Son illər Azərbaycan Tibb Universitetində yeni ixtisaslar üzrə mütəxəssis hazırlanmasına başlanılıb.
Boyukmillet.com xəbər verir ki, universitetin İctimai səhiyyə fakültəsinin dekanı Anar Ağayev yeni ixtisasların yaradılması zərurətindən danışıb.
O, İctimai səhiyyə fakültəsinin I kursunda Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə 38, Tibb bacısı ixtisası üzrə isə 34 tələbənin təhsil aldığını bildirib: “Hər iki ixtisasın tədris proqramları Avropa tədris proqramlarına uyğun şəkildə hazırlanıb. Universitetimizlə qardaş Türkiyə Cümhuriyyətinin universitetləri arasında memorandum imzalanıb. Tələbələrimiz bu sənədlər əsasında Qazi və Hacettepe universitetlərinin tədris proqramlarına qatılmaq imkanı qazanıblar. Yəni tələbələrimiz Türkiyədə eyni ixtisas üzrə oxuyan tələbələrin dərslərinə onlayn şəkildə qoşularaq öz bilik və bacarıqlarını artırırlar”.
Tibb bacısı ixtisası üzrə kadrların əvvəllər kolleclərdə, texnikumlarda hazırlandığını xatırladan A.Ağayev, artıq Avropada mövcud olan təcrübəni ölkəmizdə tətbiq etməyə başladıqlarını vurğulayıb: “Bu ixtisasa yiyələnən tələbələrin magistratura proqramlarında iştirak etmək hüququ da yaranacaq. Halbuki, nə bizdə, nə də Avropada texnikum, kollec tələbələrinin belə bir hüququ var. Bu nöqteyi-nəzərdən, bakalavr səviyyəsində ali təhsil alan tibb bacılarının timsalında həkimlərə lazımi səviyyədə dəstək göstərə bilən köməkçi mütəxəssislər yetişəcək”.
O, tibb bacısı ixtisasına birinci qəbul üçün 30-40 nəfərlik yer ayrıldığını, hazırda bu ixtisas üzrə 34 tələbənin təhsil almasının ilk mərhələdə yüksək göstərici olduğunu deyib: “Əfsus ki, birinci qəbulumuz pandemiya dövrünə təsadüf etdi. Azərbaycan səhiyyəsi üçün yeni olan hər iki ixtisas cəmiyyətə kifayət qədər çatdırılmadı. Ancaq buna baxmayaraq, tələbələrimiz yeni ixtisasları həvəslə seçdilər və öz təhsillərini uğurla davam etdirirlər”.
A.Ağayev yeni ixtisaslar üzrə təhsil alan tələbələrə Avropa ölkələrində bu sahə üzrə ixtisaslaşmış mütəxəssislərin dərs keçdiyini diqqətə çatdırıb. O, Türkiyədən dəvət olunmuş Dərya xanımın Tibb bacısı, Tədris Cərrahiyyə Klinikasının Fizioterapiya şöbəsinin əməkdaşı Turqay bəyin isə Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə mütəxəssis olduğunu söyləyib.
Fakültə dekanının sözlərinə görə, 4 illik Tibb bacısı ixtisasını bitirən şəxslər sonradan bu ixtisas üzrə tədris aparmaq səlahiyyətinə də sahib olacaqlar: “Həmin şəxslər bizim universitetin işçiləri sayılsalar da, mövcud kafedralarımızda fəaliyyət göstərən müəllimlər deyillər. Amma digər fənlərin proqramları Avropa qaydalarına uyğun olaraq kafedralara verilir və universitetimizin müəllimləri tərəfindən tədris edilir”.
Qeyd edək ki, 2020-2021-ci tədris ilindən ATU-da bakalavriat səviyyəsi üzrə “Fizioterapiya və tibbi reabilitasiya”, “Tibb bacısı işi”, magistratura səviyyəsi üzrə isə “Klinik (tibbi) psixologiya” və “Səhiyyə sahəsi üzrə menecment” ixtisaslarına qəbul aparılır.