Azərbaycanla Özbəkistan arasında investisiyaların təşviqi və potensial layihələr barədə müzakirələr aparılıb.
Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviter səhifəsində bildirib.
“Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın son dövrlər fəal inkişaf etdiyini vurğuladıq”, – deyə nazir bildirib.
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratov ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında #iqtisadi əməkdaşlığın son dövrlər fəal inkişaf etdiyini vurğuladıq, #investisiya-ların təşviqi və potensial layihələr barədə müzakirələr apardıq.#EconomyAz pic.twitter.com/OFeOukvysr
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 20, 2023
Nazirliyin görüş barədə yaydığı məlumatda isə deyilir ki, tərəflər münasibətlərin inkişafına xüsusi önəm verildiyini vurğulayıb.
Qeyd edilib ki, dövlət başçılarının səfərləri, keçirilən yüksək səviyyəli görüşlər strateji tərəfdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı faydalı əməkdaşlığın davamlı inkişafına təkan verib. Bu ilin fevral ayında Daşkənddə keçirilmiş 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu əməkdaşlığımızın genişləndirilməsi üçün yeni üfüqlər açıb. Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ötən ilin avqustunda keçirilmiş iclasında əldə olunmuş razılıqların uğurla həyata keçirilməsi istiqamətində atılan məqsədyönlü addımlar da səmərəli nəticələr verir. Bildirilib ki, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var. Bu məqsədlə Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması üzrə işlər davam etdirilir.
L.Kudratov ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, işgüzar münasibətlərin, Özbəkistan və Azərbaycan regionları arasında əlaqələrin qurulmasının qarşılıqlı faydalı tərəfdaşlığımızı daha da gücləndirəcəyini bildirib. Qeyd olunub ki, Azərbaycandakı əlverişli biznes imkanları Özbəkistan sahibkarlarının ölkəmizdəki sənaye zonalarına investisiya yatırmağa və birgə layihələr icra etməyə marağını artırır.
Tərəflər sənaye, energetika, kənd təsərrüfatı, investisiya, kiçik və orta biznes, ticarət, nəqliyyat-tranzit və digər sahələrdə tərəfdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət kəsb edən məsələlər barədə də fikir mübadiləsi aparıblar.