Bazar , 28 Aprel 2024
Drone Cameras

Azərbaycanın bank və mikromaliyyə sektorları 2023-cü ildə

2023-cü il Azərbaycanın bank sektoru üçün zəngin il oldu.

Başlayaq ondan ki, Azərbaycan Mərkəzi Bankı (AMB) haqqında qanun dəyişdi. Bununla da, qurumun funksiyaları yenidən müəyyən olundu, İdarə Heyətinin üzvlərinin sayı artırıldı.

Ötən il də AMB faiz dəhlizinin parametrlərinə 8 dəfə baxdı. Qurum artım və azalmalarla uçot dərəcəsini 8,25 %-dən %-ə dəyişdi, faiz dəhlizinin yuxarı həddini 9,25 %-dən 9 %-ə endirdi, aşağı həddini isə 6,25 %-dən 6,5 %-ə qaldırdı.

Azərbaycanda bankların sayı 2023-cü ildə də azaldı. AMB “Günay Bank” və “Muğan Bank” ASC-lərin lisenziyalarını ləğv etdi. Qurum qərarını bankların məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması ilə izah etdi. Bununla da, ölkədə kommersiya banklarının sayı 25-dən 23-ə düşdü.

Hesabat dövründə Azərbaycanın yeganə regional bankı “Naxçıvan Bank” ASC-nin də ətrafında maraqlı proseslər cərəyan etdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun ailə üzvləri banka nəzarəti itirdi. Səhmlər 3 yeni fiziki şəxsin əlinə keçdi. Bundan başqa, kredit təşkilatının istehlak kreditləri portfelinin təxminən 60 milyon manatlıq hissəsi “Kapital Bank” ASC-yə ötürüldü. Bu, regional bankın bağlanacağı və yaxud başqa bankla birləşəcəyi barədə təsəvvür yaratsa da, bu ehtimallar rəsmən təkzib edildi.

Bundan başqa, il ərzində İran Milli Bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırıldı. AMB kredit təşkilatına məktub göndərərək, hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb etdi. Qurum addımını cinayət yolu ilə əldə edilən pulların leqallaşdırılması ehtimalı, bu sahədə Azərbaycan qanunvericiliyin tətbiqi ilə izah etdi.

Ötən ildən Azərbaycanda yerli bankların və xarici bankların yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri 10 % dərəcə ilə vergiyə cəlb edildi. Xatırladaq ki, sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilmişdi. Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddəti artırılmadı. Bununla belə, il ərzində Məcəlləyə edilmiş dəyişikliyə əsasən, bu ildən bankda azı 18 ay müddətinə əmanət yerləşdirən və faizlərini müddətin sonunda götürən şəxslər vergidən azad edildi. Faizlərini həy ay götürən şəxslərin isə gəlirinin 200 manata qədər hissəsi vergiyə cəlb olunmayacaq.

2023-cü ildə də Azərbaycanda bağlanmış bankların ləğv prosesi davam etdirildi. Əmanətlərin Sığortalanması Fondu bir sıra yeniliklərə imza atdı. Fond nəzarətinə keçmiş əmlakların satışı üçün portalı, kreditorlar üçün isə ayrıca portalı istifadəyə verdi.

Ötən il AMB maliyyə istehlakçılarının hüquqlarının qorunması istiqamətində bir sıra addımlar atdı. Qurum cəza tədbiri gördüyü maliyyə qurumlarının adlarını, eləcə də maliyyə sektorunun müxtəlif istiqamətləri ilə bağlı şikayət indeksləri açıqlamağa başladı.

Azərbaycanda 5 ildir ki, müzakirə obyekti olan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun il ərzində təsdiq edilərək qüvvəyə mindi. Qanuna əsasən, ölkədə ödəniş xidmətləri bazarında faəliyyət göstərən şirkətlərə AMB-də qeydiyyatdan keçmək, lisenziya almaq üçün 6 ay – bu ilin may ayına qədər vaxt verilib.

AMB-nin 2023-cü ildə təsdiq etdiyi “Banklarda korporativ idarəetmə Standartları”nın yenilənmiş variantına görə isə Azərbaycan banklarının yeni strateji planını hazırlamaq üçün 6 ay – bu ilin aprel ayına qədər vaxtı var.

İlin sonuna yaxın isə AMB valyuta mübadiləsi fəaliyyəti üçün kapital tələbi qoydu. Qurumun kollegiyasının təsdiq etdiyi “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”ə görə, kapital tələbi Bakıda 600 min manat, hər əlavə obyektə görə 300 min manat, paytaxtdan kənarda isə 150-450 min manat, hər əlavə obyektə görə 0-150 min manat müəyyən edilib. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər 6 ay ərzində bu tələbi yerinə yetirməlidir.

2023-cü il Azərbaycanın mikromaliyyə sektoru üçün də maraqlı il oldu.

İl ərzində ölkədə bank olmayan kredit təşkilatları (BOKT) haqqında qanun dəyişdi. Bununla da, BOKT-lara kredit kartı buraxmaq səlahiyyəti verildi, bu növ kredit təşkilatlarında mühüm iştirak payının əldə edilməsi qaydası yeniləndi.

Ötən il Azərbaycanda BOKT-ların sayı azalaraq 55-dən 54-ə düşdü. Azərbaycan Mərkəzi Bankı (AMB) faktiki müflis olmuş “Union Kredit”, “Gold Finance” və “Viza Kredit” BOKT-ların lisenziyalarını ləğv etdi, əvəzində “Nova Credit” və “Caspian Finance” BOKT-lara lisenziya verdi. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2023-cü ildə dövlət qeydiyyatına aldığı “Anexs”, “İrşad”, “Mojo Az” və “MGN Capital” BOKT-ların lisenziya alması isə 2024-cü ilə qaldı.

BOKT-lardan söz düşmüşkən, il ərzində AMB 5 bank olmayan kredit təşkilatının vəzifəli şəxslərini cərimələdi. Belə ki, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində qanun pozuntularına yol vermiş “Azkredit” ASC-nin vəzifəli şəxsi 1 500 manat, “Asel Kredit” MMC-nin vəzifəli şəxsi 3 000 manat, “Finoko” ASC-nin vəzifəli şəxsi 4 500 manat, “TBC Kredit” MMC-nin vəzifəli şəxsi 6 000 manat və “PSG Finans” MMC-nin vəzifəli şəxsi 6 000 manat cərimə edildi. Bununla belə, pozuntular kredit təşkilatlarının maliyyə dayanıqlılığına təsir etmədi.

Ötən il Azərbaycanda kredit ittifaqları haqqında qanun da dəyişdi. Amma dəyişiklik texniki xarakterli oldu.

Ötən ilin yekunlarını “Report”a şərh edən “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva bildirib: “BOKT-lar haqqında qanunda edilmiş dəyişiklərin qüvvəyə minməsi ilə özünəməşğul əhali qrupunun və mikrosahibkarların sosial-iqtisadi vəziyyətinin yaxşılaşacağını gözləyirik. Dövlət özünüməşğulluğu və sahibkarlığı dəstəkləməklə bu sektorda çalışan şəxslərə verilən sosial müavinətlarla bağlı yükünü azaldır, bank xidmətlərindən kənarda qalan əhali qrupuna maliyyəyə çıxışı yaradır. Sektorun özünə gəlincə isə bu il kredit portfelində 25 %, işçilərin sayında isə 10 % artım olub”.

Check Also

Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun “Qlobal əməkdaşlıq, artım və …