Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Aqil Abbas üsyan etdi-“Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir”

“Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib”

Oktyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib.

Toplantının gündəliyində “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, həmçinin bələdiyyələrin birləşməsi ilə əlaqədar bir sıra qanunlara təklif edilən dəyişikliklər və digər məsələlər daxil olmaqla ümumilikdə 11 məsələ yer alıb.

Deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib ki, Xocalıya köçən ailələrə 1 metr də torpaq icarəyə verilmir:

Qarabağda icarəyə verilən torpaqlarda bir nəfər də qarabağlı iştirak etmir. Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Böyük tikinti-quruculuq işləri gedir, adamın ürəyi açılır. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Bununla ciddi məşğul olmaq lazımdır”.

İclasda həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclis həmçinin bələdiyyələrin büdcələri ilə bağlı dəyişikliyi I oxunuşda təsdiqləyib.

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”“Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, bələdiyyə büdcəsinin xərcləri həmin informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Bu zaman xərclər üzrə ödənişlərin icrasını ödəniş xidməti təchizatçıları (banklar, ödəniş təşkilatları və digər) təmin edəcək.

“Nağdsız hesablaşmalar haqqında” Qanuna əsasən, vergilərin yığımı nağdsız qaydada həyata keçirilir.

Bu müddəa bələdiyyə vergilərinə də şamil olunur.

Qanuna təklif olunan dəyişikliyə əsasən, bələdiyyələrə ödənilən xidmət haqları və digər yığımlar üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunur.

Dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasının elektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız qaydada həyata keçirilməsinə, bununla da şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edəcək.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …