Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bu sektordakı son vəziyyət, gözlənilən yeniliklərlə bağlı Musavat.com-a danışıb.
Aygün Əliyeva ilə müsahibəni təqdim edirik:
– Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə icraçı direktor təyin edilməyinizdən artıq 1 aydan çox vaxt ötür. Bu müddətdə nələri müşahidə etdiniz, hansı yeni qərarlar oldu, hansı addımları atdınız?
– Agentliyin Aparat strukturu yeni formalaşdığından ilk növbədə əməkdaşların iş potensialı, təcrübəsi, işə yanaşma tərzləri, QHT-lərlə kommunikasiyası, vəzifə təlimatları, Aparatın fəaliyyət planı haqqında məlumatlar aldım. Qeyd edim ki, əvvəlki iş təcrübələrimdə QHT-lərlə birgə əməkdaşlıq, müxtəlif xarakterli tədbirlərin təşkili və bu kimi fəaliyyətlərim olub. Bu baxımdan QHT-lərlə iş sahəsi haqqında yetərli qədər məlumatlıyam. İcraçı direktor təyin olunandan sonra müşahidələrim onu göstərdi ki, dövrünə görə bu sahədə müəyyən işlər görülsə də, QHT-lərin fəaliyyətinin stimullaşdırılması, aktual məsələlər nəzərə alınaraq daha da genişləndirilməsi üçün müəyyən addımlar atılmalıdır.
Mən fürsətdən istifadə edərək xüsusilə cənab Prezident İlham Əliyevin vətəndaş cəmiyyəti və QHT-lərin fəaliyyətinin dəstəklənməsi üçün 2 dekabr 2021-ci il tarixli Fərmanını qeyd etmək istəyirəm. Bu Fərman Agentliyə qrant müsabiqəsi keçirmək üçün müvəqqəti qaydaları təsdiqi etmək səlahiyyəti verdi. Agentlik çox qısa zamanda “2021-ci il kiçik qrant müsabiqəsi”nin keçirilməsini, onunla bağlı proseslərin idarəolunmasını təşkil etdi. 3 dekabr 2021-ci il – 14 dekabr 2021-ci il tarixlərində keçirilən qrant müsabiqəsinə QHT-lərin marağı gözlənilən kimi yüksək oldu və 478 layihə təqdim olundu. Müsabiqənin nəticələri ilk dəfə olaraq brifinqlə mətbuata, cəmiyyətə açıqlandı və bu proses QHT sektorunda geniş rezonans doğurdu. Məlumat üçün bildirim ki, qrant müsabiqəsi çərçivəsində 415 QHT-yə qrant vəsaiti ayrıldı və onlarla 4 gün ərzində qrant müqavilələri bağlandı.
– Agentliyin fəaliyyətində hansı yeniliklər gözlənilir?
– Agentliyin yaranması barədə ölkə başçısının müvafiq Fərmanı və qurumun Nizamnaməsi bizim fəaliyyətimizin qurulması üçün əsas sənədlərdir. Əsas hədəfimiz qeyri-hökumət təşkilatlarının inkişafı, onların potensiallarının artırılması, fəaliyyətləri üçün əlverişli mühitin yaradılmasından ibarətdir. Həmçinin dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai nəzarətin təşkilində QHT-lərin fəaliyyətinin stimullaşdırılması, dəstəklənməsi, QHT-lər haqqında qanunvericiliyin təkmilləşdirilməsi, QHT-lərin qeydiyyatının sadələşdirilməsi ilə bağlı təkliflərin verilməsi, QHT-lərin beynəlxalq əməkdaşlıq formatlarının yaradılması və s. bizim hədəflərimizdəndir.
– QHT sektorunda vəziyyət qənaətbəxşdirmi?
– Qeyd etdiyim kimi, QHT-lər bizim cəmiyyətin əsas hərəkətverici qüvvələrindən biridir. QHT sektoruna dövlətin dəstəyi daim olub və bizim fəaliyyətimiz də bu prinsip üzərində qurulub. Onların fəaliyyətini bu gün üçün qənaətbəxş hesab etmək olar. Bununla belə, biz QHT-lərin inkişafı, onların potensialının artırılması, beynəlxalq əməkdaşlığın qurulması, dövlətin və cəmiyyətin bütün sahələri ilə sıx təmasda olması, ictimai iştirakçılığı kimi məsələlərin təmin olunmasına çalışırıq.
– QHT-lər daha çox maliyyə problemlərindən gileylənir. Xüsusən bir sıra QHT-lər xarici donorlarla işləməkdə məhdudiyyətlər olduğunu deyirlər. Bu prosesdə bir açılım gözlənilirmi?
– QHT-lər müxtəlif dövrlərdə ofis icarəsi, işçilərlə təmin olunma, sığınacaqların, müəyyən sosial xidmət sahələrinin saxlanma xərcləri, maddi-texniki bazanın yetərsizliyi və s. məsələlər ilə bağlı müəyyən maliyyə problemlərinin olmasını qeyd edirlər. Bizim növbəti mərhələ üçün əsas addımlarımız qrant siyasətinin formalaşdırılması və QHT-lər üçün kiçik, orta və böyük qrantların ayrılması olacaqdır. Biz burada istər “kiçik”, istər “orta”, istərsə də “böyük qrant müsabiqələri”ndə adından göründüyü kimi daha çox qrant vəsaitinin ayrılmasını hədəfləyirik. Konkret olaraq məbləği hal-hazırda qeyd etmək istəmirəm, çünki bu sənəd Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək və cəmiyyətə açıqlanacaq.
Xarici donorlarla işləməklə bağlı sualınıza cavab olaraq bildirmək istəyirəm ki, bu məsələ qanunvericilikdə kifayət qədər aydın təsbit olunub. Hər hansı xarici donor təşkilat Azərbaycanda fəaliyyət göstərmək istəyirsə, müvafiq hüquqi prosedurları keçməlidir.
– Bu yaxınlarda QHT Agentliyinin təşkilatçılığı ilə Xudafərin və Şuşaya səfərlər təşkil olundu. Məqsəd nə idi, nəticələrdən razı qaldınızmı?
– Biz Agentlik olaraq qısa müddət ərzində işğaldan azad olunan Ağdam, Füzuli, Cəbrayıl, Şuşa, Suqovuşan, Talış, Xudafərin və Ermənistanın terror aktı, müharibə cinayəti törətdiyi Gəncə və Tərtər şəhərlərinə dəfələrlə QHT-lərin səfərlərini təşkil etmişik. Bu səfərlərin hər birində 100-dən çox təmsilçinin daxil olduğu QHT qrupları iştirak ediblər. Ümumilikdə Agentlik tərəfindən Qarabağ bölgəsinə təşkil olunan 8 səfərdə 800-dən artıq vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edib.
Bu səfərlərin təşkilində əsas məqsədimiz Ermənistanın işğal etdiyi ərazilərimizdə törətdiyi vandallıqları, vəhşilikləri vətəndaş cəmiyyətinin üzvlərinin öz gözləri ilə görməsi, bu cinayətlər haqqında yerində məlumatlanması idi. Bu səfərlər öz nəticəsini verdi. Belə ki, QHT-lər bu məsələlərlə bağlı bəyanatlar verdilər, beynəlxalq təşkilatlarda təmsilçilik hüququna malik olan QHT-lərin bu vandallığı beynəlxalq ictimaiyyətə çatdırılmasını təşkil etdilər, yerli və beynəlxaq KİV-lərdə silsilə yazılar dərc olundu. Biz işğaldan azad edilən ərazilərə səfər edəndə bir daha şahidi olduq ki, dövlətimiz tərəfindən bütün ərazilərdə böyük abadlıq-quruculuq işləri görülür.
Bu bir daha sübut edir ki, çox qısa müddətdə işğaldan azad edilən ərazilərimizin bərpasına, onların infrastrukturunun qurulmasına nail olunacaq və vətəndaş cəmiyyəti üzvləri həmişə olduğu kimi, Qarabağın quruculuq prosesində də öz töhfəsini verəcəklər”.
Xalidə Gəray
Musavat.com