Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və “Azərbaycan-Macarıstan Məzunları” İctimai Birliyinin (AHAU) birgə təşkilatçılığı ilə 2 Fevral Gənclər Gününə həsr olunmuş Macarıstanın Budapeşt şəhərində Regional Forum, ABŞ-ın Nyu-York şəhərində azərbaycanlı gənclərin BMT Baş Qərargahına infoturu, Polşanın Poznan, Varşava və Vrotslav şəhərlərində intellektual oyunlar, Niderlandın Haaqa şəhərində və Avstriyanın paytaxtı Vyana şəhərində gənclərlə görüşlər keçirilib.
Macarıstanın Budapeşt şəhərində keçirilən Regional Forumda Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, ASAP-ın icraçı direktoru Rafael Hacıbəyli, AHAU-nun sədri Mirgünay Bayramova, Qazaxıstan və Qırğızıstanın Macarıstandakı səfirləri, eyni zamanda, həmin regiona yaxın olan ölkələrin ASAP nümayəndələri iştirak ediblər.
Forumda bildirilib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Gənclər Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, gənclər sahəsində də Azərbaycan bir çox ölkələri qabaqlayıb.
Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələni yaşayır. Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda yetişməsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olan gənclərin problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.
Qeyd edək ki, Gənclər Gününə həsr olunmuş Regional Forumun keçirilməsində əsas məqsəd xarici ölkələrdə yaşayan azərbaycanlı tələbə və məzunları bir araya gətirərək, ölkələr üzrə ASAP-ın illik fəaliyyət planının hazırlanması məqsədi daşıyır.
Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan Respublikasının Avstriyadakı səfiri Rövşən Sadıqbəylinin iştirakı ilə görüş keçirilib. Görüşdə səfir Rövşən Sadıqbəyli Azərbaycanda dövlət tərəfindən həyata keçirilən gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, Azərbaycan gəncliyinin qarşısında duran vəzifələrdən danışıb. Görüşdə həmçinin, ASAP-ın Avstriya üzrə yeni yaradılacaq nümayəndəliyinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.
ABŞ-ın Nyu-York şəhərində BMT Baş Qərargahına infoturda azərbaycanlı gənclər bu ölkədə olan ASAP nümayəndələri tərəfindən bir araya gətirilərək BMT-nin baş qərargahının iş fəaliyyəti ilə tanış olublar. Şəbəkələşmə tədbiri zamanı ASAP-ın ABŞ-da 2023-cü il ərzində keçiriləcək tədbirlərin təşkili və nümayəndəliyin formalaşdırılması müzakirə olunub.
2 Fevral Gənclər Gününə həsr olunmuş Polşanın Poznan, Varşava və Vrotslav şəhərlərində keçirilən intellektual oyunlar gənclər tərəfindən maraqla qarşılanıb. ASAP-ın intellektual oyunlar layihəsi gənclər arasında təşkilat barəsində məlumatlılığı artırır, gənclərin inkişafı və əlaqələrinin güclənməsinə, eyni zamanda komanda işinin stimullaşdırılmasına öz töhfəsini verir.
Niderlandın Haaqa şəhərində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi ilə birgə gənclərlə dəyirmi masa arxasında görüş keçirilib. 2 Fevral Gənclər Günü münasibətilə keçirilən görüşdə gənclər il ərzində göstərdikləri fəaliyyət və gələcək prioritetlərlə bağlı müzakirələr aparıblar.