Gələn il dövlət sifarişli filmlərin çəkilişi üçün dövlət büdcəsindən hər hansı vəsait nəzərdə tutulmayıb. Bu haqda bir müddət əvvəl Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu məlumat verib.
Polad Bülbüloğlu qeyd edib ki, kinoya vəsait ayrılmaması təhlükə yaradır, çünki bu, sahədə çalışan mütəxəssislərin iş yerlərini tərk etməsinə və Azərbaycan kinosunun gələcək inkişafının dayanmasına səbəb ola bilər.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan Kino Agentliyinə filmlərin istehsalı üçün dövlət büdcəsindən 8,5 milyon manat vəsait ayrılıb.
Maliyyə nazirinin müavini Himalay Məmişov “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələri zamanı həmin vəsaitin cəmi 41 faizinin, yəni 3,5 milyon manatının istifadə olunduğunu bildirib. Onun sözlərinə görə, Agentliyin 2025-ci ilin büdcəsindən 5 milyon manat, 2024-cü ilin büdcəsindən isə 11,5 milyon manat istifadə olunmamış vəsaiti qalır:
“2026-cı il üçün sifarişlər 12 milyon manatdır və Agentliyin əlində olan vəsaitlərin növbəti ilin xərclərini ödəyəcəyini düşünürük”.
Bəs bu vəsaitlər niyə xərclənməyib?
Kino mütəxəssisləri bildirirlər ki, hazırda onlarla layihəsi olan rejissorlar, ssenaristlər və prodüser mərkəzləri maliyyə axtarışındadırlar. Onların əksəriyyəti dəfələrlə Mədəniyyət Nazirliyinin müvafiq kino qurumlarına maliyyə dəstəyi üçün müraciət ediblər.
Hesablama Palatasının Mədəniyyət Nazirliyinin 2020–2021-ci illərdə dövlət sifarişli filmlərin istehsalı ilə bağlı ayrılan vəsaitin auditində də eyni vəziyyət aşkar edilmişdi. Audit zamanı dövlət sifarişi ilə filmlərin istehsalı üçün büdcədən ayrılan 11 milyon manatın yalnız 84,3 faizinin icra edildiyi məlum olmuşdu. Palata bunu düzgün proqnozlaşdırmamanın nəticəsi kimi qiymətləndirirdi. Hətta həmin vəsait hesabına 79 kinofilmin çəkilişinin aparıldığı göstərilsə də, Hesablama Palatasının yoxlamalarında bəzi filmlərin istehsalı üçün vəsait ayrılmasına baxmayaraq, işlərin yarımçıq saxlanıldığı da müəyyən olunmuşdu. Bundan əlavə, çəkilişləri ləğv edilən filmlərin adına yeni texniki avadanlıqların alınması üçün növbəti illərdə əlavə smetalar tərtib edilməsi də aşkarlanmışdı.
Nazirliyin kino şöbəsində aşkarlanan korrupsiya hallarından sonra idarəetmə sistemi dəyişdirilərək, 2022-ci ildə Prezidentin sərəncamı ilə Nazirliyin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) publik hüquqi şəxs yaradıldı.
Görüntü dəyişdi, amma problem bir qədər də dərinləşdi
Azərbaycan Respublikasının Kino Agentliyi yaradıldığı ildən bəri kino layihələrinə dair pitçinqlər təşkil edir. Yəni yaradıcı şəxslər və şirkətlər layihələrini, büdcələrini və çalışacaq komandanı təqdim edirlər. ARKA-da fəaliyyət göstərən Seçim Komissiyası tərəfindən həmin layihələr dəyərləndirilir və müsabiqə yolu ilə maliyyə dəstəyi alacaq filmlər seçilir. Lakin qurum yaradıldıqdan sonra film istehsalına dəstək üçün ayrılan 8-12 milyon manatlıq büdcənin istifadə olunmaması problemi daha da dərinləşib.
Meydan TV-nin bu mövzuda ARKA-ya ünvanladığı sorğu cavabsız qalıb.
Bununla belə, Kino Agentliyi yerli mediaya açıqlamasında bildirib ki, 2023–2025-ci illərdə dövlət dəstəyi ilə 71 film layihəsinin istehsalına başlanılıb və onlardan 50-si (6-sı tammetrajlı) tamamlanaraq təhvil verilib. İstehsal üçün 34 şirkətə 21,3 milyon manat dövlət vəsaiti ayrılıb.
“2026-cı il dövlət büdcəsində kino sənayesinə vəsait ayrılmaması əldə olunmuş inkişaf dinamikasının dayanmasına, “rebate” mexanizminin tətbiqinin ləngiməsinə və Azərbaycanın qlobal innovasiya indeksində mövqeyinin zəifləməsinə səbəb ola bilər. Hazırda ARKA-nın hesabında qalan 4,5 milyon manat yalnız davam edən layihələrin maliyyələşdirilməsinə yönəlib. Bu səbəbdən dövlət dəstəyinin davamlılığı kino sənayesinin sabit inkişafı üçün həlledici əhəmiyyət daşıyır”, – Agentlik vurğulayıb.
Rejissor-ssenarist İntiqam Hacılı isə hesab edir ki, Agentlik daha əhəmiyyətli filmlərdən çox, televiziya bədii-sənədli filmləri tipində layihələri maliyyələşdirir. Onun sözlərinə görə, kino istehsalı ilə bağlı xüsusi plan, proqram və qanunvericilik bazası mövcud deyil:
“Bildirirlər ki, 70 filmə pul ayrılıb. Əslində isə vəsaitin böyük qismi post-prodakşn işlərinə sərf olunur. Yəni film artıq çəkilib və onun tamamlanması – səs, montaj və digər texniki işlər üçün əlavə pula ehtiyac yaranır. Beləliklə, 3 il ərzində post-prodakşn üçün ayrılan vəsaitlər də öz istehsalları kimi təqdim edilir. Hətta televiziya ilə görülən bütün işləri də film istehsalı siyahısına salıblar. Ümumiyyətlə, maliyyə dəstəyi verdikləri işlərin içindən 4-5 filmi sadalamaq olar, qalanları isə televiziyaların da çəkə biləcəyi sənədli filmlərdir. Əgər ilin əvvəlində büdcədən pul ayrılırsa, bəs o niyə istehsala yönəldilmir? Hələ nə qədər kino adamlarının layihələri var, onları dəvət edib müzakirə aparmaq olar”.
ARKA-nın büdcəsindən yararlanan məmurlar və neft maqnatları
Dövlət satınalmaları portalının məlumatlarına əsasən, 2025-ci ildə 21 filmin çəkilişi üçün 5,6 milyon manat, 2024-cü ildə isə 28 filmin istehsalı üçün 9 milyon manat məbləğində Kino Agentliyi ilə müqavilələr bağlanıb. Bu layihələrə tam və qısametrajlı bədii filmlər, sənədli və animasiya filmləri daxildir.
Təbii ki, büdcənin böyük hissəsi tammetrajlı filmlərin istehsalına yönəldilir. Məsələn, 2023-cü ilin oktyabrın 31-də qeydiyyatdan keçən “Molla Nəsrəddin: Çətin günlərimin dostu” tammetrajlı bədii film layihəsi 2024-cü ildə Azərbaycanda nəzərdə tutulan əlavə 15 dəqiqəlik çəkilişlər, xarici ölkələrdə birgə çəkilişlər və post-prodakşn xidmətləri üçün 1,05 milyon manat, 2025-ci ildə isə daha 1,1 milyon manat maliyyə alıb.
Dövlət vergi reyestrində “Nasreddin Production” MMC-nin hüquqi təmsilçisi Zaur Darabzadə göstərilir. Zaur Darabzadə 2021-ci ildən ölkədəki ən böyük və monopolist kinoteatr şəbəkəsi olan “CinemaPlus”un baş direktorudur və 2018-ci ildən şirkətin İdarə Heyətinin üzvüdür. O, həmçinin “Day.Az Media” şirkətində (Trend, Day.Az, Milli.az, Turbo.az) direktor müavini kimi çalışıb.
Mediada Zaur Darabzadənin 2022-ci ildə Azərbaycan hökumətinin yaratdığı və Xəzər-Qara dəniz-Baltik regionunda fəaliyyət göstərən böyük neft-qaz şirkətlərini birləşdirən “Caspian Energy Club”un Gürcüstan nümayəndəliyinə sədr təyin olunduğu da bildirilir.
Vergi reyestrində “CinemaPlus”un təsisçilərindən biri olaraq adı keçən Rövşən İlham oğlu Tamrazov göstərilir. Rövşən Tamrazov xaricdə fəaliyyət göstərən azərbaycanlı neft maqnatıdır. Onun İsveçrədə rəhbərlik etdiyi “Maddox Group” şirkəti Xəzər, Baltik və Qara dəniz regionlarında neft ticarəti ilə məşğuldur. Bəzi beynəlxalq jurnalist araşdırmalarında Tamrazovun adının maltalı jurnalist Dafne Karuana Qalitsianın (Daphne Caruana Galizia) qətlinin arxasındakı şəbəkə ilə əlaqəli şəxslərin maliyyə zəncirində hallandığı qeyd olunub. Tamrazov isə açıqlama verərək bu iddiaları təkzib edib və həmin hadisələrlə heç bir bağlılığı olmadığını bildirib.
Öz film layihəsinin seçimində iştirak edən “münsif” kimdir?
“Caspian Energy Club”un Mədəniyyət və Kinematoqrafiya üzrə Komitəsinin sədri Nəriman Məmmədova məxsus “Narimanfilm” MMC uzun illərdir dövlət büdcəsindən kino istehsalı üçün ən böyük maliyyə payı alan şirkətlərdən biridir. Şirkət 1994-cü ildən bu sektorda fəaliyyət göstərir. Hesablama Palatasının Mədəniyyət Nazirliyində aparılan auditində “Narimanfilm” MMC-nin də maxinasiyada adı keçən kino şirkətlərdəndir. 2020-2021-ci illərdə şirkət tərəfindən dövlət vəsaiti ilə çəkilən filmlər üzrə ayrılan 2,3 milyon manatın audit zamanı ciddi vergi pozuntuları aşkarlanmışdı.
Yeni satınalma məlumatlarına əsasən, 2025-ci ildə ARKA “Narimanfilm” MMC-nin “Akinak. İskit qılıncı” filminin istehsalı üçün 1,1 milyon manat ayırıb. Bundan əvvəl həmin filmin rejissor ssenarisinin yazılması və ilkin hazırlığı xidmətləri üçün Mədəniyyət Nazirliyinin tabeliyində olan başqa bir qurum — “Əsaslı Tikinti və Təchizat” tərəfindən 500 min manat ödənilib.
Ən diqqətçəkən məqam isə budur ki, Nəriman Məmmədov ARKA-nın cari ildə fəaliyyət göstərən Seçim Komissiyasının üzvü olub və bu xidmətə görə 4 min manat alıb. Bu isə o deməkdir ki, N.Məmmədov dövlət sifarişili film layihələrinin müsabiqəsində Seçim Komissiyasının üzvü kimi eyni zamanda öz şirkətinin layihəsinin seçilməsində iştirak edən “münsif”dir.

Bundan əlavə, Nəriman Məmmədov bioqrafiyasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi və həmtəsisçisi olduğunu göstərir. İttifaqın idarə heyətinin iki üzvü – Şəfiqə Məmmədova [2024-cü ilə qədər İttifaqın sədri olub] və Nadir Bədəlov da ARKA-nın 2025-ci il Seçim Komissiyasında üzv olaraq iştirak ediblər.
Bu faktlar “Dövlət satınalmaları haqqında” və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunvericiliyə əsasən maraqlar toqquşması kimi təsbit edilir və korrupsiya riski kimi qiymətləndirilir.
Bundan əlavə, cari ildə ARKA “Caspian Media Group” MMC-nin “Atropatena” filminin istehsalı üçün 962,8 min manat, “Buta Film” MMC-nin isə “Quşlar susanda” adlı bədii filminin istehsalı xidmətlərinin satın alınmasına 459 min manat vəsait yönləndirib.
Bu il Türkiyənin “Alpha Produksiyon ve Ajans Hizmetleri LTD. ŞTİ” şirkəti “Azıx mağarası” sənədli filminin istehsalının həyata keçirilməsi xidmətləri üçün təxminən 910 min manat alıb. Şirkətin təsisçilərindən biri olan Atakan Kərküklü Azərbaycanda dövlət sifarişli bir çox sənədli filmlərin müəllifi kimi tanınır.
Nazir müavininin hüquq şirkəti film istehsalına keçib
2024-cü ildə çəkilən filmlərə nəzər saldıqda isə görürük ki, həmin dövrdə bağlanan satınalma müqavilələrinə əsasən, ayrılmış 9 milyon manat vəsaitin yalnız 4,5 milyon manatı “Bakı Media Mərkəzi” MMC-nin iki bədii filmi — “44” və “Dərviş”in istehsalına yönəldilib. Qeyd edək ki, bu prodüser mərkəzi Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyevaya məxsusdur.
“Bakı Media Mərkəzi” MMC tərəfindən istehsal olunan “Tağıyev: Neft” adlı çoxseriyalı bədii filmin birinci seriyasının 2024-cü il 4 oktyabr tarixində Heydər Əliyev Mərkəzində təqdimatına görə ARKA tərəfindən şirkətə 140 min manata yaxın vəsait ayrılıb.
Keçən il ölkədə müzakirələrə və tənqidlərə səbəb olan və Azərbaycan Dövlət Televiziyasının sifarişi olan “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin istehsalı “Şahdağ Production Group” tərəfindən həyata keçirilib. Filmin ümumi büdcəsi açıqlanmasa da, post-prodakşn işlərinin tamamlanması üçün Kino Agentliyi 285 min manat ayırıb.
Vergi reyestrinə əsasən, 2014-cü ildə qeydiyyatdan keçmiş şirkətin qanuni təmsilçisi İlqar Mehtidir. Hazırkı VÖEN-i (1402706651) üzrə keçmiş adı “EKVITA BUSINESS SERVICES” MMC olan bu şirkətin təsisçisi indiki maliyyə nazirinin birinci müavini Anar Mehman oğlu Kərimovdur. Belə görünür, şirkət 2024-cü ilin fevral ayında ad dəyişikliyi edərək əvvəlki hüquqi xidmət fəaliyyətindən film istehsalı sahəsinə keçid edib.
Azərbaycan mediasında dərc olunan məlumatlara görə, İlqar Mehti nazir müavini Anar Kərimovla yaxın qohumdur. İlqar Mehti həmçinin “Evkita” konsaltinq şirkətinin baş direktorudur.
Anar Kərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müavini kimi çalışarkən həmin nazirliyin “Evkita” konsaltinq şirkəti ilə bağladığı qalmaqallı tender müqavilələri də geniş müzakirəyə səbəb olmuşdu.
“Evkita” konsaltinq şirkəti öz sosial media hesabında “Veysəloğlu” şirkəti ilə birlikdə “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin baş sponsoru kimi təqdim olunur.
İxtisasca hüquqşünas olan və hüquq şirkətinin rəhbəri kimi fəaliyyət göstərən İlqar Mehti eyni zamanda sözügedən filmin baş prodüseri və ssenari müəllifi olmaqla yanaşı, ekran işində Qara Sunqur obrazını da canlandırıb.
“O qədər “xarab çarxlar” var ki…”
Korrupsiya hallarının qarşısının alınması baxımından məsələyə yanaşan bir sıra sənət adamları dövlət maliyyəsi hesabına film istehsalının dayandırılması tərəfdarı kimi çıxış edirlər. Onlar çıxış edərək bildirirlər ki, onsuz da dövlət dəstəkli müsabiqələrdən maliyyə cəlb etmək məhduddur, ayrılan vəsaitlər yaradıcı insanlara xəsisliklə verilir və ya ümumiyyətlə rədd edilir. Müsabiqədən keçən layihələr üzrə isə şəffaflıqla bağlı problemlər qalmaqdadır.
Kino tənqidçi Aygün Aslanlı isə düşünür ki, bütün hallarda kino sənayesinin inkişafında dövlət dəstəyinə ehtiyac var:
“Dövlətin kino sənayesinə dəstəyi bütün ölkələrdə var. Amma bu necə olur? Məsələn, Türkiyədə kinoya dövlət tərəfindən vəsait ayrılır, lakin bu, 100 faiz olmur. Hər hansı bir türk rejissoru və ya istehsalçı şirkət çatışmayan vəsait üçün dövlət qurumlarına müraciət edə bilir. Dövlət maliyyəsi də bir fonddur, köməklik göstərir. Amma tam şəkildə deyil, müəyyən hissəsini maliyyələşdirir. Gürcüstanda da bu sistem mövcuddur”.
Kino tənqidçi hesab edir ki, Azərbaycanda qanunvericilikdə bu sahə ilə bağlı ciddi boşluqlar var və maliyyələşmə mexanizmləri yenidən işlənməlidir:

“Qanunda strukturun necə qurulması və fəaliyyət istiqamətləri aydın şəkildə müəyyən edilməlidir. Elə mexanizmlər nəzərdə tutulmalıdır ki, özəl şəxslər, şirkətlər, banklar və digər qurumlar kinoya və ümumilikdə bu sahəyə investisiya qoymaqda maraqlı olsunlar.
Məsələn, Türkiyədə “Sabancı Holding”in ayrıca vakfı var və festivallar təşkil edir. Yəni holdinqin ayrıca mədəniyyət qolu fəaliyyət göstərir və bu sahəyə sərmayə yatırır. Dünyada belə nümunələr çoxdur. Düşünürəm ki, Azərbaycanda da bütün bunlar dövlət tərəfindən dəstəklənməlidir.
Tez-tez “dövlət kinoya pul ayırmamalıdır” fikri səslənir – əslində, bu, çox doğru fikirdir. Dövlət film istehsalı üçün tam maliyyə ayırmamalıdır. Dövlət qanuni tənzimləmələr və mexanizmlər vasitəsilə elə bir sistem yaratmalıdır ki, çarx özü işləsin və ehtiyac yarandıqda dəstək mexanizmləri işə düşsün. Məsələn, İranda xüsusi bir qurum var və debüt filmləri çəkən sənət adamları maliyyə resursu və texnika tapa bilməyəndə ora müraciət edirlər, onlar da dəstək göstərirlər”.
A.Aslanlı bildirir ki, Azərbaycanda filmlərin dövlət tərəfindən 100 faizlik maliyyələşməsi ilə yanaşası, bu sektorda müstəqillik də yoxdur:
“Mövcud qanunlar müstəqil fəaliyyətə, prodüser şirkətlərinin yaranmasına və genişlənməsinə kifayət qədər imkan vermir. Qanunda boşluqlar var və yeni qaydalar, mexanizmlər qanunvericiliklə uyğunlaşdırılmalıdır.
Məsələn, bu sektorda satınalma prosedurları tətbiq olunur. Pitçinqlərdə seçilən filmlərlə satınalma müqavilələri bağlanır. Amma düşünürəm ki, tender sistemi mədəniyyətə, xüsusilə kinoya və teatra eyni qayda ilə tətbiq oluna bilməz. Bu, inşaat sektoru deyil ki, müxtəlif tikinti şirkətləri öz variantlarını təqdim etsin və onların arasından ən uyğunu seçilsin. Burada bir rejissor, bir ssenarist var – film çəkmək istəyirlər. Onlara tender necə tətbiq oluna bilər?”.
Kino tənqitdçi ARKA tərəfindən keçirilən pitçinqlərin şəffaflığı ilə bağlı narahatlığın olduğunu deyir:
“Pitçinqlər formal olaraq şəffaf keçirilir, onlayn yayımlanır, amma Seçim Komissiyasında oturan ekspertlərin nə dərəcədə peşəkar yanaşdığı başqa məsələdir. Müsabiqə ilə bağlı çoxlu şikayətlər var. Çoxları bildirir ki, ekspertlər şurası özünü doğrulda bilmir”.
Ölkədəki digər problemlərdən biri də dövlət maliyyəsi hesabına çəkilən filmlərin geniş kütləyə çatdırılmasında yaşanan çətinliklərdir. Tamaşaçılar bu filmləri televiziya və digər ekranlarda görə bilmirlər. ARKA açıqlamasında bildirir ki, 2025-ci ildən etibarən filmlərin yayım hüquqlarının satışına başlanılıb. Yerli telekanallarla imzalanan ilk yayım paketi 11 film üzrə 100 min manat dəyərindədir.
A.Aslanlının fikrincə, filmlərin yayımlarında müşahidə olunan çətinliklərin əsas səbəblərindən biri kinoteatrların azlığıdır:
“Qanunvericilikdəki məhdudiyyətlər səbəbindən film istehsalı üçün vəsait ayrılır, filmlər çəkilir, amma onların nümayişi üçün kinoteatrlar yoxdur. Azərbaycanda hazırda “Nizami” kinoteatrı fəaliyyət göstərir. Ticarət mərkəzlərindəki kino zalları isə kommersiya filmlərini yayımlayır. Belə kino zallarında bir sənət filmini uzun müddət repertuarda saxlamaq mümkün deyil, çünki bu, onlara qazanc gətirmir. Məsələn, Hilal Baydarov və ya Elvin Adıgözəlin filmlərini bir ay repertuarda saxlamaq onlara sərf etmir. Bu o deməkdir ki, müəyyən gün və saatlarda zallar boş qalacaq. Buna görə də kinoteatrlar olmalıdır. Nəticədə bir çox yerli filmlər çəkilsə də, geri dönüş olmur”.
“Ancaq kommersiya filmlərinin də yanvar ayından etibarən nümayişi azalıb. Dünya ölkələrində yerli kinonun inkişafı üçün geniş güzəştlər var, Azərbaycanda isə bunlar mövcud deyil. Yerli filmlərin bilet qiymətləri daha ucuz olmalıdır, onlara daha çox ekran vaxtı verilməlidir. Xarici ölkələrdə yerli filmlərə tətbiq olunan vergi güzəştləri Azərbaycanda da şamil olunmalıdır. Yəni müəyyən vergi və digər güzəştlər olmalıdır ki, bizdə bunların heç biri yoxdur. Qanun yoxdur, stimullar yoxdur. Stimullar olmayanda sistem işləmir. Bu, böyük bir sistemdir – bir industriyadır. Burada hər çarx işləməlidir ki, nəticə əldə olunsun. Dövlət film çəkir, amma onu yayımlamağa yer yoxdur. O qədər “xarab çarxlar” var ki, sadəcə “dövlət maliyyə ayırsın və hər şey düzələcək” yanaşması ilə problemi həll etmək mümkün deyil”, – deyə A.Aslanlı qeyd edir.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
