Çərşənbə axşamı , 3 Dekabr 2024
Drone Cameras

ADR-in bolşeviklər arasına yerləşdirdiyi AGENT: Gizli Tarix + FOTOLAR

Boyukmillet.com istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Mir Cəfər Bağırovun məhkəməsinə gün işığı tutan dəyərli araşdırmasını dərc edir. Bu tədqiqatın hər kəs üçün maraqlı olacağını düşünürük.

1953-cü ilin iyununda Beriyanın həbsindən sonra şübhəli şəxslərin dairəsi genişlənir. İstintaqçıların diqqət mərkəzinə M.C.Bağırov düşür və buna da əsas səbəb keçmiş çekist İ.K.Əfəndiyevin N.S.Xruşşovun adına yazdığı məktub olur.

PГАСПИ. F. 17. Siy. 171. İş 469. Səh. 104-116.

İ.K.Əfəndiyevin N.S.Xruşşova yazdığı 7 oktyabr 1953-cü il tarixli məktub (ixtisarla)

MK Rəyasət Heyətinin bütün üzvlərinə və Sov.İKP MK katiblərinə göndərmək,

[möhür.] N.Xruşşov

16.Х1.53-cü il.

Surətdən surət

Tamamilə məxfi

Şəxsən

Sov.İKP MK katibi yol. N.S.Xruşşova

Əziz Nikita Sergeyeviç!

Sizin simanızda xalqımızın ağlı-zəkası olan partiyamızın Mərkəzi Komitəsinə aşağıdakı məsələ ilə bağlı müraciət edirəm.

Mən ömrümün gənclik illərindən, Vətənimizin düşmənlərinə qarşı partiyamızın mübarizəsi ilə sıx bağlı olmuşam.

Həyatım sovet kəşfiyyatı ilə bağlı olub və işlədiyim müddətdə mənim hər hansı bir qüsurum olmayıb. Mən sovet kəşfiyyatında heç vaxt yalan danışmamış, sovet hakimiyyətinin düşmənlərinə qarşı uzun illər amansız mübarizə aparmışam.

Azərbaycan sovet kəşfiyyatında elə adam yoxdur ki, mənimki qədər eyni dərəcədə keyfiyyətli və kəmiyyətli “şəxsi işi” olsun.

Sizin simanızda partiyamızın qarşısında and içirəm ki, heç vaxt şəxsi maraqlarım naminə mənim kimisə rüsvay etmək fikrim olmayıb. Dediklərim bu məktuba da aiddir.

Mircəfər Bağırovla əlaqədar sizin vaxtınızı almaq istəməzdim. Əgər Bağırov özü vicdanla, namusla şəxsi, siyasi və s. iç üzünü açsaydı, onda görünərdi ki, o, şanlı təşkilatımıza və bütün Azərbaycan xalqına nə qədər ləkə gətirib. Lakin o, bu etirafı indiki günə qədər etməyib.

Bağırovda nə namus, nə vicdan, nə də düzlük var. O, gözləmə mövqeyindədir, quyruğunu bulayır, özünü quzuya oxşadır. “Səhvlərini” həvəslə boynuna alır, ancaq partiyanı (MK) maraqlandıran əsas məsələlərə yaxın gəlmir.

Bununla bağlı bir tarix maraqlıdır. Azərbaycan KP MK-nın fəallarla birgə keçirilən plenumunda, onu heç kim Beriyanın cinayət əməllərinə görə ittiham etmirdi. Həmin o Bağırov (ola bilsin, profilaktika üçün) adının Beriya ilə əlaqələndirilməsini bütün imkanı daxilində qətiyyətlə, kəskin şəkildə rədd edirdi. Deyirdi ki, guya, “bu faktla bağlı mən də sizin kimi heyrətlənmişəm”.

Burada deyiblər ki, oğrunun papağı yanır! O, bu sadəlövh siyasətlə kimi aldatmaq istəyir?!

Partiya və bütün xalq bilir ki, Beriya ilə Bağırov – siam əkizləridir. Və bir sual yaranır: bunlardan hansı müəllim, hansı şagirddir?

Aşağıda sadalanan bir neçə fakt onu göstərir ki, Bağırov və onun siyasət dostu Beriya məharətlə maskalanıb,inam qazana biliblər; Bağırovda hakimiyyəti Beriya kimi tamamilə ələ keçirmək arzusunda idi, o, Beriya kimi karyera məqsədlərinə çatmaq üçün bu yolda heç nədən, hətta siyasi avantüradan belə çəkinmirdi. Və s…

Beriya və Bağırov – ikisi də eyni dərəcədə bir yuvanın quşudur və bizim partiyamızla onların ümumiyyətlə heç bir yaxınlığı olmayıb.

Faktlara müraciət edək:

1. 1918-ci ildə M.C.Bağırov Quba uyezdrevkomun sədri təyin olunan zaman sovet qoşun hissələri Qubaya yola düşür. Bu qoşun dəstələrinə, səhv etmirəmsə, Qoqoberidze və Lordkipanidze rəhbərlik edirdilər. Mənim bacımın əri Qulam Məmmədov orada xəzinədar işləyirdi. Mən və bacım bir yerdə Qubaya gedirdik. Biz Xaçmaz-Quba yolunu keçən vaxt Əli Bəy Zizinskinin bandası sovet qoşunlarına hücum etdi. Sovet qoşunları bu bandanı dağıdandan sonra isə Qubaya daxil oldu.

Sovet hakimiyyəti qurulandan sonra (28.IV.20-ci il) Bağırov Bakıya gəldi, tezliklə Azərbaycan FK-nın (Fövqalədə Komissiya – A.M.) sədri oldu. Hər halda, onun birinci vəzifəsi (sərt qanunlar dövründə) birbaşa Əli Bəy Zizinskini zərərsizləşdirmək və məsuliyyətə cəlb etmək idi, çünki o, Bağırovla silahlı mübarizəyə girmişdi.

Ancaq bu, baş vermədi. Bağırov Əli Bəy Zizinskini öz himayəsinə götürdü ki, bu da Azərbaycan xalqına çox baha başa gəldi.

Şamaxı uyezd siyasi bürosu (o vaxt FK uyezd orqanları belə adlanırdı) ilə mənim şəxsi əlaqəm vardı, məlumat verdim ki, Əli Bəy Zizinski müntəzəm olaraq Şamaxı şəhərinə gəlir. Orada onun arvadı Ağalarova əksinqilabçı elementlərlə əlaqə qurur və antisovet çıxışlar hazırlayır. Bu məsələdə o, nəinki müsavatçılarla, hətta orada “könüllü qalan” türk əsgərləri və zabitləri (oxu: kəşfiyyatçı) ilə əlbirdir. Şamaxı siyasi bürosunun rəisi yoldaş Krasnı informasiya məsələləri üzrə müvəkkil kimi mənə məlumat verdi ki, bu siqnalı şəxsən Beriyanın iştirakı ilə Bağırova vermişdir. Bağırov isə sənədləri Beriyaya vermiş və demişdi: “Mən onu (yəni Əli Bəy Zizinskini ) tanıyıram, ondan təhlükə gözlənilmir!”.

Ancaq qorxulu və həyəcanlı xəbərlər gəlirdi ki, Kaleybuqurt şeyxlərlə, qolçomaqlarla, “Türkiyə könüllüləri ilə” birgə – onların ideya rəhbərləri Triniç Əhməd adlı birisi olub,- müsavatçılar Qaraqoyunlu üsyanı hazırlayırlar. Bütün fəaliyyət pantürkizm şüarı altında gedirdi. Bu işdə Əli Bəy Zizinskinin təsiri var idi.

Bu informasiyanı qulaqardına vuran Bağırov vəziyyəti o hala catdırmışdı ki, Qaraqoyunlu üsyanı baş verdi.

Bu, təsadüfi ola bilərmi?

2. Məlumdur ki, 1918-ci ildə türk qoşunları Azərbaycanı işğal etdilər, gənc sovet hakimiyyətini boğdular. O vaxt Bağırov, özünün dediyinə görə, Qubadan Həştərxana getmişdi. Həmin vaxt Şükri Paşa Qubaya daxil oldu. Türklərin qərargah rəisi Əhməd Bedin idi. Bir çox antisovet elementləri türklərin və müsavatçıların tərəfinə keçmişdi. Mən və bacım o vaxt Qubada idik. Quba uyezdrevkomun sədr müavini Məhəmməd Mehdini bizim gözümüzün qabağında asdılar. Bunları Əhməd Bedin, Əli Zizinski, Hacı Ağa Şahverdiyev (indi Sov.İKP-nin üzvü və Bağırovun dostudur) etdilər.

Nəhayət ki Azərbaycanda sovet hakimiyyəti quruldu. Bağırov Azərbaycan FK-nın sədri oldu.

Mən və bir sıra kommunistlər Əhməd Bedini tanıyırdıq, o, ÜİK(b)P-nin üzvü və rəhbər işçi Əhməd Triniçə çevrilmişdi.

Mən, Qulam Məmmədov, Bulqeis Məmmədova və başqa yoldaşlar o dəqiqə partiyanın kəşfiyyat xəttilə şəxsən Bağırova xəbər verdik ki, Qubaya daxil olmuş türk qoşunlarının qərargah rəisi olan Əhməd Triniç həmən o Əhməd Bedindir. Bu, o kəsdir ki, bolşevik Məhəmməd Mehdinı asmışdı. Rəsmi informasiyalarla müəyyən edilmişdi ki, bu Əhməd Triniç görkəmli türk kəşfiyyatçısı, antisovet qruplaşmaların təşkilatçısı, pantürkizmin ideoloqudur, o, müsavatçılarla əlbirdir və s. Lakin Bağırov (FK sədri) bunu qulaqardına vuraraq gözə kül üfürür və deyir: “Azərbaycan MK-ya məlumdur ki, Əhməd Triniç partiya tərəfindən düşmən düşərgəsinə iş üçün göndərilmişdir, bu, hamımıza məlumdur”.

Mənim xəttimlə (kəşfiyyat) sərəncam daxil olmuşdur ki, “Triniçin işini qurtarın”.

Ola bilərmi ki bu, təsadüf olsun?

3. Lakin Əhməd Triniç öz əksinqilabi fəaliyyətini davam etdirərək sona çatdırdı. Ali pedaqoji təhsil təşkil etmək adı altında Azərbaycan Pedaqoji İnstitutuna (APİ) Türkiyədən müəllimlər dəvət olundu. Həmin “müəllimlər – elmin və Azərbaycan dilinin bilicisi” kimi qələmə verilirdi.

Azərbaycan sovet kəşfiyyatının xeyir-duası ilə, Bağırovun rəhbərliyi ilə Azərbaycana “mütəxəssis-müəllimlər” gəldilər.

Tezliklə mən (“Ayaz” ləqəbi ilə) yenə xəbər ötürdüm ki, APİ müəllim-mütəxəssis yox, türk kəşfiyyatçıları hazırlayır. Onların hamısı Əhməd Triniçlə bağlı idi, o isə nüfuzunu artırır və hakimiyyətdə yer tutmuş burjua millətçiləri ilə sıx əlaqə saxlayırdı.

“Məni ağzımdan vurdular”. O demək idi ki, bu sənin obyektlərin deyil, “mane olma”.

Lakin bizim əks-kəşfiyyatçılarımız (xaricdəkilər) Moskvaya xəbər verdilər ki, Bakıda əksinqilabçılar APİ-də yuva qurublar; məhz bundan sonra onları SSRİ-dən çıxartdılar.

Ancaq Əhməd Triniçi ifşa etmək üçün (o, əslində Bedin idi) 17 il lazım oldu.

Bəyəm bu da təsadüfdür?

4. Müsavat partiyasının lideri Məmməd Əmin Rəsulzadənin və bu partiyanın katibi Abbasqulu Kazımzadənin həbsində iştirak edən bir insan kimi, bilirdim ki, M.Ə.Rəsulzadə V.İ.Leninin teleqramı əsasında Moskvaya aparılmış və Xalq millətlər komissarlığında saxlanılmışdı. Moskvada qısa müddət işlədiyi zaman o, antisovet ruhunda olan bütün Azərbaycan mühacirlərini geri çağırdı. Onların arasında çoxlu alman, fransız, türk kəşfiyyatının agentləri var idi. Bütün bu elementlər mütəxəssis kimi Azərbaycana göndərilmişdi. Almaniyadan Bakıya İsmayılzadə İbrahim, Atayev Əli Rza, Fransadan Hüseynbəyov Zeyinəm bəy, Mustafayev (adı yadımdan çıxıb), Səlim Əliyev və başqaları gəlmişdilər… Tezliklə onlar mənim “obyektlərim” oldu. Onlardan öyrəndim ki, Məmməd Əmin Rəsulzadə öz siyasi xəttindən əl çəkməyib. Sağ qalan müsavatçılarla – Veysəl Mustafayev, Xəlifəzadə və başqaları ilə o əlaqə yaradır. Məmməd Əmin Rəsulzadə və Abasqulu Kazımzadə Suxumiyə “dincəlməyə gəlmişdilər”. Suxumidən şəxsən xəbər göndərmişdim ki, onların qaçmaq fikirləri var, daha doğrusu, onlar qaçdılar.

Bu xəbəri də qulaqardına vurdular, nəticədə isə sovet hakimiyyətinin qatı düşməni kanonerkada Türkiyəyə qaçmağa müvəffəq oldu, o, indi də orada yaşayır.

Bağırovu nə qədər inandırmağa çalışdılar ki, M.Ə.Rəsulzadənin göndərdiyi “mühacir­ mütəxəssis” əksinqilabi iş aparır, o bunları qulaqardına vururdu. Onların zərərsizləşdirilməsi üçün isə 12 ildən 16 ilə qədər vaxt tələb olundu.

Görəsən, bu da təsadüfdür?

5. Ümumiyyətlə, Bağırovun qəribə antisovet şəxslərlə dostluq əlaqələri müşahidə olunurdu: “Bir cekist kimi, mənə olar”. Lakin 1932-ci ildə belə qüsurlu əlaqələrinə görə onu işdən çıxardılar. Onun dostları isə – zəngin mülkədar Məşədi Əli İsmayılov, “onun həyatını xilas edən” Camal Mirzəyev, quldur Qazan Papax oğlu Məhəmməd (onu MK-nın qərarından sonra məcbur olub güllələdilər) və başqaları yalnız Bağırovun himayəsi ilə sağ qalmışdılar.

Son dərəcədə dəhşətlisi bu idi ki, o, əksinqilabçı dəstə ilə hesablaşmağa tələsmir, cürbəcür yollarla onları qoruyurdu, lakin iş bolşeviklərə çatanda, həddindən artıq diqqətli olurdu.

Türkiyə KP MK üzvü ilə bağlı hadisəni yada salaq, onu bir “xuliqanlıq” hərəkətinə görə (Azərbaycan FK-nın sədr müavini Qorbaçenko ilə pivəxanada şuluqluq salmışdı) günahsız yerə güllələdilər. Bu adam özü ilə Moskvaya iş aparırdı, onda Sovet İttifaqında, xüsusilə Azərbaycanda fəaliyyət göstərən əksinqilabçı şəbəkələri haqqında məlumatlar var idi. Bu qondarma, əldəqayırma şuluqluq işinə “siyası material” donu geydirdilər və o, heç nəyə görə güllələndi. Bu işi də gizlətməyə müvəffəq oldular. Və bu, “yüngül xəsarətlə” nəticələndi. Qorbaçenko 10 il iş aldı, lakin çox çəkmədi ki, o, Bakıya qayıtdı. Bunu necə adlandırmaq olar, yenə təsadüf?

6. Ola bilər, bu da təsadüf olsun ki, Azərbaycanda işdən çıxarılmış, ifşa olunmuş Bağırov Gürcüstana Beriyanın yanına getdi və Beriya da onu xilas etdi, sığınacaq verdi. Bu, Beriyaya göstərdiyi qulluğa görə Bağırovun haqqı idi. Bakı “işlərində” xilasına görə o, Azərbaycan FK-nın sədr müavini vəzifəsində işləyən zamandan Bağırova borclu qalmışdı.

Müsavatın əks-kəşfiyyatı ilə, eləcə də onun vasitəsilə Türkiyənin əks-kəşfiyyatı ilə bağlı olan Beriya Xəzər Hərbi-Dəniz Donanmasında üsyanın qalxmasına müvəffəq oldu. Bir neçə dənizçi dava-dalaş saldığına görə o, camaat qarşısında açıq-açığına həbs edildi (qəsdən belə bir forma düşünülmüşdü). Dənizçilər elə o andaca “repressiyaya məruz qaldılar” və güllələndilər (ola bilərmi ki, Azərbaycan FK sədri bunları bilməsin?). Hərbçilər öz yoldaşlarını tələb edirdilər, ara daha da qızışaraq o dərəcəyə çatmışdı ki, hərbi gəmilər ultimatum verdilər ki, onlar Bakını bombardman etmək istəyirlər. Əksinqilabçılarla əlbir olanların bu işini ifşa etmək üçün partiyamıza nə qədər güc lazım oldu.

Ola bilərmi, Bağırov bunları bilməsin ki, Beriya əks-kəşfiyyatda xidmət edib və bu faktdır ki, o, Azərbaycanda sovet hakimiyyətini devirməyə çalışırdı?

Amma o, bunları bilməmiş deyildi! Lakin o, “təmizlədi”, müdafiə etdi və Beriyanı yola saldı ki, get, qardaşım, alınmadı…

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …