Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanın və İndoneziyanın APA-dakı nümayəndə heyətləri arasında görüş keçirilib

Fevralın 21-də Azərbaycanın və İndoneziyanın Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətləri arasında görüş keçirilib.

Boyukmillet.com  xəbər verir ki, Azərbaycanın APA-dakı nümayəndə heyətinin rəhbəri Əminə Ağazadə Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edən İndoneziya nümayəndə heyətini salamlayaraq, ölkələrimiz arasında əlaqələrin dinamik inkişaf etdiyini deyib. O, Azərbaycanın APA-nın sədrliyinə namizədliyini dəstəklədiyinə görə İndoneziya tərəfinə təşəkkürünü ifadə edib.

Əminə Ağazadə fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərindən söz açıb. Bildirib ki, bu seçkilər Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi ilə əlamətdar olub. O, ölkələrimiz arasında əməkdaşlıqdan və parlamentlərarası əlaqələrin inkişaf perspektivlərindən danışaraq münasibətlərin bütün sahələrdə genişləndirilməsinin vacibliyini vurğulayıb.

Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və İndoneziyanın səmərəli əməkdaşlıq etməsindən bəhs edən Əminə Ağazadə APA çərçivəsində əməkdaşlığın əhəmiyyətindən, onun gücləndirilməsi potensialından danışıb, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb. Eyni zamanda, o, Azərbaycanın sədrliyi zamanı APA-nın daha da güclənəcəyinə əminliyini bildirib.

İndoneziyanın APA-dakı nümayəndə heyətinin rəhbəri Fadli Zon fevralın 7-də Azərbaycanda keçirilmiş Prezident seçkiləri, həmçinin ölkəmizin ərazi bütövlüyünü tam bərpa etməsi münasibətilə təbriklərini çatdırıb.

O, ölkələrimiz və parlamentlərimiz arasındakı əlaqələrin daha da möhkəmlənməsinin vacibliyini vurğulayıb. Həmçinin ikitərəfli sosial və mədəni əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib.

Fadli Zon Azərbaycanın APA-ya sədrliyi dövründə təşkilatın daha da möhkəmlənəcəyinə, aktual məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib. O, diqqətə çatdırıb ki, Azərbaycanın sədrliyi dövründə İndoneziya bütün tədbirlərdə aktiv iştirak edəcək, lazımi dəstəyi göstərəcək.

Milli Məclisin deputatları İlham Məmmədov və Aydın Hüseynov görüşdə çıxış edərək ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlığın rolundan söz açıblar.

Görüşdə, həmçinin Milli Məclisin deputatı Anar Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Check Also

Gələn həftə Milli Məclisdə Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin müzakirələri başlayacaq

Milli Məclisdə noyabrın 18-də Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi zərfinin müzakirələri başlayacaq. “Report”a məlumatı …