Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Avropa Naxçıvanda silah inspeksiyası aparır, separatçı Qarabağ rejimini niyə yoxlamır…

Yeganə Hacıyeva: “ATƏT-in faktaraşdırıcı missiyası konfliktin tarixi boyunca cəmi iki dəfə bölgəyə səfər edib və raportlar hazırlayıb”

Ermənistan KİV-i Naxçıvan MR-də beynəlxalq inspeksiya qrupunun keçirdiyi nəzarət inspeksiyasını xüsusi sevinclə təqdim edir. Aydındır ki, onların Naxçıvanda ordumuzun güclənməsindən böyük narahatlıqları var. Azərbaycan da orduya ayırdığı diqqəti, onu müasir silahlarla təchiz etməsini heç vaxt gizlətmir.

Çünki biz işğalçı ölkə ilə, faktiki olaraq, müharibə şəraitində yaşayırıq. Torpaqları işğal edilən bir ölkənin istədiyi formada ordu quruculuğuna diqqət etməyə haqqı var. Hətta bu prosesi də Azərbaycan şəffaflıqla həyata keçirir. Qapılarının istənilən monitorinqə açıq olduğunu bəyan edir.

Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrdə silahlara nəzarət inspeksiyasının həyata keçirilməsini rəsmi qurumlarımız da təsdiqləyirlər. Müdafiə Nazirliyindən verilən məlumata görə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının rəhbərlik etdiyi, Almaniya və Polşadan nümayəndələrin də qatıldığı 8 nəfərdən ibarət beynəlxalq inspeksiya qrupu tərəfindən Əlahiddə Ümumqoşun Orduda “Elan olunmuş yer”in inspeksiyası və qiymətləndirməsi aparılıb. “Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə” çərçivəsində hərbi hissələrdə müxtəlif növ və təyinatlı silah və texnikaların sayı yoxlanılıb, şəxsi heyətin məişət şəraiti, sağlamlığı və qidalanması ilə tanış olmaq üçün əsgəri-məişət komplekslərinə baxış olub. Səfər zamanı qonaqlar açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyində və Muxtar Respublikanın tarixi yerlərində olublar. Ancaq maraqlı olan başqa məsələdir. Niyə avropalı nümayəndələr belə bir inspeksiyanın Dağlıq Qarabağ və ətraf rayonlarda işğal altındakı ərazilərimizdə aparmırlar?

  • “Hesabatlar aqressor ölkə kimi Ermənistanın bölgədə apardığı hərbi, cinayətkar fəaliyyətini aşkar etdiyi üçün, missiyanın baş tutmasına hər vəchlə mane olur”

Beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, orada belə bir yoxlamanın aparılmasına daha böyük zərurət var: “Öncəliklə onu qeyd edim ki, Dağlıq Qarabağ konfliktinin nizamlanmasında tək legitim beynəlxalq qrup kimi ATƏT-in Minsk Qrupu təmas xətlərində, sərhədlərdə monitorinq və faktaraşdırıcı missiyası ilə fəaliyyət göstərir. Faktaraşdırıcı missiyanın səfərləri tərəflərin və ya tərəflərdən birinin təşəbbüsü ilə baş tutur. Bilirsiniz ki, ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasının 3 həmsədr dövlətindən biri kimi Fransa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin beynəlxalq hüquq çərçivəsində, ATƏT-in prinsipləri əsasında danışıqlar vasitəsilə, sülh yolu ilə həlli istiqamətində uzun illərdir fəaliyyət göstərir. Konfliktin nizamlanmasında tək legitim beynəlxalq qrupdur və ATƏT-in Minsk Qrupu təmas xətlərində, sərhədlərdə monitorinq və faktaraşdırıcı missiyası ilə fəaliyyət göstərə bilər. ATƏT ümumavropa təhlükəsizlik sistemini formalaşmasında, üzv ölkələr arasında siyasi və iqtisadi həyatın sivil birgəyaşayış qaydalarını, dövlətlərarası münasibətləri əməkdaşlıq və qarşılıqlı qaydalılıq istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını daşıyır. ATƏT-lə üzv dövlətlərin suveren bərabərliyi prinsipi əsasında qarşılıqlı öhdəliyi mövcuddur. ATƏT qarşısında qurumun Helsinki Yekun Aktının prinsiplərinə əməl etməsi öhdəliyi varsa, eynilə ATƏT-in də üzv dövlətlərin bir-birinə münasibətdə bu öhdəliklərə əməl edilməsinə nəzarət öhdəliyi mövcuddur və biz bunu ATƏT Ərazisində Dövlətlərarası Münasibətlərdə Helsinki Prinsiplərinə Bağlılıq yanaşması kimi qəbul edə bilərik. Bir sözlə, üzv dövlətlərin ATƏT qarşısında öhdəliyi olduğu kimi, ATƏT-in də bu dövlətlər qarşısında öhdəlikləri mövcuddur. Ancaq fakt ondan ibarətdir ki, işğal altındakı ərazilərdə silahlara nəzarət və insidentlərin araşdirılmasi ilə məşğul olmalı olan ATƏT-in faktaraşdırıcı missiyası konfliktin tarixi boyunca cəmi iki dəfə bölgəyə səfər edib və raportlar hazırlayıb. Bu raportlar aqressor ölkə kimi Ermənistanın bölgədə apardığı hərbi, cinayətkar fəaliyyətini aşkar etdiyi üçün, missiyanın baş tutmasını hər vəchlə mane olur”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …