Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Avropa Şurası Azərbaycandakı milli azlıqlarla bağlı hesabat yaydı

Azərbaycan hökuməti hesabatı qərəzli adlandırdı

Avropa Şurasının Milli Azlıqların Qorunması Haqqında Çərçivə Komissiyası üzrə Məşvərət Komitəsi Azərbaycanla bağlı növbəti – beşinci hesabatını dərc edib.

Hesabatda qeyd edilir ki, Azərbaycan çoxmillətli ölkə olaraq etnik mədəniyyəti, dil və dini dözümlülüyü və hörməti təbliğ etməyə çalışır. Belə ki, milli azlıqlara aid olan şəxslərin hüquqları Konstitusiya və multikulturalizm siyasəti ilə qorunur. Lakin Məşvərət Komitəsi hesab edir ki, bu, hüquqların tam və səmərəli bərabərliyini təmin etmək üçün kifayət etmir. Misal kimi ifadə, toplaşmaq və birləşmək azadlıqlarına qoyulmuş məhdudiyyətlər göstərilir. Qeyd olunur ki, milli azlıqlara aid olan şəxslərin öz insan hüquqlarından, o cümlədən azlıqların hüquqlarından səmərəli şəkildə istifadə etmək imkanları ciddi şəkildə məhdudlaşdırılır.

Qanunların zərəri

Hesabatda qeyd olunur ki, 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanun media azadlığına məhdudiyyətləri artırır. 2014-cü ildə qəbul edilmiş “Qeyri-Hökumət Təşkilatları (QHT) haqqında” və 2022-ci ildə qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunlar ifadə və birləşmək azadlığına zərər verir.

Vətəndaş cəmiyyəti fəalları, hüquq müdafiəçiləri, siyasi fəallar, jurnalistlər, hüquqşünaslar və milli azlıqların təqiblərə məruz qaldığı da hesabatda qeyd olunur.

Eyni zamanda bildirilir ki, 2022-ci il tarixli “Siyasi Partiyalar haqqında” Qanunun bəzi maddələri milli azlıqlara aid olan şəxslərin hüquqlarını və siyasi iştirakını təşviq edən siyasi partiyaların yaradılmasına mane ola bilər.

Təcili atılacaq addımlar

Məşvərət Komitəsi təcili atılacaq addımlara dair tövsiyə kimi bir daha hakimiyyəti QHT-lərin qediyyatı və fəaliyyəti ilə bağlı qanunvericiliyi və təcrübəni Avropa insan hüquqları standartlarına uyğunlaşdırmağa çağırır ki, milli azlıqlara aid olan bütün şəxslər birləşmək azadlığından səmərəli şəkildə istifadə edə bilsin.

“Milli azlıqların dillərində bir sıra KİV-lər mövcuddur, lakin kifayət deyil, milli azlıqların özləri tərəfindən idarə edilən media layihələri üçün maliyyə çatışmazlığı mövcuddur. Dövlət idarələri ilə təmasda milli azlıqların dillərindən istifadə qanunla təsbit edilmir, xüsusi və şifahi ünsiyyətlə məhdudlaşır”.

Həmçinin deyilir ki, yeni doğulan körpələrə “lağ, nifrət və alçaldılma”dan qorunmaq üçün qoyulması qadağan edilən adların siyahısına yenidən baxılmalıdır.

Təhsil sahəsində azsaylı milli azlıqlar da daxil olmaqla, bir çox milli azlıqların dilləri ibtidai təhsil səviyyəsində tədris olunur.

Məşvərət Komitəsi hakimiyyəti israrla ibtidai və orta səviyyələrdə ümumi kurrikulumda azlıqların dillərinin, o cümlədən sayca daha kiçik azlıqların dillərinin təkcə onların ənənəvi olaraq istifadə olunduğu ərazilərdə deyil, həm də milli azlıqlara mənsub olanlar şəxslərin çox sayda yaşadığı yerlərdə tədrisini təklif etmələrinə çağırır.

Ermənilərin təhlükəsiz, maneəsiz və davamlı şəkildə qayıtması üçün…

Azlıqların stereotipli və mənfi təsvirini aradan qaldırmaq məqsədilə maarifləndirici materialların nəzərdən keçirilməsinə ehtiyac var və ermənilərin Azərbaycanda, xüsusən də Qarabağda və Bakıda tarixi mövcudluğunun maarifləndirici materiallarda əks edilməsinə diqqət yetirilməlidir.

Məşvərət Komitəsi həmçinin 100 000-dən çox erməninin tərk etdiyi ” Dağlıq Qarabağda” vəziyyəti qiymətləndirir və hakimiyyəti israrla ermənilərin təhlükəsiz, maneəsiz və davamlı şəkildə qayıtması üçün zəruri olan siyasi, hüquqi və praktiki şərait yaratmağa, mülkiyyət məsələləri ilə məşğul olmaq üçün xüsusi mexanizm yaratmağa çağırır.

Məşvərət Komitəsi dövlət qurumlarını bütün erməni dini və mədəni abidələrini və artefaktlarını inventarlaşdırmağa, mühafizə etməyə və qorumağa çağırır.

Məşvərət Komitəsi həmçinin dövlət qurumlarını erməni icmasına mənsub olan şəxslərə qarşı dözümsüzlüyün və etnik nifrətin yayılmasının istənilən təzahüründən çəkinməyə və bunları qətiyyətlə pisləməyə çağırır.

Azərbaycan hökumətinin şərhi

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Məşvərət Komitəsinin rəyi ilə bağlı şərh verib.
XİN-in şərhində deyilir ki, Azərbaycan Respublikası ölkə olaraq monitorinqin beşinci dövrü ərzində Çərçivə Konvensiyasının Məşvərət Komitəsi ilə yaxından əməkdaşlıq edib. Bu dövr üzrə hesabat təqdim edildikdən sonra Komitənin nümayəndə heyəti Azərbaycana səfər edib, çoxsaylı aidiyyəti dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, regionlarda milli azlıqların nümayəndələri ilə görüşüb və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatında və milli azlıqların QHT-ləri ilə görüşlər keçirib:

“18 noyabr 2024-cü il tarixində dərc olunmuş Məşvərət Komitəsinin Beşinci Rəyində konvensiyanın həyata keçirilməsində hökumətin göstərdiyi səylərin qeyd edilməsinə baxmayaraq, rəydəki bir sıra mülahizələrin əsassızlığı və ölkədəki reallıqları dəqiqliklə əks etdirməməsi Komitənin tətbiq etdiyi müəyyən yanaşmaya dair ciddi suallar doğurur. Rəydə bir çox müsbət milli nailiyyətlərə, uğurlu milli siyasətlərə, islahat və təşəbbüslərə diqqət yetirilməyib və onlara etinasız yanaşılıb”.

Şərhdə vurğulanır ki, 2023-cü ilin sentyabrında baş verən hərbi əməliyyatdan sonra “baş verən inkişaflara dair rəydə yer alan əsasən siyasiləşdirilmiş iddialar” beşinci monitorinq dövrünün müddətinin çərçivəsindən kənara çıxır:

“Azərbaycanın Beşinci Dövlət Hesabatında 2017-2022-ci illər üzrə müddətə aid müvafiq məlumatların yer alması, habelə davam edən hərbi işğal və Azərbaycan Respublikasının erməni əsilli şəxslərin yaşadığı ərazilər üzərində qanuni suveren nəzarətinin olmamasına görə konvensiyanın hesabatın əhatə etdiyi dövr ərzində həyata keçirilə bilmədiyinə dair qeydlərin həmin hesabatda əksini tapması, Məşvərət Komitəsinin sözügedən iddialarının konvensiyanın konkret müddət çərçivəsində icrasını qiymətləndirmək üçün verilən mandatdan kənara çıxdığını göstərir”.

Şərhdə vurğulanır ki, Azərbaycan Respublikasının ərazilərinin bir hissəsində, bu ərazilərdə suveren nəzarətin həyata keçirilməsinə və oradakı erməni əsilli şəxslərə münasibətdə Çərçivə Konvensiyasının müddəalarının tam tətbiqinə mane olan hərbi işğalın aradan qaldırılmasının ardınca post-münaqişə dövrü üçün nəzərdə tutulan həssas səylərin planlaşdırma mərhələsində olduğu bir məqamda Məşvərət Komitəsi mühakimə yürütməyə tələsməməli və kifayət qədər kövrək olan prosesə əngəl törətməmək məqsədilə lazımi qədər ehtiyatlı davranmalı idi:

“Komitənin öz qiymətləndirməsinin əhatə dairəsini ona tapşırılan müddət çərçivəsindən birtərəfli qaydada kənara çıxararaq siyasi motivli və qərəzli yanaşmadan xəbər verən fərqli yol tutması təəssüf doğurur”.

“Məşvərət Komitəsinin digər etnik qruplara etinasızlıq göstərildiyi halda erməni etnik qrupunu diqqət mərkəzində saxlayan seçici yanaşması və müvafiq misallar göstərmədən naməlum mənbələrdən alınan məlumatlara həddən artıq əsaslanması sözügedən Komitənin qeyri-obyektiv yanaşmasını daha aydın nümayiş etdirir”, – XİN şərhində qeyd edir.

“Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının yanlış təfsiri və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının rəyindən əhəmiyyətli dərəcədə fərqlənən qiymətləndirmələr də daxil olmaqla, Komitənin təcrübə sahəsinə və mandatına aid olmayan məsələlərə (misal üçün, Laçın yolu ətrafında vəziyyət və ya etnik ermənilərin Qarabağ bölgəsindən Ermənistana köçməsi) dair bir çox yalan iddialar qəbuledilməzdir”, – şərhdə vurğulanır.

Bildirilir ki, Çərçivə Konvensiyasının təkcə milli azlıqlara mənsub şəxslərin hüquqlarının müdafiəsinin təmin edilməsini nəzərdə tutmadığı, eyni zamanda, qanunun aliliyinə və əlaqədar dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmət edilməsinin zəruriliyinə əsaslandığı həmçinin bir daha qeyd olunmalıdır:

“Buna baxmayaraq, rəydə birtərəfli qaydada erməni sakinlərinin hüquqlarının müdafiəsinin zəruriliyi qeyd edilir, həmin kateqoriyaya aid olan şəxslərin Azərbaycanın qanunvericiliyinə əməl etmək öhdəliyinə isə məhəl qoyulmur”.

“Digər böyük narahatlıq doğuran məsələ standartların üzv dövlətlərə münasibətdə qeyri-düzgün tətbiqidir. Azlıqların hüquqları ilə əlaqədar bənzər vəziyyətlərdə olmalarına baxmayaraq, bəzi ölkələrə fərqli münasibətin göstərilməsi təəssüf doğurur. Etnik təmizləmə siyasəti nəticəsində Ermənistanda öz doğma yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarına Komitə tərəfindən etinasızlıq nümayiş etdirilməkdədir”, – XİN vurğulayır.

Şərh müəllifləri hesab edir ki, ölkədə insan hüquqlarının ümumi vəziyyətinin qiymətləndirilməsinin aparılması Məşvərət Komitəsinin mandatından və Konvensiyanın əhatə dairəsindən kənara çıxılması deməkdir və bu qiymətləndirmənin rəyin məqsəd və hədəfləri ilə əlaqəsi yoxdur:

“Bu baxımdan, Məşvərət Komitəsinin “Media haqqında” və “QHT-lər haqqında” qanunlara yenidən baxılmasına dair çağırışı qeyri-adekvatdır və uyğun deyil.

Vətəndaşları üçün insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi, layiqli yaşayış səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycanda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib və hazırda da həyata keçirilir”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …