Cümə , 30 Yanvar 2026
Drone Cameras

AŞPA-nın qış sessiyası Azərbaycanın iştirakı olmadan başlayıb

Azərbaycan parlamenti 2026-cı il üçün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasına nümayəndə heyəti göndərməyib və sessiyada iştirak etmir.

Bu barədə məlumat AŞPA-nın rəsmi saytında yer alıb.

2024-cü ildən etibarən Azərbaycan Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququndan məhrum edilib. Bunun səbəbi kimi ölkənin insan hüquqları sahəsində öhdəliklərini yerinə yetirməməsi göstərilib. Azərbaycan hakimiyyəti isə bu qərara cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb və həmin müzakirələrdə qərara səs vermiş deputatların ölkəyə girişini məhdudlaşdırıb. Rəsmi şəxslər bəyan ediblər ki, nümayəndə heyətinin mandatı bərpa olunduqdan sonra əməkdaşlığa hazırdırlar.

Prezident İlham Əliyev bu həftə “Euronews” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan uzun illərdir AŞPA və Avropa Parlamenti ilə birbaşa əməkdaşlıq etmir, amma Avropa Komissiyası ilə əlaqələr davam etdirilir.

Qış sessiyasının ilk günündə diqqət çəkən əsas məqamlardan biri Assambleyanın Rusiya ilə bağlı yeni dialoq mexanizmlərinə dair qərarları olub. Bildirilir ki, AŞPA Rusiyadan olan demokratik və müxalif qüvvələrlə əlaqələrin davam etdirilməsi üçün ayrıca platformanın fəaliyyətini təsdiqləyib. Bu platforma avropalı parlament üzvləri ilə dialoq aparacaq.

Platformanın tərkibinə 10 nəfər salınıb. Vəkil, Dövlət Dumasının keçmiş deputatı Mark Feyqin, müxalifət siyasətçiləri Vladimir Kara-Murza və Mixail Xodorkovski, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov, “Memorial” hüquq müdafiə mərkəzinin həmsədri Oleq Orlov, Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) keçmiş əməkdaşı Lyubov Sobol platformada yer alıb. Platformaya Rusiyanın yerli xalqlarını təmsil edən beş nəfər də daxil edilib. Quruma AŞPA prezidenti Teodoros Rusopulos rəhbərlik edəcək. Almaniya, İspaniya, Macarıstan, Rumıniya və Kiprdən təmsilçilər strukturun işinə qatılacaq. AŞPA 2025-ci ilin oktyabrın əvvəlində Rusiya demokratik qüvvələri ilə dialoq üçün platformanın yaradılması haqqında qətnamə qəbul edib. Qətnamədə deyilir ki, AŞPA Rusiya müxalif və vətəndaş təşəbbüsləri ilə təmasları “pərakəndə formatlardan strukturlaşdırılmış dialoqa” keçirir.

Yeri gəlmişkən, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib. 

AŞPA-nın qış sessiyası 26–30 yanvar tarixlərini əhatə edir. Xarici mətbuat sessiyanın növbəti günlərində də siyasi baxımdan həssas müzakirələrin və qətnamə layihələrinin gündəmə gələcəyini yazır.

Check Also

Hindistanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları açıqlanıb

Hindistanın Azərbaycan iqtisadiyyatına xarici birbaşa investisiyaları (BXİ) 2016-cı ildən 2025-ci ilin birinci yarısının sonuna qədər 480 milyon dollardan 1,26 milyard ABŞ …