Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Azərbaycan qəti addımlarla təhlükəsizliyinə təminat yaradır” – RƏY

“Azərbaycan Ordusu sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri bölmələrinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını qətiyyətlə aldı. Hesab edirəm ki, bu təxribat Ermənistanın sülhə hazır olmadığını növbəti dəfə göstərdi. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz sərhədlərini, eləcə də hərbi qulluqçularının təhlükəsizliyini qorumaq hüququndan istifadə edib”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistanın təxribatı 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməkdən yayınmaq cəhdinin təzahürüdür.

S.Məmmədov 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazandığı tarixi zəfərin regionda təhlükəsizlik formatını dəyişdiyini xatırladıb. Deputat bildirib ki, bu gün nəinki Cənubi Qafqazda, dünyada mürəkkəb proseslər gedir: “Biz dünya düzəninin dəyişdiyi, beynəlxalq təhlükəsizlik məsələlərinin ciddi korrektələrə məruz qaldığı mühüm bir mərhələyə qədəm qoymuşuq. Azərbaycan bu mərhələdə sözünə etimad edilən, regiondakı proseslərə ciddi təsir imkanlarına malik güclü bir dövlət kimi çıxış edir. Ermənistanın təxribatlarına cavab vermək bizim hüququmuz olmaqla yanaşı, həm də təhlükəsizliyimiz üçün son dərəcə zəruri idi. Baş verən hadisələrə məhz bu kontekstdən yanaşmaq lazımdır. Biz son 30 ildə Ermənistanın təcavüzkar addımlarının, işğalçı təşəbbüslərinin cəzasızlığının hansı nəticələr doğurduğunu gördük. Bu baxımdan, Azərbaycan Ermənistanın təxribatlarına qarşı qəti addımlar atmaqla, yalnız indiki dövr üçün yox, həm də gələcək üçün öz təhlükəsizliyinə təminat yaradır”.

S.Məmmədov vurğulayıb ki, siyasətlə məşğul olduğunu iddia edən bəzi şəxslərin Azərbaycan Ordusunun bu qələbəsinə kölgə salmaq cəhdləri qəbuledilməzdir: “Çox maraqlıdır ki, bəzi siyasi partiya təmsilçilərinin, özünü ictimai fəal kimi təqdim edən şəxslərin son hadisələrlə bağlı verdiyi açıqlamaların məzmunu ilə Ermənistan mətbuatının, siyasi dairələrinin, eləcə də ermənilərin xarici ölkələrdəki dəstəkçilərinin ritorikası son dərəcə bənzərdir. Ermənilər bu hadisələri hansı arqumentlərlə şərh edirlərsə, Azərbaycanda da bəziləri eyni arqumentləri bir qədər başqa formada istifadə edir. Bu adamlar əgər baş verən hadisələrin məğzini anlamırlarsa onda gərək siyasətlə məşğul olmasınlar. Yox anlayaraq bu cür danışırlarsa, bunu açıq şəkildə bildirsinlər. Bunun qiymətini isə xalq özü verəcək”.

O, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin ölkənin milli maraqlarına əsaslandığını diqqətə çatdırıb. Deputat vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan böyük strateji hədəfləri olan, güclü orduya, inkişaf edən iqtisadiyyata malik bir dövlət kimi dünyanın siyasi xəritəsində öz yerini möhkəmləndirir: “Bu siyasətin miqyasını, əhəmiyyətini, hansı perspektivlərə hesablandığını görmək üçün dünyada və regionda baş verən hadisələri düzgün analiz etməyi bacarmaq lazımdır. Azərbaycan 30 il ərzində işğal altında olan ərzilərini azad edib, bu gün o ərazilərdə genişmiqyaslı quruculuq işləri gedir. Azərbaycanın üçrəngli bayrağı Şuşada dalğalanır. 30 il bütün danışıqlarda laqeyd bir əda ilə öz işğalçı siyasətini dəyişməyən, yeni müharibə olarsa yeni əraziləri işğal edəcəyini bəyan edən Ermənistan bu gün sülh gündəliyindən danışır. Bütün dünyaya Azərbaycandan şikayət edir. Bir vaxtlar bizə Qarabağ xəyal kimi görünürdü, bu gün Zəngəzur dəhlizindən danışırıq. Bütün bunlar son iki ildə baş verib. Azərbaycan dövlətinin apardığı düzgün, uğurlu siyasət nəticəsində. Ona görə də belə təsəvvür yaranır ki, bu gün insanların emosiyalarına hesablanmış bəyanatlarla çıxış edən bəzi adamlar dünyada, bölgədə gedən proseslərə çox dar çərçivədən baxırlar. O çərçivədən Azərbaycanın gələcəyini, Zəngəzuru, Qarabağı görmək mümkün deyil. Bu qədər bəsit düşünən adamların özünü cəmiyyətə siyasətçi, ekspert kimi təqdim edərək, Azərbaycan dövlətinin həyata keçirdiyi böyük siyasəti şərh etməsi, qiymətləndirməsi və öz yanaşmasını cəmiyyətə həqiqət kimi təqdim etməsi isə yumşaq desək, anlaşılmazdır”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …