Bazar , 1 Dekabr 2024
Drone Cameras

“Atası Şükriyyəni şairə vermədi”- Əhməd Cavad haqqında xatirələr

Bir neçə gün öncə böyük Azərbaycan şairi Əhməd Cavadın 125-ci ildönümü oldu. Təəssüflər olsun ki, böyük istiqlal şairi, himnimizin sözlərinin müəllifi, hətta faciəvi ölümü ilə də ağrı-acılı bir “əsərə” müəllliflik edən Əhməd Cavad mediada o qədər də xatırlanmadı. 
 
Qarşıdan Əhməd Cavadın ruhla-qanla bağlı olduğu Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü gəlir. Demək, hələ də gecikməmişik. Çünki Cümhuriyyətin yaranması Əhməd Cavad və Əhməd Cavad kimilərin yenidən doğuluşu oldu. 
 
Moderator.az bu məntiqdən çıxış edərək, böyük şair haqqında yazılara davam edirik:
Bu yazıda Əhməd Cavad haqqında xatirələr və həmin xatirələrin yayıldığı mənbələrə müraciət edəcəyik. Elə isə başladıq:
 
Əhməd Cavadın Birinci Dünya müharibəsi illərində yazdığı şeirlər, məqalələr dildən-dilə gəzirdi. Vətən nisgili, yurd sevgisini çiyinlərində daşıyan bu şeirlər dövrünün demək olar, bütün qəzet və jurnallarında çap olunurdu. Şairin 1916-cı ildə “Cəmiyyeti-Xeyriyyə” tərəfindən “Qoşma “ adlı şeirlər kitabı nəşr olunur. Bütün türk dünyasının sevinc və iztirabını əks etdirən bu şeirlər Qafazdakı türk əsirlər arasında daha çox sevilir. Maariçi alim və araşdırmaçı, əhmçinin, Cümhuriyyət dövründə Əks Kəşfiyyat İdarəsinin rəisi olan  Nağı Şeyxzamanlı xatirələrində yazır: ”Gəncədəki türk əsgərlərini mütəmadi olaraq ziyarət edirdik. Onlara müxtəlif dərgilər , eyni zamanda Rəsulzadənin nəşr etdirdiyi “Açıq söz” qəzetəsini aparardıq. Onların incidilməsinə qətiyyən imkan verməzdik və bütün ziyalılar da bunun üçün çalışardı. Amma əsirlərin ən çox sevdiyi tək kişi Əhməd Cavad idi.”
 
Əhməd Cavadın şeirləri tək türk əsirlər arasında deyil Türkiyənin özündə də sevilirdi. Türçülüyün atası sayılan Ziya Göyalp “Yeni-Məcmuə”də yazır- “Ruslarda savaşdığımız zamanda Qafqazda nəşr olunmuş bir şeir kitabı əlimizə keçdi. Kitabın adı “Qoşma” müəllifi isə Əhməd Cavad adında bir türk idi. Bu millətpərvər şairin bütün şeirləri millətə, türklüyə, vətənə və orduya ithaf edilmişdir. Biz o şeirləri birər-birər öz məcmuəmizdə yayımlayacayıq. “
 
Hüseyin Baykaranın “Azərbaycan istiqlal hərakatı” əsərindən:-“1912-13-cü illərdə Azərbaycanda türk ordusu üçün ianə toplanır.  Bir çox gənc türk ordusunda vuruşmaq üçün İstanbulda qurulan  “Qafqaz Könüllüləri Birliyinə”  yazılırlar.  1912-ci ildə 20 yaşlı, təhsilini də tam başa vurmamış Əhməd Cavad da onların arasında idi.”
 
 
 Vaxt keçəcəkdi və bir gün, yəni, 1937-ci ildə Əhməd Cavad onu istintaq edən müstəntiqin suallarına bu cür cavab verəcəkdi: ”Bəli, mən 1912-ci ildə Türkiyədə oldum. Buna səbəb Balkan savaşalarında türk ordusuna kömək etmək idi. Mən ora Batumidə pasport alış-verişi ilə məşğul olan bir nəfərdən İran pasportu alaraq getdim. Mənimlə birlikdə İdris Axundzadə və İsa Əlizadə də oraya gəldilər.  Biz hamımız könüllü  qrupa qəbul olunduq və onun tərkinində Bolqarlara qarşı vuruşduq. Mən 1913-cü ilin son baharında savaş bitəndən sonra geri döndüm.”
 
Image result for Əhməd Cavad
 
Böyük sevginin tarixçəsi
 
Şairin həyat yoldaşı Şükriyyə xanım  Əhməd Cavad şəxsiyyətinin daha bir parlaq tərəfi idi. Əhməd Cavadla yaxın dostluq münasibətində olmuş, dövrünün el ziyalısı sayılan Paşa Hüseynovun bir zamanlar mətbuatda çap olunan  xatirələrindən oxuyuruq:” “1908-1912-ci illər idi. Əhməd Cavadla qonşu idik. Kirayədə qalırdı. Sənət məktəbində oxuyurdu. Taytuş idik. Sözümüz-söhbətimiz tuturdu. Bilirdim ki, gözaltısı var. Acar qızını sevir. Xəlvəti şeir yazırdı. Çoxu da sevgidən, məhəbbətdən. İlk vaxtlar demirdi, oxumurdu heç kəsə. Nəsə gizlədirdi. Utanırdı, yaman həyalı, çəkingən idi. Bir gün sevincək gəldi ki, ay Paşa, xeyir iş var, mütləq gəl. Əlbəttə, getdim. O zaman hələ çoxunun tanımadığı şairin toyunda iştirak etdim. Yığcam bir sağlıq da söylədim. Hər görəndə deyirdi ki, lələ, sən də əməlli şairsənmiş.
 
Toydan bir neçə gün sonra Şükriyyə xanımı Gəncədən Şəmkirə aparır. Bir müddət Seyfəlidə, ata yurdu Mehrilidə qonaq qalır. Sonra onlar yenidən Gəncəyə qayıdırlar”. 
 
Şükriyyənin atası sərt, ötkəm adam idi. Qızına vaxtında xeyir-dua verməmişdi. Lakin aylar-illər keçdikcə ata ürəyi dözmür. Süleyman bəy 20 ildən sonra – 1936-cı ildə qızının sorağı ilə Gəncəyə gəlir. Şükriyyə xanımla, kürəkəni Əhməd Cavadla, nəvələri ilə görüşür. Bir neçə gün Gəncədə qonaq qalandan sonra evinə qayıdır. Beləcə yollar açılır, gediş-gəliş başlanır. Amma bir ildən sonra Əhməd Cavad həyatla vidalaşmalı olur.
 
Atası Əhməd Cavad ailəsi ilə yaxın dostluq münasibətində olan başqa bir şəxs Gəncə sakini Hamlet Allahverdiyev də bu xatirələrə  toxunur:” “Eşitdiyimə görə, Batumda Süleyman bəylə tanış olan Cavad onun Şükriyyə adlı qızına aşıq olur. Qız da şairi sevir. Cavad özü utanır, yaxın dostu Əli Səbridən məsələni Süleyman bəyə açmağını xahiş edir. Dostunun elçiliyini edən Əli Səbri Süleyman bəydən soruşur: “Cavad əfəndi nasıl biridi? İyi oğlandırmı?” Qız atası: “İyi, iyi. Gözəl şeirlər də yazıyor”. Süleyman bəyin müsbət cavabından ürəklənən elçi Şükriyyəni Cavada istəyir. Amma Süleyman bəy “qızılbaşa qız verməm” deyir. Çünki onlar sünni, Cavad isə şiə idi . Süleyman bəy qızı verməsə də, Şükriyyə Cavad əfəndiyə qoşulub qaçır. Qızı Batumdan Gəncəyə dayım Məşədi Ağanın evinə gətirir. Anam danışardı: “Bir gün Cavad əfəndi 15-16 yaşında hündürboylu, ağbəniz, alagözlü, qıvrımsaçlı çox gözəl bir qızla bizə gəldi. Qızı Batumdan qaçırmışdı. Beş gün bizdə qalıb sonra getdilər”. 
Anam Cavad əfəndini də çox tərifləyərdi. Çoxları Əhməd Cavada ortaboylu deyir. Amma anam danışardı ki, o, hündürboylu, qonurgözlü, yaraşıqlı kişi olub. Şükriyyə ilə bir-birilərini çox sevərmişlər”.
Əhməd Cavad bu qənirsiz gözəli tükənməz məhəbbətlə sevirmiş. Ömrünün axırına kimi ona etibarlı ömür-gün yoldaşı, sədaqətli ər olur. Şükriyyə şairə beş övlad bağışlayıb. Türk-acar gözəli şairin ilham mənbəyi idi. Ona yazdığı bir sıra şeirlər, eləcə də “Şükriyyənamə” indi də dillər əzbəridir. Şükriyyə xanım da Əhməd Cavad repressiyaya uğradığı vaxt əsil qadınlıq mücəssəməsi nümayiş etdirir. Şairdən heç vəchlə imtina etmir. O, uşaqlarından təcrid edilərək Qazaxıştana sürgün edilir. 
 
Elmin Nuri

 

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir