Bazar , 19 May 2024
Drone Cameras

Asiya İnkişaf Bankı Azərbaycan bank bazarına “Bank Respublika” ilə qayıtdı!

Uzun fasilədən sonra daha bir nüfuzlu beynəlxalq maliyyə təşkilatı Azərbaycanın bank bazarına qayıdıb! Azərbaycanda real sektoru dəstəkləyən ölkənin aparıcı banklarından biri “Bank Respublika” ASC və Asiya İnkişaf Bankı (ADB) arasında kredit sazişi imzalanıb. Sazişə əsasən Banka 20 milyon ABŞ dolları ekvivalentində milli valyutada iri kredit ayrılacaq.

Cəlb edilən vəsait həm Bank, həm də ölkə iqtisadiyyatı üçün prioritet sahə olan real sektora kredit dəstəyinin gücləndirilməsinə, xüsusilə mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsinə, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsinə imkan verəcək. “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində cəlb olunmuş vəsait vəsait Azərbaycanın bütün regionlarında fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə şərait yaradacaq.

“Biz, ADB-nin uzun fasilədən sonra Azərbaycanın bank bazarına məhz “Bank Respublika” ilə qayıtmasını yüksək qiymətləndiririk. Bu sazişin imzalanması beynəlxalq maliyyə institutlarının həm ölkədə bank sisteminin sabitliyinə, həm də “Bank Respublika”nın etibarlılığına inamının daha bir mühüm göstəricisidir. AİB kimi aparıcı beynəlxalq maliyyə təşkilatları ilə tərəfdaşlıq bizə real sektoru daha sərfəli şərtlərlə dəstəkləmək imkanı verəcək və bununla da ölkədə sahibkarlığın inkişafına töhfə verəcək”- deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

“Kiçik və orta sahibkarlıq Azərbaycanda gəlirlərin artırılması və iş yerlərinin yaradılması üçün mühüm əhəmiyyət kəsb edir, çünki onlar əmək qabiliyyətli əhalinin üçdə ikisindən çoxunu işlə təmin edir, həmçinin kənd təsərrüfatı sektorunda qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin demək olar ki, 40 %-i qadınlara məxsusdur. “Bank Respublika” ADB-nin çoxdankı, etibarlı tərəfdaşıdır və onun işi ADB-nin ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq, kənd təsərrüfatını gücləndirmək və qadınların maliyyə, təlim və bazarlara çıxışına kömək etmək məqsədləri ilə uzlaşır. Biz “Bank Respublika” ilə əməkdaşlığımızdan məmnunuq və gələcək əməkdaşlığımızı səbirsizliklə gözləyirik”, – deyə ADB-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Candice McDeigan bildirib.

“Bank Respublika”nın regionlarda əhəmiyyətli iştirakı, kiçik və orta biznesə diqqət yetirməsi və kənd təsərrüfatı sektorunda qadın sahibkarlar və müştərilərin maliyyəyə çıxışını təşviq etmək öhdəliyinə görə güclü və dəyərli tərəfdaşımızdır. Bu saziş bizim regional təcrübəmizə, xüsusən də maliyyə bazarlarını gücləndirmək üçün yerli valyutalardan istifadənin üstünlüyünə əsaslanır”, – ADB-nin Özəl Sektor Əməliyyatları Departamentinin baş direktoru Suzanne Gaboury bildirib.

“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumlarından biri olan “Sparkassen International Development Trust” (“Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə – “Sabit” proqnozlu “B2” reytinqinə (“Moody’s”) malikdir.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebookinstagramlinkedintelegram səhifələrində və yaxud Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Check Also

Dövlət Dəniz və Liman Agentliyi auditor seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2023-cü il üzrə maliyyə …