2021-ci ildə Azərbaycanın gömrük orqanları ölkədən tranzit keçməklə Avropaya daşınmasına cəhd göstərilən 3 ton 43 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bunu qurumun sədr müavini Əsgər Abdullayev bildirib.
Onun sözlərinə görə, həmin narkotik vasitənin əsas hissəsini heroin təşkil edib.
Ə.Abdullayev bu barədə Komitədə keçirilən Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldinqin rəhbərlik etdiyi nümyəndə heyəti ilə görüşdə danışıb. O, qonaqlara Azərbaycan gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, bu sahədə mövcud qanunvericilik, gömrük orqanlarının qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verib.
Komitə sədrinin müavini qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan gömrüyünün nümunəvi kinoloji xidmət formalaşdırdığını, gömrük-keçid məntəqələrində ən müasir texniki nəzarət vasitələrindən istifadə etdiyini və beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərdiyini bildirib.
Ə.Abdullayev DGK-nın qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində bir sıra beynəlxalq təşkilatlar, inkişaf etmiş dövlətlərlə səmərəli əlaqələrindən bəhs edib, Böyük Britaniyanın Milli Cinayət Agentliyi ilə də bu sahədə əməkdaşlığın daha çox gücləndirilməsinin ümumi işə fayda verəcəyini vurğulayıb.
C.Qoldinq təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib. O, bildirib ki, Milli Cinayət Agentliyinin dünyanın bir sıra regionlarında ofisləri fəaliyyət göstərir və məqsəd həmin ölkələrin hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq quraraq cinayətkarlığa qarşı səmərəli mübarizə aparmaqdır.
C.Qoldinq Azərbaycan gömrük orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əldə etdiyi uğurlardan məmnunluğunu ifadə edib.