Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanın İsraildə öz səfirliyini açması indi realdırmı?

Hatəm Cabbarlı: “Ölkəmiz üçün belə bir addımın atılması heç bir risq tələb etmir”

Xəbər verdiyimiz kimi, Ermənistan İsraildə səfirlik açmaq üçün hərəkətə keçib. İsrail Xarici İşlər Nazirliyi rəsmi İrəvanın səfirlik açmaq qərarını alqışladığını bildirib. Bu barədə İsrail XİN-i rəsmi açıqlama da yayıb. Azərbaycan isə İsraillə daha isti münasibətlərə malik olsa da, nədənsə, bu ölkədə səfirlik açmağa tələsmir. Azərbaycanın bu addımı müxtəlif amillərlə izah olunur.  Ümumiyyətlə, Azərbaycanın indiki məqamda İsraildə səfirlik açması üçün hansı maneələr var və səfirliyin açılmasının ölkəmiz üçün nə kimi ziyanları ola bilər?

Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov bildirib ki, hər bir dövlətin hansısa ölkədə səfirlik açması onun xarici siyasətinin leytmotividir, dövlət başçısının siyasətidir:

“Ermənistanın əvvəl də İsraildə səfirliyi olub. Sonradan müəyyən məsələlər üzündən o səfirlik bağlandı. Bu da ölkələrin xarici siyasətində olan prioritetlərdən asılıdır. Ermənistan Cənubi Qafqazda düzgün siyasət aparmayıb. Ermənistanın İranla münasibətləri İsraili qıcıqlandırıb. Nəticədə bu ölkə səfirlikdən imtina edib. Ermənistanın İsraildə səfirlik açmaq məsələsi yenidən gündəmdə olsa da, bu o demək deyil ki, səfirliyin açılması yaxın günlərdə baş tutacaq. Sadəcə, rəsmi Yerevan öz təkliflərini verib”.

Yevda Abramov Ermənistanın İsraildə səfirlik açmaq qərarından danışarkən dilənçilik etdiyini də vurğulayıb: “Rəsmi Yerevan 2016-cı ilin aprelindən bu işlə məşğuldur. Hətta səhvini başa düşüb üzr istəmək səviyyəsinə qədər düşərək, İsraildən silah da dilənib. Baş nazirdən də aşağı səviyyəli erməni məmurlar İsrailə gedərək silah istəsələr də, istəklərinə nail ola bilməyiblər. Hesab edirəm ki, bu məsələdən sensasiya yaratmaq olmaz. Bu, böyük faciə deyil. Ermənistanın İsraildə səfirlik açmasının Azərbaycana heç bir ziyanı yoxdur”.

Yəhudi parlamentari bildirib ki, Ermənistanın səfirlik açmaq istəyini Azərbaycanla müqayisə etmək doğru deyil: “Bizim İsraildə səfirlik açmamağımız ölkə Prezidentinin kompetensiyasına daxil olan incə məsələdir. Bizi bu məsələdə Ermənistanla eyni səviyyədə qoymaq düzgün deyil. Məsələnin bu formada qoyuluşundan narazıyam. Azərbaycanın geosiyasi maraqları, yerləşdiyi mövqe başqa, Ermənistanın tutduğu mövqe isə tamam başqadır. Unutmaq olmaz ki, biz İslam Təşkilatının üzvüyük. Söhbət ondan getmir ki, bu məsələdə İran faktoru ola bilər. O zaman İsrail məsələni başqa cür qoya bilər. Ermənistan İranla dostluqda heç də bizdən aşağı səviyyədə deyil”.

  • “Etiraz edənlərə təqdim etməyə ciddi dəlillərimiz var”

Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cari ilin əvvəlindən başlayaraq Ermənistanın xarici siyasət kursunuda bir sıra ölkələrdə səfirlik açmaq prioritet elan olunub: “Son məlumata görə, Ermənistan gələn ilin əvvəlinə kimi İsraildə səfirlik açacaq. Qeyd edək ki, İsrailin Ermənistanda səfiri yoxdur, həmin ölkənin Gürcüstandakı səfiri, eyni zamanda, Ermənistanda da akkreditə olunub. İki ölkə arasındakı əlaqələr İsrailin Gürcüstandakı səfirliyi vasitəsilə həyata keçirilir. Ermənistanın həmin ölkədə səfirlik açmağa tələsməsi onların yeni siyasət qurmaq istəmələri ilə əlaqəlidir. Yaxın Şərqdə ermənilər çox yaşayırlar. Həmin regionun ən qüdrətli ölkəsi İsraildir. Ermənistan orada səfirlik açmaqla, eyni zamanda, Yaxın Şərqdəki erməniləri yaxşı koordinasiya etməyi düşünür. Azərbaycanın İsraildə səfirliyinin olmamasına baxmayaraq, iki ölkə arasındakı münasibətlər çox yüksəkdir. İki ölkə arasında heç vaxt ciddi problem ortaya çıxmayıb. Azərbaycanın İsraildə bu günə qədər səfirlik açmamasının səbəbi İran amili ilə bağlıdır. Ölkəmiz düşünüb ki, bu, İranı qıcıqlandırar. Artıq mənə elə gəlir ki, bununla bağlı heç bir problem yoxdur. Hazırda bu məsələ gündəmə gətirilə bilər. Hətta İranın etirazı olsa da, onu haqsız saymaq olar. Çünki Ermənistanla onun münasibətləri inkişaf edə-edə İrəvan İsraildə səfirlik açır. Deməli, lazım gələndə İran qıcıqlanmaya da bilir. Azərbaycan hökuməti İranla münasibətlərini daha soyuqqanlı, praqmatik əsaslara söykənərək aparmalı və İsraildə səfirliyimizin açılmasında maraqlı olmalıdır. İsrail Azərbaycan üçün çox lazımlı ölkədir. Ölkəmiz üçün belə bir addımın atılması heç bir risq tələb etmir. Etiraz edənlər üçün onlara təqdim etməyə əlimizdə ciddi faktlar var. Burada heç bir hüquqi maneə də yoxdur. Ehtimal edirəm ki, yaxın zamanlarda Azərbaycan İsraildə səfirliyini aça bilər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …