Cümə , 19 Dekabr 2025
Drone Cameras

Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiya: Siyahıda azərbaycanlılar da var

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. 

“Kölgə donanması” adlanan strukturda rolu olan beş şəxs və dörd şirkətə sanksiyalar tətbiq edilib.  Aİ bildirir ki, onlar Rusiya neftinin gizli şəkildə daşınmasına şərait yaradır.

Siyahıda azərbaycanlı iş adamları Etibar Eyyub və Tələt Səfərov da yer alır. Etibar Eyyub Birləşmiş Ərəb Əmirliklərində yerləşən “2Rivers Group” da daxil olmaqla, öz şirkətlər şəbəkəsi vasitəsilə Rusiya neftinin ixracını asanlaşdırmaqda ittiham olunur, Səfərov isə qrupun səhmdarı və meneceri kimi təsvir olunur. 

Aİ bildirir ki, “2Rivers Group” “neftin əsl mənşəyini gizlətməklə Rusiya neftinin, xüsusən də Rusiyanın dövlət şirkəti “Rosneft”dən neftin daşınmasını və ixracını təmin edir”.

2024 və 2025-ci ildə Böyük Britaniya da “2Rivers Group”a sanksiyalar tətbiq edib. 

Tələt Səfərov İcbari Sığorta Bürosunun (İSB) Himayəçilər Şurasının sədr müavini, “Atəşgah” Sığorta şirkəti ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 

Aİ-nin xarici siyasət rəhbəri Kaja Kallas bildirib ki, Şura onlarla digər gəmiyə və onların köməkçi gəmilərinə əlavə sanksiyalar hazırlayır. 

“Bizim əlavə 40 gəmimiz və köməkçi gəmimiz var və bunların hamısı Rusiyanın bu müharibəni maliyyələşdirmək üçün vasitələrindən məhrum edilməsi üçündür… Bu, Ukraynanın özünü müdafiə etməsi üçün lazımdır”, – Kallas deyib.

2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Hazırda 2600-dən artıq fiziki və hüquqi şəxsə sanksiya tətbiq edilib.

Check Also

Fətullah Gülənin qardaşı oğlu saxlanıldı

“Silahlı terror təşkilatına üzvlük” ittihamı ilə axtarışda olan Yasir Gülen İstanbulda keçirilən əməliyyat nəticəsində tutulub. …