Cümə , 10 May 2024
Drone Cameras

Azərbaycan–İtaliya münasibətləri: etimad, ortaq maraqlar və Avropa üçün yeni imkanlar

Azərbaycan-İtaliya münasibətlərinin son dövrdə strateji tərəfdaşlıq və dostluq səviyyəsinə yüksəlməsi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Etiraf edək ki, bu iki ölkənin münasibətlərinin yüksək tərəfdaşlıq mərhələsinə keçməsi üçün münbit şəraitin formalaşması istiqamətində davamlı fəaliyyət tələb olunurdu. Hər iki ölkənin ümumi maraqlar çərçivəsində əməkdaşlığının inkişaf etdirilməsi üçün uğurlu diplomatik əlaqələrin inkişafı vacib idi.

Boyukmillet.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, İtaliyanın Avropa İttifaqının, NATO-nun üzv dövləti, eyni zamanda , Fransa, Avstriya, İsveçrə və Sloveniya kimi dövlətlərlə qonşu olmasını nəzərə alsaq, bu strateji əməkdaşlığı Azərbaycanın yaxın gələcəkdə maraqlarının təminatına dəstək mexanizmi kimi qiymətləndirə bilərik. Həmçinin İtaliyanın Avropa Parlamentində 76 deputatla təmin olunmasına da xüsusi diqqət etməliyik. İtaliya Azərbaycanla strateji tərəfdaşlığını sübut etmək üçün müvafiq addımlar atıb. Belə ki, Vətən müharibəsi dövründə İtaliya Azərbaycanla həmrəylik nümayiş etdirib. İtaliya mediası Azərbaycanla bağlı məsələlərdə obyektiv yanaşması ilə seçilib. Xüsusən 2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan olunması Azərbaycana və Prezident İlham Əliyevə göstərilən xüsusi etimadın göstəricisi idi.

“Əlaqələrin müsbət dinamika ilə inkişafında Prezident İlham Əliyevin 2022-ci il sentyabrın 1-2- də İtaliyaya işgüzar səfərinin xüsusi rolu olub. Siyasi əlaqələrin yüksək səviyyədə qalmasında iqtisadi əməkdaşlığın da mühüm əhəmiyyəti var. Bu baxımdan Azərbaycan – İtaliya iqtisadi əlaqələrinin bünövrəsinin möhkəm qoyulması hər iki dövlətin ümummilli maraqları çərçivəsində davamlı tərəfdaşlığı üçün geniş imkanlar açır. Azərbaycan dövləti dəfələrlə ən ali səviyyədə bəyan etmişdir ki, Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini dəstəkləyən dövlətlərin Qarabağın quruculuq prosesində iştirakına xüsusi imkan yaradacaq. Azad edilmiş ərazilərdə İtaliya şirkətləri uğurla fəaliyyət göstərirlər. Əlbəttə əməkdaşlığın mühüm mərhələsi enerji seqmentidir. Cənub Qaz Dəhlizi və bu layihənin hazırda son mərhələsi olan TAP çərçivəsində Azərbaycan qazı İtaliya vasitəsi ilə Avropa çatıb. Nəticədə Azərbaycan mühüm bazar, Avropa isə Rusiyadan kənar enerji mənbəyi əldə etdi”, – deyə C.Hüseynzadə qeyd edib.

İctimai Birliyinin sədri diqqətə çatdırıb ki, Azərbaycan əməkdaşlığın yeni mərhələsi kimi İtaliya ilə “yaşıl kimya”, “yaşıl enerji”, “yaşıl enerji zonası”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq hər iki ölkənin siyasi və iqtisadi maraqlarını təmin edir, eyni zamanda, Azərbaycan üçün geosiyasi üstünlüklər qazandırır. Çünki Avropanın enerji təhlükəsizliyində rol almaq Azərbaycanın müstəqil siyasi xəttinin daha da güclənməsinə xidmət edəcək.

Bildirilib ki, fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev tərəfindən də İtaliya ilə tərəfdaşlıq əlaqələrinə xüsusi diqqət edilib. İtaliya şirkətinin də bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. Çünki İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilib.

“Yeni tikiləcək stansiyanın imkanları təkcə Azərbaycana deyil, eyni zamanda, Avropalı tərəfdaşlara da müsbət təsir göstərəcək. Çünki yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır”, – deyə C.Hüseynzadə əlavə edib.

Check Also

“Azərbaycanda insan hüquqları sahəsində problemlər var”

“Azərbaycanda demokratiya, insan hüquqları sahəsində ciddi problemlər var və bununla bağlı da beynəlxalq qurumlar tərəfindən …