Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilib

Ukrayna Ali Radasında Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilib.

Boyukmillet.com xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadovun da iştirak etdiyi iclasda gələcək fəaliyyətin istiqamətləri, xüsusilə də Rusiyanın hərbi təcavüzü zamanı dağıdılan evlərin bərpası və məcburi köçkünlərə dəstək kimi məsələlər müzakirə olunub.

Dostluq Qrupunun həmsədri Volodimir Kreydenko Ukraynaya göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Xalq deputatı Oleksandr Qorobets işğalçı qüvvələrlə döyüşən ukraynalı hərbçilər arasında azərbaycanlıların da olduğunu, bəzilərinin isə “Ukrayna Qəhrəmanı” fəxri adına layiq görüldüklərini diqqətə çatdırıb.

Qrupun digər həmsədri Valeri Kolyux Ukraynanın ərazi bütövlüyünü daima dəstəklədiyinə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlığını ifadə edib.

UABD rəhbəri Hikmət Cavadov Ukraynaya humanitar yardımların təşkilində ölkənin Azərbaycandakı səfiri Vladislav Kanevskinin fəaliyyətini xüsusi qeyd edib. O bildirib ki, Ukraynada yaşayan azərbaycanlılar da ölkənin, xalqın müdafiəsində durmağı müqəddəs vəzifə bilirlər.

Təşkilat sədri həmçinin Ukrayna Ordusuna, habelə ölkənin müxtəlif bölgələrində müharibədən zərər çəkən əhaliyə Azərbaycan diasporu tərəfindən göstərilən yardımlardan söhbət açıb.

Parlamentlərarası qrupun katibi İvan Slobodyanik Ukraynaya humanitar yardım göstərilməsində Azərbaycanın rolundan danışıb, Azərbaycan diasporuna orduya və məcburi köçkünlərə göstərdikləri yardımlara görə təşəkkür edib.

Görüşün sonunda diaspor fəallarının Azərbaycanla dostluq qrupunun üzvü olan xalq deputatlarının seçildikləri dairələrin əhalisinə yardım göstərmələri barədə məsələ müzakirə olunub.

Check Also

COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclas keçiriləcək

COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi nəzərdə tutulur. Boyukmillet.com xəbər verir …