Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Ankarada fəaliyyət göstərən liseydə Azərbaycan otağının açılışı olub

Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkənin təhsil müəssisələrində “Azərbaycanı daha yaxından tanıyaq!” devizi altında həyata keçirdiyi layihə əsasında növbəti Azərbaycan otağı Ankara şəhərində fəaliyyət göstərən Məhəmməd Əmin Rəsulzadə adına Anadolu Liseyində qurulub.

Boyukmillet.com xəbər verir ki, 28 May – Azərbaycanın Müstəqillik Günü və Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə liseydə Azərbaycan otağının açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım və liseyin direktoru Taylan Kaya çıxış ediblər.

Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən bəhs edən səfir Rəşad Məmmədov qeyd edib ki, məktəbdə qurulan Azərbaycan otağı qardaşlığımızın və birliyimizin tərənnümüdür.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanın Qarabağ müharibəsində qazandığı tarixi Qələbədən bəhs edərək, əminliklə bildirib ki, xalqlarımız əbədiyyətə qədər qardaşlıq münasibətlərini qoruyacaqlar.

Liseyin direktoru Taylan Kaya qeyd edib ki, məktəbdə qurulan Azərbaycan otağı şagirdlərin Azərbaycanla bağlı biliklərinin, eləcə də ölkəmizə və xalqımıza olan sevgilərinin artmasına təkan verəcək.

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!”, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan çıxışçılar məktəbdə qurulan Azərbaycan otağının əhəmiyyətini yüksək dəyərləndiriblər. Vurğulanıb ki, iki qardaş ölkədə gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi üçün qarşılıqlı olaraq tariximizi dərindən öyrənilməsinə, görkəmli şəxsiyyətlərinin daha yaxından tanınmasına böyük ehtiyac var.

Sonra məktəbdə yaradılan Azərbaycan otağında qurulmuş 12 lövhədə əks olunan materiallar barədə iştirakçılara müfəssəl məlumat verilib.

Xatırladaq ki, səfirlik ilk Azərbaycan otağını Samsun vilayətinin Bafra rayonunun Kolay kənd orta məktəbində qurub və mayın 17-də otağın açılışı olub.

Burada Azərbaycan Xalq Cümhuriyyətinin və qurucularının tarixi fədakarlığı, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, Prezident İlham Əliyevin zəngin mənalı həyat və fəaliyyəti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxistiqamətli fəaliyyəti, xalqımızın qədim mədəniyyəti, həmçinin görkəmli şəxsiyyətləri və s. barədə ətraflı məlumat verilir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Check Also

Vüqar Oruc: “Vətəndaş qiymətləndirmədən narazı olsa, Palataya müraciət edə biləcək”

Azərbaycanda Qiymətləndiricilər Palatasının yaradılması qiymətləndirmə sektorunda qeyri-peşəkar fəaliyyətlərin qarşısını alacaq Boyukmillet.com xəbər verir ki, bu …