Cümə , 22 Noyabr 2024
Drone Cameras

AQC İdarə Heyətinin toplantısı keçirilib – İcra Aparatına rəhbər təyin edilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin iclası keçirilib. Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, toplantıda AQC sədri Vüqar Orucun məruzəsi dinlənilib. Qurumun fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, ötən müddət ərzində “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursu təşkil olunub. Onlarla iştirakçının qatıldığı sertifikasiya imtahanında 6 iştirakçı müvəfəqiyyət qazanıb, 6 qiymətləndiricinin isə sertifikatları yenilənib.

AQC sədri vurğulayıb ki, Türk Dövlətləri Qiymətləndiricilər  Birliyinin Təşkilat Komitəsi fəaliyyətə başlayıb. O qeyd edib ki, bununla bağlı qərar onlayn toplantıda qəbul edilib: “Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması ilə bağlı razılaşma Türkiyə Dəyərləmə Uzmanları Birliyinin başqanı Yaşar Bahçeci, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nərgizə Mirzərəhimova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov tərəfindən əldə olunub. Qeyd edilib ki, Türkmənistan Qiymətləndiricilər Cəmiyyəti tamhüquqlu, Şimali Kipr Türk Cümhuriyyəti Dəyərləmə Uzmanları Birliyinin isə müşahidəçi üzv qismində Türk Dövlətləri Qiymətləndiriciləri Birliyində təmsil olunmaq qərarını elan ediblər”.

Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti və Qiymətləndirmə Palatasının nümayəndəsi Marat Baitokovun və özünün Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin kordinatorları seçildiyini söyləyən V. Oruc yaxın aylarda birliyin təsis yığıncağının keçiriləcəyini diqqətə çatdırıb. Əlavə edib ki, türk dünyası qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin qurulması, birgə fəaliyyət mexanizminin təşviqi, vahid məlumat bazasının yaradılması, təcrübə mübadiləsinin təşkili, habelə türk dünyası dövlətləri arasında inteqrasiyanın təmin olunması istiqamətində fəaliyyət göstərəcək birliyin təsis yığıncağına ciddi hazırlıq gedir.

Vüqar Oruc AQC sədrinin müşaviri Azər Niftiyevi AQC İcra Aparatının rəhbəri təyin etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, İcra Aparatı cəmiyyətin fəaliyyətinin təşkili, hüquqi və analitik-informasiya təminatını həyata keçirəcək. İcra Aparatında 9 üzvün təmsil olunduğunu deyən sədr bunlardan beşinin 5-nin qiymətləndirmə şirkətlərinin rəhbərləri olduğunu bildirib. AQC sədri Vüqar Orucun İcra Aparatının tərkibi ilə bağlı təyinatları İdarə Heyəti tərəfindən yekdilliklə təsdiq edilib. Azər Niftiyev İcra Aparatının rəhbəri, İlham Bağırov, Emil Mahmudov, Nail Həşimov, Elmar Aşurov, Rüfət Əliyev, Aygün Hüseynova, Kəmalə İsmayılova və Ziya Mustafayev İcra Aparatının üzvləri təyin olunub.

Cəmiyyətin gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrin aparıldığı iclasda İdarə Heyəti üzvlərinin məruzələri və təklifləri dinlənilib, AQC-nin beynəlxalq əlaqələrinin inkişafına yönəlik fəaliyyətin artırılması qərara alınıb.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …