Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Qiymətləndiricilərinin IV Konqresi keçirilib.
Konqresdə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) üzv olan 7 ölkənin qiymətləndirmə təşkilatlarının rəhbər şəxsləri, o cümlədən CAATS prezidenti və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti( AQC sədrinin müavinləri İbrahim Quliyev və Nail Həşimov, AQC İcra Aparatının rəhbəri Rüfət Quliyev, AQC sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Əli Haşımlı) iştirak edib. Eyni zamanda qonaq qismində CAATS üzvü olmayan Gürcüstan və Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyi, eləcə də üzvləri tədbirə qatılıb.
Boyukmillet.com xəbər verir ki, konqresdə türk dövlətləri qiymətləndiricilərini maraqlandıran məsələlər, sektorda ortaya çıxan problemlər ətrafında müzakirələr aparılıb, CAATS-a üzv olan dövlətlərin qiymətləndirmə təşkilatlarının rəhbər şəxslərinin çıxışları səsləndirilib. Çıxışlar zamanı müxtəlif qiymətləndirmə istiqamətləri, o cümlədən mineralların və təbii yataqların qiymətləndirilməsi, otellərin qiymətləndirilməsi üzrə maraqlı slaydalar təqdim olunub.

Tədbiri giriş sözü ilə Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzarahimova açaraq konqresin gedişinə uğurlar arzulayıb. Daha sonra AQC sədri Vüqar Oruc çıxış edib.
V.Oruc CAATS-ın yarandığı gündən etibarən atılan addımlar barədə iştirakçılarla fikirlərini bölüşüb, Şuranın fəaliyyəti nəticəsində türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığın dərinləşdiyini vurğulayıb. V.Oruc CAATS-ın Azərbaycanda qeydiyyatdan keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edildiyi diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda qeydiyyatdan keçirildikdən sonra təşkilatın fəaliyyəti yeni inkişaf mərhələsinə qədəm qoyacaq. V.Oruc CAATS-ın gələcək hədəfləri sırasında türk dövlətlərinin vahid sertifikatlaşdırma prosesinin aparılması, ortaq qiymətləndirmə standartlarının yaradılması, Macarıstanın da CAATS-a daxil olması istiqamətində addımların atılacağını xüsusi vurğulayıb. O, eyni zamanda AQC sədri olaraq Azərbaycanda qiymətləndirmə sektorunda baş verən yeniliklər, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun qəbul edilməsi, Azərbaycan Qiymətləndiricilər Palatasının yaradılması ilə bağlı konqres iştirakçılarını məlumatlandırıb.
Konqresdə AQC sədrinin müavini İbrahim Quliyev də çıxış edib. O, öz nitqində Azərbaycanda qiymətləndirmə fəaliyyətinin formalaşması, inkişaf mərhələləri və bu istiqamətdə AQC-nin atdığı addımlardan danışıb. İ.Quliyev 2022-2024-cü illərin AQC-nin təşəbbüsləri ilə Azərbaycanda qiymətləndirmə sektoru üçün hədəfə çatma və institusional inkişaf mərhələsi olduğunu qeyd edib.
Konqres çərçivəsində türk dövlətləri qiymətləndiriciləri arasında qarşılıqlı əlaqələrin inkişafı və CAATS-ın yaradılması istiqamətində müstəsna xidmətlərinə görə, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri N.Mirzəmahmudova tərəfindən CAATS prezidenti, AQC sədri V.Oruca mükafat təqdim olunub. Çıxışlar və mükafatlandırma mərasimindən sonra konqres işini bitmiş hesab edib. Daha sonra Özbəkistan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən konqres iştirakçıları üçün “Qala gecəsi” təşkil olunub.

Bir daha qeyd edək ki, Özbəkistanda keçirilən tədbir türk dövlətləri qiymətləndiricilərinin sayca IV konqresidir. Bundan öncə Türk Dövlətləri Qiymətləndiricilərinin I Konqresi Qazaxıstanda, II Konqresi, Türkiyədə və III Konqresi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanda keçirilib.
