Minsk Qrupunun amerikalı həmsədri, eyni zamanda ABŞ-ın Ermənistandakı səfiri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini “Amerikanın səsi”nin erməni xidmətinə təqdim edib.
Boyukmillet.com Virtualaz.org-a istinadən xəbər verir ki, sənəd sensasion müddəalardan ibarətdir və Ermənistanda şok effekti yaradıb. Çünki sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından söhbət gedir.
“Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər onun statusunu qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi qüvvə daşıyan referendum yolu ilə müəyyən etməlidir. Keçmiş Dağlıq arabağ muxtar vilayətinin ərazisinə, hansı ki, Bakı bu ərazilərə nəzarət etmir, müvəqqəti status verilməlidir, bu status ən azından təhlükəsizliyi və muxtariyyətin qarantiyasını təmin etməlidir”-Riçard Hoqland bildirir.
Amerikalı diplomatın təqdim etdiyi sənədə əsasən Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər (amerikalı həmsədr məhz “işğal edilmiş” termini işlədib.-müəl.) Azərbaycanın nəzarətinə verilməlidir. “Orada Azərbaycanın suverenliyini nəzərə almadan məskunlaşma mümkün deyil. Bu ərazilərdə Azərbaycanın suverenliyi bərpa edilməlidir”-diplomat bildirir.
Riçard Hoqlanda görə münaqişənin nizamlanmasının prinsiplərindən biri də Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. “Bu dəhliz təhlükəsiz hərəkət üçün kifayət qədər geniş olmalıdır. Lakin dəhliz bütün Laçın rayonunu əhatə edə bilməz. Uzunmüddətli nizamla bütün məcburi köçkün və qaçqınların öz yaşayış yerlərinə geri qayıtması hüququnu tanımalıdır”-Riçard Hoqland bildirir.
Amerikalı diplomat daha sonra bildirir ki, nizamlama özündə beynəlxalq təhlükəsizlik təminatını da əks etdirməlidir, bura sülhməramlı missiyanın yeridilməsi də daxildir. Çünki sülhün yaxşı hazırlaşdırılmış və hər iki tərəfin etimadını qazanmış sülhməramlı missiyasız təmin edilməsinin ssenarisi mövcud deyil.
“Amerikanın səsi” Riçard Hoqlandın təqdim etdiyi prinsipləri “Təcili” qrifi ilə yayıb. Olduqca maraqlıdır ki, amerikalı diplomat bu prinsipləri Moskvada Rusiya və Ermənistan prezidentlərinin görüşündən saatlar sonra yaymağı qərara alıb. Hansı ki, Riçard Hoqlandın təqdim etdiyi prinsiplər böyük ölçüdə münaqişənin nizamlanmasına dair Azərbaycanın illərdir israr etdiyi ədalətli həlli tapmağa imkan verə bilər. Çünki bu prinsiplər Azərbaycanın işğal edilmiş ətraf rayonların hamısının üzərində (Laçın rayonunun bir hissəsi çıxılmaqla) suverenliyinin tam bərpasını, Dağlıq Qarabağa isə müvəqqəti aralıq statusun verilməsini və yekun statusun qarşılıqlı anlaşmaya əsaslanan səsvermə ilə müəyyənləşdirilməsini nəzərdə tutur.
Ermənistan Xarici İşlər Nazirliyi Riçard Hoqlandın yaydığı bu sənədi şərh etməkdən imtina edib. Lakin erməni mediasının ilkin reaksiyası belədir ki, Amerikanın bu mövqeyi İrəvana ciddi zərbədir və erməni diplomatiyasının uğursuzluğudur.