Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycan Türk Qadınlar Birliyinin və Azərbaycan Türkiyə Evinin birgən BƏYANATI

Azərbaycana qarşı təcavüzkar siyasət yürüdərək, ərazilərimizin 20 faizini işğal edən Ermənistan himayədarlarına arxalanaraq, öz işğalçılıq siyasətinə son qoymaq niyyətində olmadığını hər addımda nümayiş etdirir. Beynəlxalq hüquqa məhəl qoymayan Ermənistanın azğınlığı o həddə çatıb ki, bu təcavüzkar ölkə artıq işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik rayonlardan deyil, sərhəd ərazilərindən Azərbaycana qarşı hərbi əməliyyatlar aparmağa cəhd göstərir. Ermənistanın iyulun 12-də başlayan və iyulun 14-ü axşam saatlarına qədər Azərbaycanın Tovuz rayonu istiqamətində davam etmiş sərhəd təxribatı işğalçı ölkənin təcavüzkar mahiyyətini bir daha açıb göstərir.
Çox təəssüf ki, Ermənistanın sərhəddə başladığı təxribatın gedişində Azərbaycan Silahlı Qüvvələri general-mayor və polkovnik rütbəli zabitlərimiz də daxil olmaqla, 11 şəhid verdi, yaralılarımız oldu. Azərbaycan Ordusunun bu təxribata verdiyi layiqli qarşılıq nəticəsində düşmənə sarsıdıcı zərbə endirildi, düşmən canlı qüvvə və hərbi texnika baxımından, ağır itkilərə məruz qaldı. Ermənistan hakimiyyəti öz əhalisinin qəzəbindən qorxaraq, itkilərinin sayını açıqlamasa da, əldə olunan məlumatlar sərhəd döyüşləri zamanı işğalçı ölkənin 100-dən artıq terrorçu-əsgərini itirdiyini, şəhidlərimizin qisasının artıqlamaı ilə alındığını təsdiqləyir. Azərbaycandan fərqli olaraq, ciddi ruh düşkünlüyünün yaşandığı Ermənistan ordusunda fərarilik hallarının sürətlə artması, cəbhə bölgələrində əsgər qaçışlarının qarşısını almaq üçün yaradılan çoxsaylı postlar və həyata keçirilən cəza tədbirləri işğalçı ölkənin istər hərbi sursat, istərsə də canlı qüvvə sarıdan tükəndiyini əmniliklə söyləməyə əsas yaradır.
Sərhəd döyüşlərinin davam etdiyi günlərdə paytaxt Bakıda və Azərbaycanın bütün bölgələrində xalqımızın sərgilədiyi milli həmrəylik ölkəmizin ərazi bütövlüyünün bərpasına yönəlik inanılmaz əzm və istəyin olduğunu bütün dünyaya nümayiş etdirdi. İşğalçı Ermənistan və onun hamiləri bir daha gördülər ki, Azərbaycan xalqı hər hansı ərazi itkisi ilə nəinki barışmayacaq, əksinə, xalqımızın Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin və Ordumuzun ətrafında sıx birliyi tezliklə ərazi bütövlüymüzün bərpasını tezliklə təmin edəcək. Azərbaycan xalqı sülhsevər toplum olaraq, Qarabağ müharibəsinin yenidən alovlanmasının və qan tökülməsinin davam etməsinin əleyhinədir. Lakin işğalçı Ermənistanın öz təcavüzkar siyasətindən imtina etməməsi müharibə riskini günbəgün artırır.
Azərbaycan Türk Qadınlar Birliyi və Azərbaycan Türkiyə Evi olaraq son döyüşlərdə şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir, yaralılarımızın tezliklə sağalıb ayağa qalxmalarını gözləyirik. Bəyan edirik ki, Azərbaycan xalqı işğal altındakı ərazilərinin bərpası üçün Ali Baş Komandanın müharibə əmrinə hər an hazırdır və bu yolda birliyimizi, həmrəyliyimizi pozmağa çalışan bütün qüvvələri qətiyyətlə dəf etmək əzmindədir.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …