Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.
Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, iclas Daşkənddə baş tutub. İclas çərçivəsində KOBİA və Özbəkistan prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzalanıb. Sənəd iki ölkə arasında sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində əməkdaşlığı, birgə və əlaqələndirilmiş tədbirləri nəzərdə tutur.
İclas barədə nazir Mikayıl Cabbarov da açıqlama verib: “Sənaye, energetika, investisiya, kiçik və orta biznes, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə əlaqələrin gücləndirilməsi üçün geniş imkanlar var. Bu barədə iclasda ətraflı müzakirə apardıq. Həmkarlarımıza işğaldan azad edilmiş ərazilərimizin potensialı barədə məlumat verdik, Özbəkistan şirkətlərini ölkəmizin əlverişli investisiya və biznes mühitindən yararlanmağa dəvət etdik”.