Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Al-əlvan xəritələrin qara boyanması – çıxış yolu: konfederasiya

Ötən il internet resurslarında regionumuza, ölkəmizə aid bir video paylaşılmışdı, çox maraqlı idi.

Əslində bu, bildyimiz videokadrlardan deyildi, interaktiv xəritə üzərindəki dinamikanı qrafiki təsvirlərlə əks etdirirdi.

Bu videonu hazırlayan tarxiçilər son iki min ildə regionumuzda baş verən işğalları, ilhaqları, yaranan, süqut edən, dağılan dövlətlərin tarixini cəmi yeddi-səkkiz dəqiqəyə sığdırmışdılar.

Bu baxımdan ömrü 100 ildən çox olmuş hansısa dövlətin yaranması və süqut etməsi həmin qrafiki videoda 4-5 saniyə çəkirdi.

Yadellilərin hücumu xüsusi rənglərlə təsvir olunurdu. Bir də görürdün, şərqdən bir qara rəng böyüyə-böyüyə irəliləyir, önünə keçən bütün əraziləri özünə qata-qata gedə biləcəyi qədər gedir, 5-6 saniyə sabit qalır, sonra kiçilə-kiçilə öz yerinə qayıdır. Daha sonra cənubdan bir göy rəng eynilə böyüyə-böyüyə gəlir, bütün regionu tutur, sonra geri çəkilir. Qırmızı rəng şimaldan gəlir, böyüyür, kiçilir, sarı rəng qərbdən gəlir, eyni şey olur.

Image result for rus imperiyası işğal

Videoda hansı dövlətlərin hansı rəng altında böyüyərək böyük imperiya qurduğu ili ilə, hakimiyyət sürəkliliyi ilə göstərilirdi.
Belə anlaşılırdı ki, son iki min ildə bu regionda onlarla dövlət qurulub, onlarla işğal olayı, müstəmləkəyə, vassala çevrilmə faktı baş verib.

Azərbaycan bir sıra digər qonşuları kimi dəfələrlə əldən-ələ keçib: Çingiz xanın hökmdar zürylətləri gedib, Əmir Teymir gəlib, o gedib, İran şahları gəlib, Nadir şah Əfşar çəkilib, üstümüzə general Paskeviç, Sisianov yeriyib və sair və ilaxır.

Bir də böyük tiranların irimiqyaslı yürüşlərinin arasında 40-50 illik fasilələr olub. Sözügedən videoda həmin dövrdə regionumuzun xəritəsi 5-6 saniyəliyə al-əlvan olurdu. Bu, yaranmış xırda dövlətləri göstərirdi, sonra yenə hansısa böyük dövlət xəritəmizi (başqa sözlə, günümüzü) qaraldır, göyərdirdi.

Ömrü min illiklərlə ölçülən bəşəriyyət tarixi prizmasından yanaşsaq, biz hazırda həmin o al-əlvan saniyələrdə yaşayırıq.
Qonşuluğumuzda böyük dövlətlər var və onlar yüz illərdir ekspansionist siyasət yeridir, yaxın və kiçik qonşularının ərazilərini özününkü hesab edir, məsələyə heç də beynəlxalq hüquq aspektindən yox, “tarixi birgəlik” (əslində: “bu ərazilər keçmişdə bizim müstəmləkəmiz olub”) amilindən yanaşırlar. İran da elədir, Rusiya da. Yenidən güclənsə, Monqolustan, Özbəkistan da elə ola bilər. Çin isə onsuz da bütün dünyaya qarşı yeni növ “sürünən işğalçılıq” siyasəti yeridir.

Image result for çingiz xanın işğal etdiyi ərazilər

Demək, xəritəmizin üzərindəki qara, göy, qırmızı təhlükələr sovuşmayıb. İndilikdə biz bu təhlükəni ona görə hiss etmirik ki, beynəlxalq təşkilatlara, konvensiyalara güvənirik. Ancaq bilmək gərəkdir ki, bu dünyada ən məşhur beynəlxalq təşkilat BMT-dirsə, onun qətnamələri 25 ildən çoxdur bir cırtdan dövləti öz aqressiv siyasətindən çəkindirə bilmir.

Günümüzdə parçalanmaqda olan İraq, Suriya dağılan dövlətlərə, dəyişən xəritələrə başqa bir nümunədir. Elə qardaş Türkiyə də şiddətli bir təzyiqlə parçalanmağa var gücü ilə dirəşməkdədir.

Yəni reallıq budur: min illərdir yeni-yeni dövlətlər yaranır, bəziləri böyüyür, bəziləri kiçilir və bu proses heç vaxt sabit qalmır, daima hərəkətdədir. Bu xüsusda yalnız o dövlətlər başlarını, öz ərazilərini toxunulmaz saxlaya bilirlər ki, onlar güclüdürlər və qısa müddətə zəifləsələr də, öz qüdrətlərini bərpa edə bilirlər.

Məsələn, vaxtilə 3 qitədə dövlət quran Türkiyə 100 il əvvəl süquta uğramaq təhlükəsi qarşısında qalanda özünü toparlaya bildi. Yoxsa onun özünü qəlpə-qəlpə, xəritəsini al-əlvan edəcəkdilər.

Image result for Osmanlı dövlətinin xəritəsi

Kiçik dövlətlərin bu xüsusda yeganə bacardığı şey vaxtında özünə etibarlı müttəfiq tapmaq, yaxşı ittifaqlar qurmaqdır. Elə bir müttəfiq ki, o, 70 ildən sonra onun ərazisini bölüb öz “sadiq müttəfiqi”nə verməsin, bir yadellini gətirib ona canişin, rəhbər təyin etməsin.

Bildiyimiz kimi, 100 il əvvəl bunların hamısı başımıza gəlib. Rusiya tarixi torpaqlarımızı əlimizdən alıb ermənilərə verib. Müasir Ermənistan dövləti bizim əzəli ərazilərimizdə yaranıb. Bir də, təsəvvür edin ki, 100 il əvvəl Azərbaycana düşmən kəsilmiş millətin – ermənilərin üç nümayəndəsi Azərbaycana rəhbərlik edib: Stepan Şaumyan, Levon Mirzoyan, Ruben Rubenov (ümumilikdə 1920-ci ildən 1933-cü ilə qədər ölkəmizə 9 yadelli, qeyri-milli şəxs rəhbərlik edib).

Ona görə də bu gün Azərbaycanın Türkiyə ilə birlikdə konfederasiya qurmasının tərəfdarlarının arqumentləri daha güclüdür. Ya biz dini, dili, mədəniyyəti bir qardaşlarımızla əbədi ittifaqda olacağıq, ya da əvvəl-axır, kimsə tarixi fürsətdən yararlanaraq xəritəmizin rəngini dəyişdirəcək.

Image result for azərbaycan-türkiyə

Konfederasiya isə müstəqilliyi itirmək demək deyil. Vikipediyada onun izahı belədir: 
“Konfederasiya müstəqil qurumlar və təşkilatlar tərəfindən, suverenliklərini mühafizə etmək şərtiylə, ortaq və məhdud mənfəətlərini təmin etmək məqsədilə müəyyən müqavilə ilə qurulan birliklərdir”.

Onu da qeyd edək ki, Azərbaycan-Türkiyə konfederasiyası yaradılmasının ilk təşəbbüskarı media orqanlarında ilk dəfə “Yeni Müsavat” qəzeti irəli sürüb. Sonra “Əhrar” partiyasının sədri Vaqif Hacıbəyli bu təşəbbüsü təxminın 20 il əvvəl hüquqi və siyasi baxımdan əsaslandırmış, müvafiq konsepsiya ilə çıxış etmişdi. Sərdar Cəlaloğlu isə builki prezident seçkiləri kampaniyasındakı debatlarda həmin ideyadan danışıb.

Bu geniş müzakirə ediləsi və ortaq məxrəcə gəlinəsi mövzudur. Müzakirə üçün bir neçə saniyə vaxtımız var.

(Xalid Kazımlı, Musavat.com)

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir