Bazar , 19 Yanvar 2025
Drone Cameras

Azərbaycan neftinin yükləndiyi 1 000-ci tanker Supsa terminalından yola salınıb

bp-nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə nəql olunan Azəri-Çıraq-Günəşli (AÇG) nefti yüklənmiş 1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb.

Boyukmillet.com xəbər verir ki, İtaliyaya yola düşən “Stamos” adlı 1 000-ci tankerə AÇG yatağından hasil olunmuş və Səngəçal terminalından başlayaraq Azərbaycan və Gürcüstan ərazisi boyunca təhlükəsiz şəkildə nəql edilmiş 650 000 barel xam neft yüklənilib.

“Bakı-Supsa bp və tərəfdaşlarının həyata keçirdiyi ilkin neft layihəsinin mühüm bir hissəsidir və Gürcüstanda və regiondakı təhlükəsiz və etibarlı əməliyyatlarımızın gözəl nümunəsidir. Supsa terminalından 1 000-ci tankerin yola salınması həm də bp-nin Gürcüstandakı fəaliyyətinin 25-ci ildönümünə təsadüf edən əlamətdar bir hadisədir”, – bp-nin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva deyib.

Bakı-Supsa boru kəməri 1999-cu ildə istismara veriləndən bəri 700 milyon bareldən çox neft nəql edib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100 000 barel təşkil edir.

bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə ixrac boru kəmərləri üzrə meneceri Eldar Qaziyev deyib ki, istismarda olduğu 20 ildən artıq müddətdə və 1999-cu ildə ilk tankerin yükləndiyi vaxtdan bəri Bakı-Supsa boru kəmərinin göstərdiyi əla iş icrası ilə həqiqətən fəxr ediləsidir.

Qeyd edək ki, AÇG üzrə iştirak payları aşağıdakı kimidir: “bp” (30.37%), “SOCAR” (25.0%), “MOL” (9.57%), “İNPEX” (9.31%), “Equinor” (7.27%), “ExxonMobil” (6.79%), “TPAO” (5.73%), “İTOCHU” (3.65%), “ONGC Videsh Limited (OVL)” (2.31%).

Xatırladaq ki, bp AÇG tərəfdaşlarının adından Bakı-Supsa adlanan Qərb İxrac Boru Kəmərinin (QİBK) və Qara dənizdə yerləşən Supsa terminalının əməliyyatçısıdır.

Check Also

Azərbaycan ötən il Avropaya 13 milyard kubmetrə yaxın qaz ixrac edib

Ötən il Azərbaycandan Avropaya təxminən 12,9 milyard kubmetr qaz ixrac olunub. Boyukmillet.com xəbər verir ki, bunu energetika …