Avtomobili idarə etdiyini iddia edən şəxs diplomatik toxunulmazlığını əsas gətirərək spirt testindən keçməkdən boyun qaçırıb
Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşlarının qəza törətdiyi bildirilir.
Litva mediası Azərbaycan səfirliyinə məxsus avtomobilin Vilnüs şəhərinin mərkəzində törətdiyi qəzanın detalları ilə bağlı məlumat yayıb.
Məlumata görə, Azərbaycan səfirliyinə məxsus avtomobil Vilnüs şəhərinin mərkəzində qəza törədib. Sürücünün sərxoş olduğu müəyyən edilib.
Bildirilir ki, səfirliyin avtomobili işıqforun qırmızı işığında kəsişməyə daxil olaraq “VW Polo” markalı maşınla toqquşub. Onun sürücüsü qeyd edib ki, səfirlik əməkdaşları ondan polisə zəng etməməyini xahiş ediblər, lakin o buna əhəmiyyət verməyib və polisə qəza barədə məlumat verib.
Şahidlərin sözlərinə görə, diplomatik avtomobildə biri qadın olmaqla 4 nəfər olub.
Özünü səfirliyin sürücüsü kimi təqdim edən şəxsin qanında alkoltest zamanı 1.4 promille spirt çıxdığı qeyd edilib.
Litva qanunlarına görə, qəza ağır nəticələrə səbəb olmayıbsa, sürücü bu halda inzibati məsuliyyətə cəlb olunur.
Bunun ardınca isə həmin şəxslərdən digəri avtomobili özünün idarə etdiyini iddia edib.
Qeyd edilib ki, o, diplomatik toxunulmazlığını əsas gətirərək spirt testindən keçməkdən boyun qaçırıb.
Litva polisinin məlumatına görə, ötən gün saat 21:20 radələrində Vilnüs şəhərinin mərkəzində “Volkswagen Golf” və “Volkswagen Passat” markalı avtomobillərin toqquşması barədə məlumat daxil olub. Polis deyir ki, qəzanı Azərbaycan səfirliyinə məxsus “Volkswagen Passat” markalı avtomobil törədib.
Səfirliyin avtomobilində olan 4 nəfərin hamısı sərxoş olub. Polis qəzanı törədən sürücünün qanında 1,4 promil spirt olduğunu deyib.
Azərbaycan Xarici İşlər Nazirliyi və Litvadakı səfirlik hadisəylə bağlı hələlik heç bir açıqlama verməyib.