Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın Baş katibi Antoniu Quterreşə ünvanladığı məktub Baş Assambleya və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.
Boyukmillet.com xəbər verir ki, Yaşar Əliyevin baş katibə məkubunda silahlı münaqişənin qarşısının alınması, sülh quruculuğu və sülhün qorunması, irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün aradan qaldırılması, insan hüquqlarının təşviqi və müdafiəsi, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin qarşısının alınması və s. mövzular əhatə olunub.
Səfir bildirib ki, Ermənistanın daimi nümayəndəsinin BMT-yə ünvanladığı 10 mart 2023-cü il tarixli məktubunda yer alan qüsurlu və yalan iddialar bu ölkədə nifrət, dözümsüzlük, yalanın nə dərəcədə üstünlük təşkil etdiyini ortaya qoyur və bu yanaşma regional sülh, təhlükəsizlik və sabitlik üçün ciddi təhlükədir.
Bununla yanaşı, məktubda qeyd olunub ki, Ermənistan rəsmiləri Qərbi Azərbaycan İcmasının azərbaycanlıların Ermənistandakı tarixi vətənlərinə təhlükəsiz şəkildə qayıtmaları üçün müraciətini açıq şəkildə yanlış şərh edib. Əslində müraciət Ermənistandan qovulmuş və geri qayıtmasına icazə verilməyən yüz minlərlə azərbaycanlının hüquqlarından bəhs edir.
Y.Əliyev məktubda Ermənistan ərazisində azərbaycanlılara aid tarixi izlərin silinməsi və etnik təmizləmə siyasətindən də bəhs edib: “Azərbaycanlıların fiziki izləri məhv edilib, azərbaycanlıların yaşayış məntəqələrinin adları dəyişdirilib, Azərbaycanın tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları qəsdən hədəfə alınıb, vandalizmə məruz qalıb. Ermənistanın paytaxtı İrəvandakı Dəmirbulaq məscidi 1990-cı ildə buldozerlə dağıdılıb, XVI əsrə aid Sərdar məscidi isə ermənilərə yaşayış evləri tikmək üçün bir neçə mərhələdə dağıdılıb”.
Sənəddə qeyd olunur ki, Ermənistanın Azərbaycandakı erməni icmalarının tarixi, mədəni və dini irsinin yerlə-yeksan edilməsi ilə bağlı iddiaları tamamilə yalandır. Bunun sübutu olaraq Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən müqəddəs Qriqori İlluminator erməni kilsəsini xatırlatmaq kifayətdir. Azərbaycan hökuməti 1860-cı illərdə tikilmiş kilsəni ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edib.
Məktubda Ermənistan hökümətinin azərbaycanlılara qarşı apardığı irqçi ideologiyanın bu günə qədər davam etdiyi qeyd olunur. Ölkədə etnik təmizləməyə görə məsuliyyət daşıyan hərbi cinayətkarın abidələri ucaldılır, Azərbaycana və azərbaycanlılara qarşı irqi nifrəti təbliğ edən təşkilatlar fəaliyyət göstərir.
Y.Əliyev Ermənistanın hələ də, Azərbaycanın sərhədyanı kəndlərini işğal altında saxlamaqda davam edərək ərazi iddiası irəli sürdüyünü vurğulayıb: “Azərbaycandakı yaşayış məntəqələri saxta adlarla qeyd edilərək ölkəmin işğaldan azad edilmiş suveren ərazilərinə “hazırda Azərbaycanın nəzarəti altındadır” və ya “işğal olunmuş” kimi istinad edilir. Məlum olduğu kimi, 2020-ci ilin payızında 44 günlük müharibə başa çatdıqdan sonra Ermənistana beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət və qarşılıqlı tanınma əsasında dövlətlərarası münasibətlərin normallaşdırılmasını təklif edən Azərbaycan olmuşdur. Bu təşəbbüs beynəlxalq ictimaiyyət tərəfindən geniş dəstəklənib.
Azərbaycan sülhsevər, təhlükəsiz, sabit və firavan region məqsədlərinə tam sadiq qalır və bölgədə münaqişədən sonra sülh quruculuğu, reinteqrasiya və inkişaf istiqamətində səylərini davam etdirəcək”.