Cümə , 19 Dekabr 2025
Drone Cameras

Araşdırma: Kadırovla əlaqəli çeçen qruplar Almaniyada sərbəst fəaliyyət göstərirlər

Rusiyanın müstəqil The Insider nəşri ilə Almaniyanın Der Spiegel nəşrinin birgə araşdırmasına görə, Çeçenistan rəhbəri Ramzan Kadırova yaxın olan və mütəşəkkil cinayət qrupları ilə əlaqələndirilən çeçen qruplar onilliklər ərzində Hamburqda maneəsiz fəaliyyət göstəriblər. Jurnalistlər qeyd edirlər ki, bu fəaliyyət Almaniyanın müharibəyə qarşı mövqe tutan ruslara viza qaydalarını sərtləşdirdiyi bir dövrdə baş verib.

OC media yazır ki, araşdırmaya əsasən, humanitar əsaslarla Almaniyaya daxil olmuş çeçenlər təkcə öz respublikalarına mütəmadi səfərlərini davam etdirmir, həm də açıq şəkildə Kadırovu tərifləyirlər. Eyni zamanda, onlar Almaniyanın əsas infrastruktur obyektlərinə — ölkənin ən böyük dəniz limanı və iri dəmir yolu qovşaqları da daxil olmaqla — tam və qanuni çıxışı olan logistika və mühafizə şirkətlərini idarə edirlər.

Qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Timur Duqazayev əvvəllər Hamburqda Kadırovun “rəsmi nümayəndəsi” kimi fəaliyyət göstərib. Belə bir vəzifə formal olaraq mövcud olmasa da, Çeçenistan hakimiyyəti bu titulu faktiki olaraq istifadə edir. Duqazayev 2002-ci ildə Almaniyaya qaçqın kimi gəlib, lakin yalnız 2005-ci ildə — Kadırov hakimiyyətə gəldikdən sonra — qaçqın statusu alıb.

Altı il sonra Duqazayev Almaniya vətəndaşlığı əldə edib. Bu isə onun 2014-cü ildən etibarən mütəmadi olaraq Çeçenistana uçmasına və Kadırovun nümayəndəsi kimi fəaliyyət göstərməsinə mane olmayıb. Almaniyada olarkən o, Çeçenistanın baş nazirinin müavini Abuzayd Vismuradovla görüşüb. Vismuradov “Terek” adlı Çeçen SOBR bölməsinə rəhbərlik edib və Çeçenistanda geylərə qarşı işgəncələrin və qətllərin təşkilində iştirakda ittiham olunur.

2020-ci ildə Duqazayev insan hüquqlarının pozulmasına görə Kadırovla birlikdə ABŞ sanksiyalarına məruz qalıb və bundan sonra Çeçenistana qayıdıb. Avropada isə ona qarşı heç bir sanksiya tətbiq olunmayıb.

Həmin ildə Duqazayev Almaniyada Çeçenistanın nümayəndəsi vəzifəsində onu, sələfi kimi “humanitar” əsaslarla Almaniyaya gəlmiş Xuseyn (Sayxan) Aqayev əvəzləyib.

Aqayev də Kadırovla sıx əlaqəlidir. 2017-ci ildə Çeçenistanda keçirilmiş bir toy mərasimindən olan videoda onun respublika başçısını hörmətli qonaq kimi salamladığı görünür. “Qaçqın” statusuna baxmayaraq, Aqayev 2024-cü ildə Qroznıda keçirilən bir qurultayda Çeçenistanın rəsmi dövlət televiziyasında çıxış edib və “Almaniyadakı çeçen diasporunun nümayəndəsi” kimi təqdim olunub. Həmin tədbirdə Aqayev çeçenlərin Kadırovla fəxr etməli olduqlarını bildirib. Uçuş bazalarının məlumatlarına görə, Qroznının Putin prospektində qeydiyyatda olan Aqayev və oğlu Səlam hər il Çeçenistana səfər edirlər.

Aqayev 2012-ci ildə təsis edilmiş və birbaşa Hamburq limanında fəaliyyət göstərən RIM-Group adlı logistika və mühafizə şirkətinə rəhbərlik edir. Bundan əlavə, onun ətrafı — o cümlədən mütəmadi olaraq Rusiyaya uçan biznes ortağı Əli İtayev — Almaniya üzrə fəaliyyət göstərən digər logistika şirkətləri ilə, məsələn, anbar logistikasında çalışan ”International Logistics and DIS Personaldienstleistung GmbH” ilə əlaqəlidir.

Eyni zamanda, Almaniya kəşfiyyat xidmətləri tez-tez ikili vətəndaşlığa malik agentlərin enerji obyektləri, hərbi texnikanın daşınması və dəmir yolu qatarlarının hərəkəti barədə məlumat topladıqlarını qeydə alıb. Məsələn, 2025-ci ilin oktyabrında Münhen Ali Regional Məhkəməsi üç nəfəri casusluq və diversiya aktlarının hazırlanmasına görə məhkum edib. Bundan əlavə, Almaniya hüquq-mühafizə orqanları hələ 2019-cu ildə çeçen mafiyasının təhlükəsizlik qurumlarına məxsus məxfi məlumatlara çıxış əldə etməyə çalışdığına diqqət çəkib. İndi isə məlum olub ki, bu cür məlumatlara çıxış üçün nə adam cəlb etməyə, nə də “boz sxemlərdən” istifadə etməyə ehtiyac var — Kadırovla əlaqəli şəxslər bu məlumatlara tamamilə qanuni şəkildə çıxış əldə edirlər.

The Insider həmçinin bildirir ki, Aqayevin çevrəsinə daxil olan bir qrup çeçen özlərini Rejim-95 (95 — Çeçenistanın regional kodudur) adlı MMA döyüşçüləri klubuna aid edirlər. Bu qrupun üzvləri tez-tez Al Kapone portretləri fonunda şəkil çəkdirir və paylaşımlarını “bratva” (“qardaşlıq”) həştəqi ilə müşayiət edirlər.

Alman polisi mənbələri izah ediblər ki, çeçen MMA klublarının döyüşçüləri tez-tez mühafizə strukturlarında çalışır və cinayət bizneslərinin “qorunmasında” iştirak edirlər. Onların yüksək təşkilatlanması və zorakılığa hazırlığı çeçen diasporu nümayəndələrini Almaniyanın cinayət aləmində xüsusilə nəzərəçarpan edir. Almaniyanın Federal Kriminal Polisi əvvəllər Rejim-95-i mütəşəkkil cinayətkarlıqla əlaqəli kimi təsvir edib.

Alman hüquq-mühafizə orqanlarını narahat edən əsas məqamlardan biri də Xuseyn və Səlim Aqayevlərin özlərinin cinayət işlərində hallanmasıdır. 2025-ci ilin may ayının əvvəlində Şlezviq-Holşteyn əyalətində Aqayevlərin vəkil ofisində on minlərlə avro borc üstündə biznes ortaqlarını döydükləri və pulu verməyə məcbur etdikləri iddia olunur. Almaniya hakimiyyəti Xuseyn Aqayevlə bağlı ağır quldurluq və mütəşəkkil cinayət fəaliyyəti çərçivəsində oğurlanmış malların alqı-satqısı da daxil olmaqla bir neçə digər istintaq da aparır.

Jurnalistlər belə nəticəyə gəliblər ki, “sağçı populist partiyaların populyarlığının artdığı və miqrasiya əleyhinə əhval-ruhiyyənin gücləndiyi bir şəraitdə, Aqayev və onun komandasının davranışı Almaniyada ümumilikdə çeçen qaçqın və miqrantların vəziyyətini daha da çətinləşdirə bilər. Onsuz da onlar islam fundamentalizmi ilə əlaqə şübhələri səbəbindən tez-tez deportasiya ilə üzləşirlər. Almaniyanın infrastruktur obyektlərində Rusiya tərəfindən həyata keçirilən diversiya hallarının artması isə bu cür şübhələr üçün kifayət qədər əsas yaradır”.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Check Also

ABŞ Prezidenti 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb

ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün rekord məbləğdə – 901 milyard dollarlıq müdafiə …