ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun (ADA Universiteti) birgə təşkilatçılığı ilə təlim proqramı başlayıb.
Boyukmillet.com xəbər verir ki, institutun İxtisasartırma Proqramı tərəfindən həyata keçirilən təlim Afrikanın 10 ölkəsinin UNESCO üzrə Milli Komissiyalarının baş katiblərini bir araya gətirib.
Proqramın əsas məqsədi Azərbaycanın Afrika ölkələri ilə UNESCO çərçivəsində mövcud olan əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, sözügedən regionda ölkəmiz barədə məlumatlılığın artırılması, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri ilə bağlı məlumatların çatdırılmasıdır.
Təlimin açılış mərasimində ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev çıxış ediblər. Həmçinin iştirakçılar UNESCO-nun Efiopiyadakı Əlaqələndirici Ofisinin rəhbəri xanım Rita Bissonautun və ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın çıxışlarını dinləyiblər.
Qonaqları salamlayan Dr. Fariz İsmayılzadə çıxışı zamanı bildirib ki, ADA Universitetində keçirilən bu təlim Azərbaycanla Afrika ölkələrinin UNESCO üzrə milli komissiyalarının əməkdaşlığını və ikitərəfli əlaqələrini inkişaf etdirir.
UNESCO üzrə Milli Komissiyanın baş katibi Seymur Fətəliyev ölkəmizin UNESCO üçün mühüm və etibarlı donor tərəfdaşı olduğunu və təşkilatın prinsip və dəyərlərinin təşviqində müstəsna rol oynadığını bildirib.
Ölkəmizin ev sahibi olduğu beynəlxalq səviyyəli konfranslardan bəhs edən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev çıxışında bu ilin iyun ayında Bakıda keçiriləcək UNESCO Qlobal İdman Konfransından bəhs edib və bu yüksəksəviyyəli tədbirin hökumətlərarası yığıncaq formatında keçiriləcəyini diqqətə çatdırıb.
UNESCO ilə Afrika ölkələri arasındakı münasibətlərin tarixinə toxunan Rita Bissonaut UNESCO-ya üzv ölkələrin və qurumun Afrika Qrupunun birgə müəyyənləşdirdiyi 2022-2029-cu illər üzrə yeni Əməliyyat Strategiyasından bəhs edib. Xanım Rita vurğulayıb ki, Əməliyyat Strategiyasında Afrika İttifaqının 2063-cü il üzrə Gündəliyinin 7 istəyinə və Birləşmiş Millətlər Təşkilatının 2030-cu il Gündəliyinə uyğunlaşdırılmış beş qabaqcıl proqram əksini tapıb.
İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyeva öz çıxışında İnstitutun fəaliyyətindən bəhs edərək nəzərə çatdırıb ki, təlim iştirakçıları ölkəmizə səfər çərçivəsində Azərbaycanla bağlı biliklərini zənginləşdirməklə yanaşı, eyni zamanda yeni peşəkar əlaqələr qurmaq fürsətindən əldə edəcəklər.