Cümə , 22 Noyabr 2024
Drone Cameras

Azərbaycanın yeni strateji inkişaf mərhələsinin 5 məqsədi açıqlanıb

Azərbaycanın yeni strateji inkişaf mərhələsində – milli iqtisadiyyatın rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının gücləndirilməsi, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalalaşdırılması, ölkənin rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanına çevrilməsi, azad edilmiş ərazilərin sürətli reinteqrasiyası kimi məqsədlər hədəflənir.

Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün Bakıda keçirilən “2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik” mövzusunda ikinci DİM Dialoqu zamanı deyib.

Onun sözlərinə görə, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 %, qeyri-neft qaz ÜDM-nin isə illik orta hesabla 5 % artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 %-ə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri neft-qaz ixracının həcminin 85 % artırılması hədəflənir.

“Xüsusilə regionlarda kiçik və orta sahibkarlığın, eləcə də özünüməşğulluğun inkişafına zəruri şərait yaradılmaqla əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunacaq, qeyri-formal məşğulluğa qarşı zəruri qabaqlayıcı və nəzarət tədbirləri gücləndiriləcəkdir.

Qeyri-formal məşğulluğun mərhələli azaldılması nəticəsində muzdla işləyənlər üzrə qeyri-dövlət sektorunun payı 50 % (2021-ci il üzrə – 46,9 %) təşkil edəcəkdir”, – S. Məmmədov bildirib.

Nazir müavini əlavə edib ki, qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşdırılacaqdır: “Qadınların cəmiyyətdə iqtisadi fəallığı artırılacaq, onların yüksək əməkhaqqı olan iqtisadi sahələrdə məşğulluğu təşviq olunacaqdır”.

Hazırda, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti sahə nazirlikləri və digər təşkilatlardan daxil olan təkliflər əsasında müəyyənləşdirilir.

Dördüncü sənaye inqilabının zərurətə çevrilən çağırışlarını nəzərə alaraq, dövlət sifarişinin formalaşdırılması zamanı son 3 ildə əsas diqqət texniki, texnoloji və təbiət ixtisaslarının artırılmasına verilib.

Ali təhsilin əlçatanlılığının və əhatəliliyinin artırılması, xüsusilə əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması məqsədilə dövlət hesabına təhsil alan tələbələrin sayı artırılıb. Əgər 2018-ci ildə dövlət sifarişinin ümumi qəbul planında xüsusi çəkisi 27% təşkil edirdisə, hal hazırda bu rəqəm 50%-ə qədər təşkil edir”.

O, bildirib ki, yaxın gələcəkdə qarşımızda duran əsas məsələ – işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlıdır:

“İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir.

Sahibkarlara və investorlara Qarabağda biznes qurmaqda dövlət tərəfindən zəruri dəstək təmin edilir, güzəşt və imtiyazlar verilir, mühüm infrastruktur layihələri həyata keçirilir.

2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və yenidən qurulması istiqamətində, o cümlədən hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanıb.

İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Son onilliklər ərzində inkişaf etmiş ölkələrdə inklüzivlik, bərabər imkanlara əsaslanan inkişaf və regional bərabərsizliklərin aradan qaldırılması, rəqəmsal inkişaf, dairəvi iqtisadiyyat və yerli istehsal, “ağıllı” və dayanıqlı yaşayış məntəqələri, vətəndaş iştirakçılığı kimi amillər idarəetmənin yeni istiqamətləri kimi önə çıxıb.

Məhz bu məqsədlə işğaldan azad olunmuş ərazilərin bərpası və dayanıqlı inkişafı istiqamətində həyata keçiriləcək tədbirlər müəyyənləşdirilərkən sözügedən amillər ətraflı araşdırılmış, onların mümkün təsirləri təhlil edilmiş, BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb.

Ancaq azad edilmiş torpaqların reabilitasiyasına mane olan əsas məqam bu ərazilərin minalanmasıdır.

Ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi prosesinin müddətinin proqnozlaşdırılan müddətdən çox davam etməsi bu istiqamətdə prioritetlərin həyata keçirilməsi ilə bağlı çətinliklər yaradır.

Bu ilin 2 mart tarixində Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID 19-a Qarşı Mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə cənab Prezident tərəfindən minatəmizləmə fəaliyyətinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb.

Bu istiqamətdə İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyəti orqanlarla birlikdə milli 18-ci Dayanıqlı İnkişaf Məqsədinin layihəsi hazırlanmış və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilmiş, yerli və beynəlxalq ictimaiyyətə təqdim edilib”.

Dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə səmərəli əməkdaşlığın və dialoqun qurulması vacib əhəmiyyətə malikdir.

Bu baxımdan “DİM Dialoqlar” təşəbbüsü çərçivəsində istər dövlət, istər qeyri-hökumət təşkilatları, özəl sektor və beynəlxalq təşkilatlarla aparılacaq müzakirələrin ölkəmizdə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliy”in icrasına və iqtisadi və sosial inklüzivliyin təmin edilməsi istiqamətində aparılan siyasətə öz müsbət töhfəsini verəcəyinə inanıram”, – deyə S.Məmmədov əlavə edib.

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …