Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanın Zəfər Günü Meksika Konqresində qeyd edilib

Azərbaycanın Müstəqilliyinin Bərpası Günü və Zəfər Günü münasibətilə Meksika Konqresində “Azərbaycan: uğura doğru gedən uzun cığır” adlı fotosərgi təşkil olunub.

Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Meksika Deputatlar Palatasının bir sıra üzvləri və yerli KİV nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbov qonaqlara ölkəmizin müstəqillik tarixi, AXC-nin qurulması və fəaliyyəti, dövlət müstəqilliyinin bərpa edilməsi və ilk illərdə qarşıya çıxan çətinliklər, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin güclənməsindəki müstəsna xidmətləri, ölkənin son 30 ildə əldə etdiyi nailiyyətlər, habelə Azərbaycanın zəngin incəsənəti və mədəniyyəti haqda məlumat verib.

Sonra erməni təcavüzünün tarixi, Vətən müharibəsinin yekunları, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına münasibətdə mövcud maneələr, bu xüsusda işğladan azad edilmiş ərazilərdə aparılmış kütləvi minalama və dağıntılar, bu ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlər, eləcə də ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti və Meksika ilə ikitərəfli əlaqələrindən bəhs edilib.

Səfir həmçinin münaqişə zamanı Meksika Konqresinin daim beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini söyləyib, bu xüsusda Konqres tərəfindən Azərbaycana qarşı erməni təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edilməsinə görə təşəkkürünü bildirib.

Sərginin rəsmi açılış mərasimindən öncə Konqres tərəfindən tədbirlə bağlı aparıcı Meksika KİV-lərinin iştirakı ilə mətbuat konfransı təşkil edilib və yerli media nümayəndələrinin sualları cavablandırılıb.

Tədbirdə çıxış edən Konqres üzvü, hakim “Morena” partiyasının təmsilçisi Navor Roxas Azərbaycanla Meksika arasında mövcud olan ənənəvi dostluq münasibətlərindən danışıb, bu xüsusda parlamentlərarası əməkdaşlığın xalqlarımızın daha da yaxınlaşmasına önəmli töhfə verdiyini qeyd edib.

Açılış mərasimində digər meksikalı millət vəkilləri də çıxış edərək Meksika xalqı adından müstəqilliyin bərpasının 30 illiyi və öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı Azərbaycan xalqına təbriklər çatdırıb.

Azərbaycanın 30 illik müstəqillik dövrünü, beynəlxalq aləmdə qazandığı uğurları, habelə mədəniyyəti, turizm imkanları, eləcə də Vətən müharibəsindəki tarixi qələbəsi və azad edilən ərazilərdə görülən quruculuq işlərini təsvir edən fotoşəkillərin nümayiş etdirildiyi sərgi yerli auditoriyanın böyük marağına səbəb olub.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …