Lüksemburqda ATƏT PA-nın 28-ci illik sessiyası çərçivəsində Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan üçün xüsusi əhəmiyyətli, olduqca vacib məsələ müzakirə edilib. Belə ki, irlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunub.
Bu məruzədən sonra təklif olunmuş Yekun Qətnaməyə düzəlişlərlə bağlı kəskin debatlar olub. Erməni tərəfi bütün gücünü, lobbi fəaliyyətini işə salaraq Yekun Qətnaməyə düzəlişlərdə öz variantlarının keçməsinə çalışıb. Aydın məsələdir ki, Azərbaycan nümayəndə heyəti beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, diplomatik ustalıqla, ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan məqamları müdafiə edə bilib. Komitənin məruzəçisi, irlandiyalı deputat Alan Farrellin hazırladığı Hesabat və Qətnamədə Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT regionunda davam edən digər münaqişələrin həlli prosesi haqqında vacib müddəalar yer alıb. Hesabatda Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də Gürcüstan, Ukrayna və Moldovada davam edən münaqişələrin həllinin hələ də tapılmaması ilə bağlı narahatlıq bildirilib, eləcə də onların həllinin hüquqi bazasını təşkil edən sənədlərin siyahısı öz əksini tapıb. Azərbaycanın ərazisində davam edən münaqişəyə dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri (1993), BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 saylı Qətnaməsi, həmçinin, ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyasının 2005-ci ildə hazırladığı hesabatı və ATƏT PA-nın 2015-ci il Helsinki illik sessiyasında Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, qurumun vitse-prezidenti Azay Quliyevin müəllifi olduğu “ATƏT ərazisində dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə bağlılıq” haqqında qətnaməsi göstərilib. Bundan əlavə, Hesabatda qeyd edilib ki, “ATƏT PA qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində münaqişə tərəfləri arasında işlərin görülməsini, xüsusən humanitar sahədə addımların atılmasını və onların siyasi proseslərlə uzlaşdırılmasını, məsələn, 1949-cu il tarixli Cenevrə konvensiyalarının müvafiq bəndləri ilə götürülməsi qadağan olunmuş əsir və girovların “hamının hamıya” prinsipi əsasında mübadiləsini dəstəkləyir”. Cari ilin iyun ayında Ermənistan və Azərbaycan arasında baş vermiş girovların mübadiləsi fonunda bu məqam da xüsusilə aktual xarakter alır. Ərazisi 3 dəfə, əhalisi isə Dağlıq Qarabağdan təxminən 7 dəfə çox olan 7 ətraf rayonun bu sənəddə sadalanmasının əhəmiyyəti xalqımız və dövlətimiz üçün şübhə yaratmır. Bu müddəaları Assambleyanın sənədlərinə daxil etməklə ölkəmiz tarixi ədalətin bərqərar olunmasına bir addım da yaxınlaşmış olur, bu da beynəlxalq ictimaiyyətin erməni təbliğatının təsirindən “müdafiə” olunmasına öz töhfəsini verəcək.
Ermənistan KİV-i isə iddia edir ki, onlar Azərbaycan tərəfinin irəli sürdüyü bir sıra düzəlişlərin Yekun Qətnaməyə düşməsinin qarşısını ala biliblər. Onlar iddia edirlər ki, xüsusilə də “ətraf 7 rayon” ifadəsinin yekun sənəddə qeyd edilməməsinə nail olublar. Həmçinin, sevinclə qeyd edirlər ki, münaqişənin həllinin Minsk Qrupu çərçivəsində həlli sənəddə qeyd edilib. Bu xüsusda üç əsas prinsipin rəhbər götürüldüyünü bildirirlər. Əslində isə ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllində maraqlı olmayan ermənilərin özüdür. Onda isə yaratdıqları bu ajiotajın səbəbi nə ilə bağlıdır?
ATƏT PA-nın nümayəndə heyətinin sədr müavini, Milli Məclisin deputatı Tahir Mirkişili “Bakı-Xəbər”in sorğusuna cavabında bildirdi ki, ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyası “Təhlükəsizliyin təmin olunması üçün dayanıqlı inkişafın gücləndirilməsi: Parlamentlərin rolu” mövzusuna həsr olunub: “ Müzakirələrdə müxtəlif məsələlərə toxunulsa da, əsas müzakirələrin Siyasi İşlər və Təhlükəsizlik Komitəsində gedəcəyini hər kəs əvvəlcədən bilirdi. Çünki məhz bu komitənin hazırladığı qətnamə layihəsində regionda münaqişələrin həlli üçün tamamilə yeni yanaşmalar əksini tapmışdı. ATƏT Parlament Assambleyasının bütün sənədlərində mövcud münaqişələrin dayanıqlı inkişaf və insan hüquqlarının təminatı üçün əsas maneə olması xüsusilə vurğulanırdı. Belə münaqişələrdən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi göstərilirdi. Ermənistanın diplomatik xidmətinin əvvəlcədən müxtəlif ölkələrlə apardığı aktiv danışıqlara və Ermənistan nümayəndə heyətinin ATƏT Parlament Assambleyasında etdiyi çoxsaylı çıxış və görüşlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin, xüsusilə ATƏT PA-nın vitse-prezidenti Azay Quliyevin aktiv səyi nəticəsində siyasi komitənin qətnamə layihəsində konfliktlərin həlli üçün yeni yanaşma öz əksini tapdı.
Nə idi bu yeni yanaşma:
1. ATƏT və digər beynəlxalq təşkilatların ənənəvi yanaşmasından fəqrli olaraq, ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində olan konfliktlərə eyni yanaşmanın tətbiq olunmasının vacibliyi sənəddə öz əksini tapdı. İndiyə qədər müxtəlif ölkə və təşkilatlar xüsusilə Dağlıq Qarabağ münaqişəsini digər münaqişələrdən ayırmaq və xüsusi yanaşma tətbiq etmək çağırışları edir və bu mövqedən çıxış edirdilər. Həttə Ermənistan nümayəndə heyəti də sənədə dəyişiklik edilərək, Azərbaycanın adının bu siyahıdan çıxarılmasını, amma Ukrayna, Gürcüstan və Moldovanın adının saxlanmasını təklif etmişdi. Bütün bu səylərə baxmayaraq, konfliktlərə bu cür vahid yanaşmanın sənəddə öz əksini tapması mühüm hadisə oldu. Ermənistanın Azərbaycanın adının siyahıdan çıxarılmasını təklif etdiyi dəyişiklik 41 əleyhinə, 6 lehinə olmaqla böyük səs çoxluğu ilə rədd edildi.
2. Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazilərində olan münaqişələrin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipi əsasında həlli üçün nəticə yönümlü danışıqların aparılmasına çağırış öz əksini tapdı. Bu isə Ermənistanın öz müqəddəratını təyin etmə prinsipindən sui-istifadə etməsinin qarşısını alır.
3. Sənəddə razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yolverilməz olduğu birmənalı qeyd olunur. Bu da Ermənistanın son bir ildə qondarma və separatçı Dağlıq Qarabağ rejiminin danışıqlar masasına gətirilməsi cəhdinin bir daha iflasa uğraması deməkdir.
4. Sənəddə münaqişə ərazisi kimi yalnız Azərbaycanın göstərilməsi Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonların Azərbaycan ərazisi olduğunu bir daha təsdiq edir.
5. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamədən sonra ATƏT PA-nın Azərbaycanda olan münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll olunmasının vacibliyini rəsmən qeyd etməsi və bu müddəaların bir daha təzələnməsinin siyasi təsiri və gücü xüsusilə qeyd olunmalıdır.
6. Bu qətnamə ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsiplərinə uyğun – güc tətbiq etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə hüququ əsasında həll olunma prisiplərinə bir daha aydınlıq gətirdi, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həllinə rəsmi dəstək verdi.
7. Bu maddənin qəbulu Azərbaycan diplomatiyasına beynəlxalq müstəvidə münaqişə ilə bağlı müzakirə aparılan və müvafiq sənəd qəbul olunan zaman haqlı mövqeyimizi qorumaq və müdafiə etmək üçün daha bir sanballı və ciddi hüquqi və siyasi əsas yaratmış oldu.
Bu qətnamə ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin hazırladığı və qəbul etdiyi sənəd olduğundan, onun çox böyük siyasi əhəmiyyəti var.
Xatırladım ki, ATƏT Parlament Assambleyasının Prosedur Qaydalarının 7-ci hissəsinin 42-ci qaydasına görə, qəbul olunmuş bu mühüm sənəd ATƏT-in Nazirlər Şurasına təqdim edilir və eyni yanaşmadan danışıqlarda istifadə üçün tövsiyə edilir. Bu baxımdan qəbul edilmiş qətnamə layihəsinin Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində həlli üçün yeni diplomatik nailiyyətdir.
Dağlıq Qarabağ və işğal olunmuş rayonların ATƏT Parlament Assambleyası iclaslarında intensiv müzakirəsi həm də üzv ölkələrin nümayəndə heyətlərinin Azərbaycan həqiqətlərini daha çox qəbul etmələrinə səbəb oldu”.
Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alsaq, əminliklə deyə bilərik ki, Assambleyanın 28-ci illik sessiyasında qəbul olunmuş bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyin göstərilməsini öz üzərinə götürən ATƏT və onun Parlament Assambleyasının Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə tam olaraq sadiq qalmasının göstəricisidir. Sadəcə, ənənəvi hal kimi erməni tərəfi sənədi öz xeyrinə manipulyasiya etmək istəyir. Beləliklə, ATƏT regionuna daxil olan ölkələrin ali səviyyədə təhlil etdiyi və xarici siyasətinin istiqamətlərinin müəyyən edilməsində nəzərə alındığı bu cür sənədlərdə dövlətimizi artıq 30 ildən çoxdur narahat edən əsas məsələyə, xalqımızın milyona yaxın nümayəndəsinə və ölkəmizin büdcəsinə milyardlarla zərər vuran münaqişəyə dair bu cür prinsipial əhəmiyyətə malik olan müddəaların daxil edilməsi Azərbaycan diplomatiyasının növbəti uğuru kimi nəzərdən keçirilməlidir.
Məhəmmədəli QƏRİBLİ