Azərbaycan strateji əhəmiyyətli Naxçıvan bölgəsində özünün hərbi iştirakını artırmaqda, Əlahiddə Ümumqoşun Ordunu ən yeni, dağıdıcı və yüksək dəqiqlikli silah sistemləri ilə təchiz etməkdə davam edir.
Avropa.info virtualaz.org-a istinadla xəbər verir ki, ABŞ-ın Ceymstaun Araşdırma Fondunun (“Jamestaun Foundation”) saytında dərc edilmiş məqaləsində bu barədə bəhs olunur.
Müəllif Can Kasapoğlu qeyd edir ki, Bakı Naxçıvandakı qüvvələrini gücləndirmək üçün genişmiqyaslı səylərə hazır olduğunu nümayiş etdirir. Bunun növbəti sübutu isə strateji əhəmiyyətli anklavda Türkiyədən alınan ən yeni və yüksək dəqiqlikli TRG-300 “Kaplan” 300-millimetrlik reaktiv yaylım atəşi sistemlərinin yerləşdirilməsidir. Həmin silahlar Azərbaycan Müdafiə Nazirliyinin YouTube kanalında mayın 2-də yerləşdirilmiş və Naxçıvan qarnizounda silahların, hərbi texnikanın yay rejiminə keçirilməsi barədə süjetində gözə dəyir.
Müəllif qeyd edir ki, “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemi Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır. Bu sistem kifayət qədər yüksək dəqiqlikli raketlər buraxır, “Kaplan” raketlərinin hədəfdən ehtimal olunan dairəvi yayınması 10 metrdən də azdır. Raketlər GPS sistemi ilə dəstəklənir, 105 kiloqram ağırlıqlı döyüş başlığına malik olan “Kaplan” raketinin radiusu 120 kilometrdir. Lakin raketin daha dağıdıcı döyüş başlığına malik olan versiyası da var. Belə ki, 190 kiloqramlıq döyüş başlığı daşıyan “Kaplan” raketi 90 kilometrdən hədəfi vura bilir, bu zaman hədəfdən mümkün yayınma 80 metrə qədər çata bilər. Amma bu ehtimal olunan yayınmanı raketin yüksək dağıdıcı gücü kompensasiya edir.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl Türkiyədən 300-millimetrlik “Kasırğa” reaktiv yaylım atəşi sistemləri alıb və həmin sistemlərdən bir qismini Naxçıvanda yerləşdirib. İndiki halda “Kaplan” raketlərinin Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilməsi şübhəsiz ki, Naxçıvanda dislokasiya olunmuş ordu hissələrinin döyüş qabiliyyətini daha da gücləndirmiş olur. İndiki halda “Kaplan” raketlərinin hər iki variantı Yerevana və Ermənistan ərazisindəki strateji hədəflərə birbaşa zərbə endirməyə imkan verir. O cümlədən “Kasırğa” raket sistemləri də bu imkanı Azərbaycan ordusuna yaradırdı.
Habelə Naxçıvanda “Smerç” reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla digər reaktiv sistemlər də yerləşdirilib. O cümlədən Azərbaycanın İsraildən aldığı yüksək dəqiqlikli “Lora” əməliyyat- taktiki raketlərinin də Naxçıvanda yerləşdirildiyi məlumdur.
Can Kasapoğlu yazır ki, Naxçıvan Qarabağda alovlana biləcək mümkün irimiqyaslı hərb əməlyyatlar zamanı hücum üçün ikinci istiqamət rolunu oynaya bilər. Belə ki, bu hücum iki mümkün variantda baş verə bilərdi. Azərbaycanın Naxçıvanda dislokasiya olunmuş Əlahiddə Ümumqoşun Ordusu Qarabağ istiqamətində erməni qüvvələrini yayındırmaq üçün Ermənistanın paytaxtı Yerevan istiqamətində hücuma keçə bilər. İkinci variant isə hücum Ermənistanla Qarabağdakı erməni qüvvələri arasında kritik əlaqəni kəsməyə hesablanar.
Müəllifə görə, 2016-cı ilə qədər belə ssenarilər olduqca az ağlabat sayılırdı. Lakin həmin ilin aprelində baş vermiş ciddi toqquşmalardan sonra Azərbaycan ordusu sübut etdi ki, 1990-cı illərin əvvəllərinə nisbətən indi daha effektiv hücum həyata keçirilməsini təmin edə bilər.
Bu ssenarilər baxımından Türkiyədən alınan reaktiv yaylım atəşi sistemləri Naxçıvan istiqamətindən Ermənistan paytaxtına, yaxud daha düşünülmüş variantda Ermənistanı Dağlıq Qarabağla birləşdirən şosseyə zərbə endirmək üçün tətbiq edilə bilərdi.
Qeyd edək ki, Türkiyə ordusu TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemlərini Suriyanın şimalında apardığı hərbi əməliyyatlarda uğurla tətbiq edib. İlin əvvəllərində Türkiyə ordusunun “Kaplan” raketləri ilə endirdiyi zərbələr Suriya ordusunun mövqelərini darmadağın etmişdi