Daha bir səfərdən qayıtdım. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun növbəti toplantısında Azərbaycan Mətbuat Şurasının təmsilçisi kimi ölkəmin vətəndaş cəmiyyətini təmsil etdim. Hər zamankı kimi mümkün olanı etdim. Bizə ayrılan “bir atımlıq barıt”dan – saniyələrlə ölçülən çox qısa çıxış imkanlarından maksimum dəqiqliklə istifadə etməyə çalışdım.
Artıq evdəyəm, düşünürəm ki, bu səfər çərçivəsində çox nüfuzlu beynəlxalq tribunadan etdiyim çıxışlar haqqında Azərbaycan cəmiyyətinə hesabat verməyə borcluyam. Ona görə də bütün çıxışlarımı qısa izahla video şəklində təqdim edirəm. Qeyd edim ki, sentyabrın 16-19-u arası iştirak etdiyim 7 işçi sessiyanın hər birində mütləq çıxış etdim, mövzuya uyğun olaraq fikirlərimi dilə gətirdim. Ümumilikdə ATƏT üzvü olan 57 dövlətdən 56-sının (Türkiyə tədbiri boykot edir) rəsmi nümayəndə heyətlərinin, eləcə də çoxsaylı media və QHT təmsilçilərinin hüzurunda Azərbaycanın səsi olmağa cəhd etmək bizim üçün çox gərəklidir. Özəlliklə də erməni təcavüzünü, Ermənistanın insanlığa zidd dövlət siyasətini faş etmək baxımından. Beləliklə, ard-arda gündəlik çıxışlarımı təqdim edirəm.
16 sentyabr, günün 2-ci yarısında keçirilmiş 1-ci işçi sessiyanın mövzusu “Əsas azadlıqlar, o cümlədən: ifadə azadlığı, azad media və informasiya” oldu. Təmsil etdiyim Mətbuat Şurası haqqında bilgi verdim, saytların bloklanmasıyla bağlı öncəki çıxışlarda səslənmiş ittihamları cavablandırdım, eyni zamanda hamının şikayətləndiyi ABŞ-ın “Azadlıq” radiosunun öz missiyasını başa vurduğunu, artıq onun ləğv edilməsi vaxtının çatdığını qeyd etdim. Bu qeydim, təbii ki, ABŞ-ın rəsmi təmsilçisinin xoşuna gəlmədi və o, sonrakı çıxışında “Azadlıq”ın özəl radio olduğunu deməklə vəziyyətdən çıxdığını sandı.
Sentyabrın 17-si günün 1-ci yarısında yenə də “Əsas azadlıqlar, o cümlədən: ifadə azadlığı, azad media və informasiya” mövzusu ətrafında müzakirələr davam etdirildi. Buradakı çıxışımda dəxli olmadan bir məsələni dilə gətirən ABŞ rəsmisinə təəccübümü ifadə etdim. O, mənə qədər olan çıxışında Azərbaycanda din pərdəsi altında silahlı qruplaşma yaratdığı üçün həbsdə yatan bir şəxsin müdafiəsinə cəhd göstərdi. Mən də çıxışımda ABŞ-ın belə yanaşmasının maraqlı və təəccüblü olduğunu ifadə etdim. Onu da qeyd edim ki, Mətbuat Şurasının Daxili İşlər və Ədliyyə nazirlikləri ilə birlikdə təşkil etdiyi üçlü qrup kütləvi aksiyalar vaxtı jurnalistlərin problemlərini həll edir.
Həmin günün 2-ci yarısında “Demokratik qurumlar, o cümlədən: milli, bölgə və yerli səviyyədə demokratiya; demokratik seçkilər” mövzusu ətrafında çıxışlar edildi. Burada seçki təcrübəsi geniş olan bir şəxs kimi fikirlərimi paylaşdım. Eyni zamanda bu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərində heç də Azərbaycan vətəndaşlarının hamısının iştirak edə bilməyəcəyini ayrıca vurğuladım. Səbəb kimi Ermənistanın torpaqlarımızı işğal etməsini, bu üzdən işğal altındakı torpaqlarda bələdiyyələrin təşkilinin mümkünsüzlüyünü, 750 min insanımızın bu hüquqdan məhrum olunduğunu qeyd etdim. Məndən əvvəlki çıxışında Azərbaycan dövlətinin guya onu sıxışdırdığını iddia edən Emin Hüseynova da cavab verməyi özümə borc bildim.
Sentyabrın 18-i, günün 1-ci yarısında baş tutmuş “Jurnalistlərin təhlükəsizliyi” mövzusunda çıxışımda da, təəssüf ki, Emin Hüseynovun öz anasının ölümüylə manipulyasiya etməsinə münasibət bildirdim. Eyni zamanda onun casus texnologiyasından istifadə edərək çəkiliş apardığına etirazımı bildirdim. Qeyd edim ki, toplantıda rəsmən hər hansı şəkil, video çəkilişi və səs yazısı yasaq edilir. Lakin Emin Hüseynov buna məhəl qoymur. Bu çıxışımda eyni zamanda mühacirətdə olan “müxaliflərin” bizim kimi müstəqil mövqeyi olan jurnalistləri dayanmadan hədələməsini diqqətə çatdırdım. Bu adamlara sığınacaq vermiş Avropa ölkələrini məsələdə diqqətli olmağa çağırdım.
Sentyabrın 18-i, günün 2-ci yarısında da jurnalistlərin təhlükəsizliyi məsələsi müzakirə edildi. Buradakı çıxışımda Azərbaycanda ekstremal şəraitdə işləyən jurnalistlər üçün məşğələlərin təşkilindən danışdım. Vurğuladım ki, Azərbaycan jurnalistləri cəbhə bölgələrində də təlim keçir. Lakin onlar Ermənistanın işğalı üzündən bəzi bölgələrə gedə bilmirlər. Bir sıra çıxışlarda adı hallanan İkram Rəhimovun da məsələsinə münasibət bildirdim. Qeyd etdim ki, bir şəxs, təşkilat və dövlət nə qədər qeyri-ciddi olmalıdır ki, şantaj üstündə həbsə düşən şəxsi jurnalist adı altında müdafiə etsin. ABŞ rəsmisinin Real TV-ni ittiham etməsinə cavab olaraq bildirdim ki, bu kanal ABŞ-ın “özəl” adlandırdığı “Azadlıq” radiosundan ən azı 100 dəfə müstəqildir. Sevinc Osmanqızı məsələsi də dilə gətirildiyi üçün buna da münasibət bildirdim.
Səfərimin sonuncu günü, sentyabrın 19-u, səhər sessiyasında “Əsas azadlıqlar, o cümlədən: sərbəst toplaşmaq və birləşmək azadlığı” mövzusu müzakirə edildi. Buradakı çıxışımda ölkəmizdə 50-dən çox jurnalist qurumunun fəaliyyətdə olmasından, ReAl Partiyasının qeydiyyat problemindən, eyni zamanda Heydər Əliyev Fondunun işinə kölgə salmaq cəhdlərindən danışdım.
Tədbirdə etdiyim son çıxış həmin günün 2-ci yarısına təsadüf etdi. Bir təsadüf nəticəsində elə alındı ki, sıyahıda da sonuncu – 50-ci oldum. Bu isə əlavə imkan demək idi. Mövzu da bizim üçün vacib idi: “Əsas azadlıqlar, o cümlədən: düşüncə, vicdan, din və inanc azadlığı”. 2 dəqiqə yarımlıq çıxışımda Azərbaycanın bu məsələlərə münasibətini ifadə etməklə bərabər işğalçı Ermənistanın islam dəyərlərini yerlə bir etməsini dilə gətirdim. Eyni zamanda Azərbaycan kimi ölkələrdə mikroskop altında problem axtaran Avropa ölkələrinin açıq islam düşmənliyi edən və siyasi hakimiyyətə qədər gəlib çıxan PEGIDA ilə bağlı susqunluğunu tənqid etdim. Bu çıxışıma Almaniya və Ermənistanın rəsmi təmsilçiləri cavab verdilər. Ermənistan rəsmisi hər zamankı kimi bizi ittiham etməyə cəhd göstərdi. Lakin Azərbaycan təmsilçisi də boş dayanmadı və ona yetərincə tutarlı bir cavab verdi. Tədbir də elə bizim təmsilçimizin çıxışıyla başa çatdı. Videoya baxarkən mənim erməni vəhşətindən danışdığım zaman Emin Hüseynovun irişməsi də diqqətimdən qaçmadı. Biz deyəndə ki, bu adamlar üçün Azərbaycanın milli maraqları heç bir məna kəsb etmir, təndiq edilirik. Buyurun, siz də baxın.
Sonda qeyd edim ki, məlum və məşhur PiN təşkilatı bir yan tədbir təşkil etmişdi. Azərbaycandan durub o təşkilatın dəvətlisi kimi gələnlər vardı. Hər şey – müxalifətçilik filan bir yana, bu adamlar necə axı könüllü şəkildə erməni dostu olan bir qurumla bu qədər həvəslə işbirliyi edirlər?
Sözardı: Tədbirdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov, “Gənc Demokrat” təşkilatının sədri Yeganə Hacıyeva da milli maraqlara söykənən çıxışlarıyla diqqət çəkdilər. Sonrakı günlərdə “İslahatçı Gənclər” Birliyinin sədri Fərid Şahbazlı da bizə qoşulub çıxışlar etdi. Rəsmi Bakı təmsilçilərinə gəlincə, onlar da fəallıqlarıyla seçildilər. Özəlliklə də Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin təmsilçisi Gülsel Səfərova hər zamankı çevikliyi və həssaslığıyla seçildi. Azərbaycanın qara tablosunu cızmağa çalışanlar da diqqətimizdən yayınmadı…