurğulanaraq, bütün bunlar dünyada Azərbaycanla əməkdaşlığa olan marağın göstəricisi kimi dəyərləndirilib.
Söhbət zamanı Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrə toxunulub, bu əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib. Eyni zamanda, Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi əminliklə qeyd olunub. Daha sonra Azərbaycan-İsrail əlaqələrindən danışılıb, əlaqələrimizin müxtəlif sahələrdə inkişafının razılıq doğurduğu bildirilib.
İsrailin baş naziri Benyamin Netanyahunun ölkəmizə səfərinin bu əlaqələrin genişləndirilməsi baxımından önəmi vurğulanıb.
Görüşdə Azərbaycanla Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olunub.
Amerika Yəhudi Komitəsinin Azərbaycanda baş verən müxtəlif səpkili proseslərə, həmçinin, Azərbaycan-İsrail münasibətlərinə belə önəm verməsi nəyin əlaməti sayıla bilər?
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, Amerika Yəhudi Komitəsi çox nüfuzlu bir qurumdur: “Bilirsiniz ki, dünyada yaşayan bütün yəhudilər İsraili öz doğma evləri sayır. Bu da normaldır. Çünki həmin millətin nümayəndələri müxtəlif ölkələrdə yaşasalar da, onların bir müstəqil ölkəsi var. O da İsraildir. Bəli, İsrail dünyada yeganə müstəqil yəhudi dövlətidir. Həmin ölkə ilə bizim münasibətlərimiz hər zaman yüksək səviyyədə olub. Bizim ölkədə də çoxlu sayda yəhudi əsilli şəxs yaşayıb. Hazırda da yəhudilərin kompakt yaşadığı ərazilər var. Bir müsəlman ölkəsində yəhudilərə bəslənən olduqca dərin səmimiyyət bütün dünyanı heyrətləndirir. Xüsusilə də yəhudi qurumları bu məsələyə böyük önəm verir. Hazırda İsraildə Azərbaycandan köçən 70 mindən artıq yəhudi yaşayır. Bu heç də o demək deyil ki, onlar Azərbaycanı tam unudublar. Əksinə, həmin şəxslər öz ölkələrində Azərbaycan diasporu ətrafında birləşib. İsraillə Azərbaycan arasında çox dərin münasibətlər mövcuddur. Bu, müxtəlif sahələri əhatə edir. Bunun fərqində olan nüfuzlu yəhudi təşkilatının rəhbərləri Azərbaycanla bağlı bütün detallara xüsusi fikir verirlər. Çünki bura həm də onlarla eyni qanı daşıyan çoxlu sayda yəhudinin də vətənidir. Fikir verdiniz ki, Netanyahunun bura səfərinə bəzi qonşularımız etiraz etsə də, Azərbaycan prinsipial mövqeyindən dönmədi”.
Məhəmmədəli QƏRİBLİ