Bazar , 19 May 2024
Drone Cameras

Ağdərəli erməni əsilli Rusiya biznesmeni indi ayılıb – separatçılar 30 il göndərdiyim pulu gizlicə yedilər…

Samir Adıgözəlli: “Bu hadisədən sonra başqa erməni əsilli iş adamlarının da gözləri açılacaq”

Erməni iş adamları vaxtilə Qarabağdakı separatçıları bəsləmək, buradakı ermənilərin rifahını təmin etmək üçün böyük pullar xərclədiklərini indi-indi etiraf edirlər. Özü də buna görə əməlli-başlı peşmançılıq çəkdiklərini, təəssüf etdiklərini gizlətmədən. Uzun illər xaricdəki iş adamlarının Qarabağdakı erməni əhalisinə yardım məqsədilə göndərdiyi külli miqdarda vəsaitin separatçıların başçılarının ciblərinə axıdıldığı üzə çıxıb.

Erməni mətbuatının yazdığına görə, Ağdərə rayonunun Vəng kəndində anadan oldugu deyilən tanınmış moskvalı erməni əsilli iş adamı Levon Ayrapetyan Qarabağın işğalı zamanı çoxsaylı “xeyriyyə” aksiyaları keçirib və əldə edilən vəsaiti separatçılara göndərib Lakin sonradan iş adamına məlum olub ki, göndərdiyi vəsaitin böyük hissəsi separatçi rejimin rəhbərliyi tərəfindən mənimsənilib. Erməni mediası yazır ki, iş adamı separatçıların rəhbəri tərəfindən aldadılıb, onun göndərdiyi vəsait mənimsənilib, Araik və onun dəstəsi erməni iş adamlarını hər cür aldadib, pullarını yeyiblər. Separatçılar diasporun və iş adamlarının pulunu göyə sovurublar. 30 il sonra iş adamı bilib ki, Araik onun pulunu mənimsəyib…

  • “Erməni əsilli iş adamı indi dərk edib ki, 30 il müddətində göndərdiyi pullar Araikin və onun bandit dəstəsinin cibinə axıb”

İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırma Mərkəzinin rəhbəri Samir Adıgözəllinin sözlərinə görə, keçmiş separatçı rejimin rəhbərliyi xaricdəki erməni iş adamlarına qarşı hər cür maxinasiyalar, dələduzluqlar edib. Bunların indi üzə çıxmasının təsadüfi olmadığını deyən S.Adıgözəlli bildirdi ki, Azərbaycan əraziləri işğaldan azad edildikdən və separatçı rejim məhv ediləndən sonra bir sıra qaranlıq məqamlara aydınlıq gəlməyə başladı. S.Adıgözəlli qeyd edir ki, Qarabağdakı separatçıları bəsləyən xaricdəki iş adamları bu gün buna təəssüf edirlər. “Sirr deyil ki, dəmir yumruqla məhv edilən, indi yalnız tör-töküntüləri qalan separatçılar “Dağlıq Qarabağ” adı ilə çox alverlər, çox dilənçiliklər ediblər. Elə Ermənistanda müxtəlif vaxtlarda hakimiyyətdə olanların özü də “Dağlıq Qarabağ” kartından istifadə edərək pullar qazanıblar. 30 il müddətində separatçıların rəhbərləri xaricdəki, xüsusən də Rusiyadakı erməni əsilli iş adamlarından külli miqdarda pul alıblar və o pulu da mənimsəyiblər. Guya xarici iş adamlarından aldıqları pulla Qarabağda “iş görəcəklərmiş”, yaxud “investsiya qoyacaqlarmış”. Araik Arutyunyan erməni əsilli iş adamlarından “Xankəndini bərpa etmək” adı ilə külli miqdarda vəsait alıb və o pulu mənimsəyib. Hazırda ermənilərin yaşadığı Xankəndidə isə bu illər ərzində hər hansı bir tikinti-quruculuq işləri aparılmayıb. Bu işlər aparılsaydı, bu mütləq görsənərdi. Erməni əsilli iş adamı indi dərk edib ki, 30 il müddətində göndərdiyi pullar Araikin və onun bandit dəstəsinin cibinə axıb. Belə olmasaydı, oradakı ermənilərin gün-güzəranı normallaşardı. Bu gün onlar miskin gündə yaşayırlar, orada nə iş yeri, nə dolanışıq var, nə də bir sosial obyekt var. İanələr, bəzi dövlətlərin yardımları olmasa məhv olarlar”.

A.Arutyunyanın əməlləri ifşa edildikcə və ona qarşı ittihamlar genişləndikcə, digər iş adamlarının da səsi çıxacaq: “Hesab edirəm ki, bu hadisədən sonra başqa erməni əsilli iş adamlarının da gözləri açılaca. Çünki separatçı, terrorçu Araik illərdir ki, dünyanın müxtəlif yerlərində yaşayan iş adamlarını aldadıb və onların yardım adı ilə göndərdikləri vəsaitləri mənimsəyib, öz şəraitini düzəltmək üçün istifadə edib. Bunu erməni xalqının da görüb dərk etməsi çox vacibdir. Ümid edirəm ki, erməni xalqı onlara rəhbərlik etmək istəyən separatçıları, terrorçuları, onları qara günə qoyanları mütləq mühakimə edib cəzalandıracaq. Levon Ayrapetyanın ardınca başqa iş adamlarının da Araiki və onun bandit dəstəsini ifşa edəcəyi gözlənilir”-deyə S.Adıgözəlli vurğuladı.

İradə SARIYEVA

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …