Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

Adambaşına 25 manat fitrə bir ailə üçün nə deməkdir…

Hacı Təyyar Hüseynli: “Hesab edirəm ki, bayram günlərində insanların 25 manat həcmində fitrə, zəkat verməli olduğunu iddia edən adamlar bu bayramdan sui-istifadə edənlərdir”

img

“Ailədə 4 nəfər varsa, o ailə 6 manat həcmində fitrə, zəkat verməlidir”

 

Ölkəmizdə yüksək səviyyədə keçirilən müqəddəs Ramazan bayramında hər bir ailə yetim-yesirə, kasıb-kusuba, əlsiz-ayaqsıza, bir sözlə, ehtiyacı olanlara fitrə-zəkat verdi. Ümumiyyətlə, Ramazan bayramının özəlliklərindən biri insanların yardımlaşması, qazancını paylaşmasıdır.

Əlbəttə, hər kəs öz büdcəsinə uyğun olaraq ehtiyacı olanlara fitrə, zəkat verdi. Bayram günlərində sosial şəbəkələrdə bəzi tanınmış din xadimlərinə istinadən məlumatlar yayıldı ki, hər ailə adambaşına 25 manat həcmində fitrə, zəkat verməlidir. Sosial şəbəkələrdə yayılan bu məlumat sözsüz ki, cəmiyyətdə böyük narazılıq yaratdı. Belə çıxdı ki, ailədə 5 nəfər varsa, o ailə 125 manat fitrə, zəkat verməlidir. Ümumiyyətlə, indiyə qədər belə bir tələbin olmadığı məlumdur. Birdən-birə adambaşına 25 manat fitrə, zəkatın verilməsi tələbinin gündəmə gəlməsi böyük ajiotaj yaratdı.  

Hətta bəzi dindarlar bildirdilər ki, adambaşına 25 manat fitrə, zəkatın müəyyən edilməsi məsələsi insanların inancından, Ramazan ayına bağlılığından sui-istifadədir. Dindarlar qeyd etdilər ki, hər bir ailə üzvünə görə 25 manatın müəyyən edilməsi düzgün deyil. Onların bildirdiyinə görə, fitrə, zəkat hər ailə üzvünə görə 1 manat 50 qəpikdir. 25 manat məsələsinə qarşı çıxan dindarların bildirdiyinə görə, hətta ən varlı adam belə 1 manat 50 qəpik həcmində fitrə, zakat verməlidir.

  • “… Ramazanın mahiyyətinə uyğun deyil”

Bu kimi söhbətləri meydana atmaqla bəzi dindarların çaşqınlıq yaratdığını deyən ilahiyyatçı Hacı Təyyar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, insanların inancından sui-istifadə etmək olmaz. “Əvvəlcədən onu deyim ki, fitrə, zəkatın verilməsi məcburi deyil, bu, ixtiyari məsələdir. Yəni heç kəsi məcbur etmək olmaz ki, sən mütləq fitrə, zəkat verməlisən. Ancaq bilirsiniz ki, Ramazan bayramı yardımlaşma, bölüşmə bayramı olduğu üçün, insanlar bir-birinə dayaq olur, dəstək göstərirlər. O ki, qaldı veriləcək fitrə, zəkatın məbləğinə, bu, ölkələrin, cəmiyyətlərin vəziyyətinə görə dəyişir. Yəni hansı ölkədə hansı məhsullara tələbat daha çoxdursa, həmin məhsulun 3 kiloqramının dəyəri qədər fitrə, zəkat verilməlidir. Məsələn, bizdə çörəyə tələbat çoxdur və biz üç kilo unun, yaxud çörəyin qiymətinə uyğun fitrə, zəkat verməliyik. Bu da edir 1 manat, 1 manat 50 qəpik. Əgər ailədə 4 nəfər varsa, o ailə 6 manat həcmində fitrə, zəkat verməlidir. Elə ölkələr var ki, orada xurmanın, yaxud qarabaşaqın və digər məhsulların 1 kiloqramının qiymətinə görə fitrə, zəkat müəyyən edilir. Mən də eşitdim ki, bəziləri camaatın 25 manat həcmində fitrə, zəkat verməli olduğunu deyir. Onlar bunu nəyə əsasən deyirlər, bilmirəm, amma fakt budur ki, dövriyyəyə buraxılan həmin 25 manat söhbəti heç bir tələbə uyğun deyil. Bu yanlış məsələdir. Ümumiyyətlə, fitrə, zəkat məsələsində varlı ilə kasıbın, orta səviyyədə dolanan insanın heç bir fərqli yoxdur. Hamı eyni məbləğdə fitrə, zəkat verməlidir. Kimsə varlıdırsa, o daha artıq pul verməlidir və sair, belə məsələ yoxdur. Hesab edirəm ki, bayram günlərində insanların 25 manat həcmində fitrə, zəkat verməli olduğunu iddia edən adamlar bu bayramdan sui-istifadə edənlərdir. İnsanların inancından, bayrama münasibətindən bu cür istifadə edilməsi doğru deyil. Adambaşına 25 manat pulu yığıb hara, kimə verirlər, burada şəffaflıq nə dərəcədə təmin olunur? Deyə bilmərəm. Onu bilirəm ki, kimlərinsə camaatın adambaşına 25 manat fitrə, zəkat verməli olduğunu tələb kimi irəli sürməsi Ramazanın mahiyyətinə uyğun deyil. Onsuz da imkanı olan xeyirsevər insanlar yardımlaşdılar, ehtiyacı olanları sevindirdilər” – deyə H.T.Hüseynli qeyd etdi.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir