Noyabrın 28-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya “Heydər Əliyev” ordeninin təqdim edilməsi mərasimi olub.
Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Heydər Əliyev” ordeni ilə təltif olunması barədə Sərəncam imzaladığını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, müasir Azərbaycanın banisi olan Ulu Öndərin adını daşıyan “Heydər Əliyev” ordeni ali dövlət mükafatıdır və Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərə görə həm Azərbaycan vətəndaşlarına, həm də xarici ölkə vətəndaşlarına təqdim olunur.
Prezident İlham Əliyev Azərbaycan və Belarus dövlətləri arasında münasibətlərin əsasının qoyulmasında ulu öndər Heydər Əliyev və Aleksandr Lukaşenkonun xidmətlərini məmnunluqla xatırlatdı. Dövlətimizin başçısı İlham Əliyev Prezident Aleksandr Lukaşenkonun müasir Belarus dövlətçiliyinin inkişafında və ölkənin əldə etdiyi nailiyyətlərdə rolunu xüsusi vurğuladı, bu gün Belarusun müasir dinamik inkişaf edən dövlətə çevrildiyini dedi. Məhz buna görə də Belarus xalqının Prezident Aleksandr Lukaşenkonun bu fəaliyyətini yüksək qiymətləndirdiyini bildirdi.
İkitərəfli əlaqələrə toxunan Prezident İlham Əliyev uğurla inkişaf edən bu münasibətlərin qarşılıqlı etimada, hörmətə və dostluq prinsiplərinə söykəndiyini qeyd etdi. Belarus Prezidentinin ölkəmizə bu səfərinin əhəmiyyətindən danışan dövlətimizin başçısı səfər zamanı ikitərəfli münasibətlərə dair səmərəli müzakirələrin aparıldığını bildirdi.
Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi, Belarusun tərəqqisi və Azərbaycan-Belarus münasibətlərinin inkişafı yolundakı fəaliyyətində ona yeni uğurlar arzuladı.
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Aleksandr Lukaşenkoya təqdim etdi.
Azərbaycanın ən ali mükafatı ilə təltif olunduğuna görə dövlətimizin başçısına minnətdarlığını bildirən Aleksandr Lukaşenko Ulu Öndərlə bağlı xatirələrini dərin ehtiramla bölüşdü. Qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri həm onun üçün, həm də Belarus xalqı üçün çox mötəbər insandır. Vurğuladı ki, Ulu Öndər Sovet İttifaqının rəhbərliyində çalışdığı dövrdə ən ədalətli və prinsipial şəxsiyyətlərdən biri kimi tanınırdı.
Aleksandr Lukaşenko dedi ki, Heydər Əliyev şərəfli, cəmiyyətdə mənfi hallarla barışmaz mübarizə aparan bir rəhbər və gənc nəsil üçün bir nümunə idi. Prezidentlik fəaliyyəti dövründə ümummilli lider Heydər Əliyevlə beynəlxalq tədbirlərdə təmaslarının onda dərin təəssürat yaratdığını məmnunluqla xatırlayan Belarus Prezidenti vurğuladı ki, ölkələrimiz arasında bugünkü münasibətlərin yüksək səviyyədə olmasının əsasını məhz Heydər Əliyev qoyub.
Prezident Aleksandr Lukaşenko Belarus xalqının tarixdə bir çox sınaqlarla üzləşdiyini dedi, Böyük Vətən müharibəsindən sonra ölkənin quruculuq işlərində Belarus xalqı ilə birlikdə digər xalqların nümayəndələrinin, o cümlədən azərbaycanlıların fəal iştirak etdiklərini bildirdi. Aleksandr Lukaşenko Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsində Azərbaycan neftinin həlledici əhəmiyyətə malik olduğunu qeyd etdi.
Belarus Prezidenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsinin vacibliyini vurğuladı və münaqişənin həlli istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti yüksək qiymətləndirdi.
Prezident Aleksandr Lukaşenko son illərdə Azərbaycanda bütün sahələrdə çox böyük inkişafın əldə edildiyini və Ulu Öndərin işini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında gedən bu inkişaf prosesinin Azərbaycanın nadir təcrübəsi olduğunu vurğuladı. Belarus Prezidenti neftdən əldə olunan gəlirlərin dövlət başçısının həyata keçirdiyi müdrik siyasət nəticəsində səmərəli və xalqımızın firavanlığı naminə istifadə olunduğunu xüsusi qeyd etdi.
Sonda Aleksandr Lukaşenko Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirdi.