Avropa İttifaqı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Azərbaycanda Mübahisələrin Alternativ Həlli və İxtisaslaşmış Məhkəmələrin İnkişafına Əlavə Dəstək” adlı layihənin təqdimatını keçirir.
Boyukmillet.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib ki, layihə Avropa İttifaqı ilə keçirilən 13-cü layihədir.
Layihə barədə məlumat verən nazir müavini mübahisələrin alternativ həllinin müsbət tərəflərini diqqətə çatdırıb. O qeyd edib ki, bu məqsədlə “Mediasiya haqqında” qanun qəbul edilib və bu fəaliyyətin həyata keçirilməsi üçün kadr hazırlığı və digər fəaliyyət davam edir.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, bu layihələrin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrin daha da genişlənməsi ilə yanaşı, ümumilikdə Azərbaycanın məhkəmə-hüquq sistemində islahatlara töhfə olacaq.
Tədbirdə beynəlxalq ekspertlərlə yanaşı, aidiyyəti qurumların, o cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Vəkillər Kollegiyası, Sahibkar (İşəgötürən) Təşkilatları Konfederasiyası və digər qurumların nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, layihənin əsas məqsədi ədliyyə sistemində xidmətlərin keyfiyyətini artırmaqla, əhalinin və sahibkarların ədalət mühakiməsinə çıxışını yaxşılaşdırmaqdır.
Bu məqsədə çatmaq üçün ixtisaslaşmış məhkəmələrin institusional və hüquqi potensialını artırmaqla onların fəaliyyətlərini yaxşılaşdırmaq, həmçinin, mübahisələrin alternativ həlli mexanizmlərini, o cümlədən arbitraj və mediasiyanı təşviq etmək nəzərdə tutulur.
Dörd əsas komponentdən və 40-a yaxın alt-komponentlərdən ibarət olan layihə Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmanının və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı həyata keçirilir.
Tədbirin iştirakçıları layihənin əsas komponentlərini, o cümlədən ixtisaslaşmış məhkəmələrin institusional potensialının artırılması (1-ci komponent), həmin məhkəmələrin hakimlərinin təlimləri, Ədliyyə Akademiyasının fəaliyyətinin təkmilləşdirilməsi (2-ci komponent), mediasiya təlimlərinin keçirilməsi, mediasiyanın təbliğatı (3-cü komponent), arbitrajın təşviqi, BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyası (UNCİTRAL) ilə əməkdaşlığın qurulması (4-cü komponent) və bu istiqamətdə həyata keçiriləcək digər tədbirləri müzakirə edirlər.