“Vətəndaşın PZR üsulu ilə müayinəsi onun meymunçiçəyi virusuna yoluxmasını təsdiqləyib”
Azərbaycanda meymunçiçəyi (mpox) virusuna ilk yoluxma faktının aşkarlandığı bildirilir.
Bu barədə Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb.
Məlumatda deyilir ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2025-ci il yanvarın 2-dən 11-dək xarici ölkəyə səfər edib. Azərbaycana qayıtdıqdan bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıdakı klinikalardan birinə gedib.
“Vətəndaşın PZR üsulu ilə müayinəsi onun meymunçiçəyi virusuna yoluxmasını təsdiqləyib. Hazırda xəstə hospitalizasiya edilmiş və xəstəxana şəraitində müalicə alır. Xəstə ilə təmasda olan ailə üzvlərində heç bir xəstəlik əlaməti olmadığına görə onlar ərazi üzrə xidmət göstərən ambulator tibb müəssisəsi və sanitariya-epidemioloji xidmət əməkdaşları tərəfindən evdə müşahidəyə götürülüb. Onlara profilaktik müalicə təyin edilib və dərman preparatları ilə təchiz olunublar. Xəstə və təmasları üzərində müalicə və müşahidə tədbirləri xəstəliyin inkubasiya dövrü bitənə qədər davam etdiriləcək”, – məlumatda deyilir.
2022-ci ilin əvvəlindən Afrikada 1267 təsdiqlənmiş meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınıb, eyni zamanda qitənin 13 ölkəsində 226 ölüm baş verib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasından qonşu ölkələrə – Keniya, Ruanda, Burundi və Uqandaya meymunçiçəyinin yayılmasına görə 2024-cü il avqustun 15-də fövqəladə vəziyyət elan edib.
Meymunçiçəyi xəstəliyi nədir?
Meymunçiyəyi virusu ilk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilib.
İlk dəfə insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş verib.
Bu virus yalnız meymunlardan ötürülmür. Daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.
Meymunçiyəyinə yoluxma riski əsasən qərbi və mərkəzi Afrika çöllərində yaşayan gəmiricilərlə təmasdan və dişləndikdə mümkün ola bilər.
Əlavə olaraq, daşıyıcı heyvanın qanından, bədən mayesindən, dərisində olan qabarcıqlar və qızarıqlardan yoluxmaq mümkündür.
Yoluxmuş heyvanın yaxşı hazırlanmamış ətini istehlak etmək də insanlarda yoluxma riskini artırır.