Bazar ertəsi , 14 Oktyabr 2024
Drone Cameras

Yay turizmi üçün ideal məkan – Naxçıvan FOTOREPORTAJ

Qarşıdan isti yay günləri gəlir. Yay aylarının qızmar günlərində zirvəsi qarla örtülən dağlar, dərələrdən şırıl-şırıl axan çaylar, al-əlvan çiçəklərlə bəzənmiş yamyaşıl yamaclar, qoynunda minlərlə növbənöv ağaca, müxtəlif canlılara yer vermiş meşələr. Yay turizmi üçün ideal məkan olan Naxçıvan Muxtar Respublikasına səyahətə gələn hər bir qonaq bütün bunları öz gözləri ilə görə bilər.

boyukmillet.com xəbər verir ki, vaxtilə ərazisinin yalnız 0,6 faizi yaşıllıq olan, bu gün isə artıq 20 faizi yaşıllığa bürünən Naxçıvanın füsunkar təbiətini fərqləndirən əsas xüsusiyyətlərdən biri də onun monoton olmamasıdır. Burada təbiət dəyişkən, canlı, dinamikdir, hər addımda yeni mənzərə ilə qarşılaşırsan. Yaxın məsafədə uca dağları, bir az sonra yamaclara sərilmiş meşələri, kükrəyən dağ çaylarını, yaşıl çəmənləri, qısa müddət sonra düzənlikləri, abadlaşmış elləri-obaları görmək mümkündür.

Yayda insanların kütləvi şəkildə üz tutduqları füsunkar təbiətə malik olan Şahbuz rayonun incisi olan Batabatın meşələrinə, meyvə bağlarının diyarı Ordubadın, barlı-bərəkətli torpaqları, zəhmətkeş, qonaqpərvər insanları ilə seçilən Şərurun yaylalarına yaxınlaşdıqca oksigen dolu təmiz havanın sərinliyi şəhərin 40 dərəcə istisindən yenicə xilas olmuş insanı məst edir. Dağların əzəmətli mənzərəsini tamamlayan yamyaşıl xalının sehrli naxışları bu gözəlliyə biganə qalmayan hər kəsi özünə heyran buraxır.

Alınmaz qala bürcləri kimi yalçın qayaları, yol üstündə qaynayan buz bulaqları, əzəmətli Haçadağı, Xan Arazı, Arpaçayı, insanı valeh edən “Üzən adası”, Zor bulağı, Pəzməri şəlaləsi, Göy gölü muxtar respublikanın təbiət gözəlliyinin simvolları sırasındadır. Bəlkə də buna görə muxtar respublikaya səyahət edən turistlər qədim yurdumuzu təbiət möcüzəsi adlandırırlar. Yaşayış məntəqələri başdan-başa abadlaşan, yolları göz oxşayan bu diyara gələn hər bir qonaq burada gözəl istirahət edir, xoş xatirələrlə geri qayıdır. Dincəlmək üçün xarici ölkələrə deyil, onlardan qat-qat gözəl və daha sərfəli olan ölkəmizin turizm məkanlarına, o cümlədən qədimliyi, müasirliyi və zəngin təbiəti ilə hər kəsi heyran edən Naxçıvana üz tutmağınızı tövsiyə edirik.

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir