Cümə axşamı , 2 May 2024
Drone Cameras

Azərbaycanlı QHT rəhbəri Qarabağ Zəfərinin media payını qardaş Türkiyədə belə tanıtdı… – MÜSAHİBƏ

Samir Adıgözəlli: “İki həftəlik ağır müalicədən sonra sağalıb Bakıya gəldim. Mənə göstərilən diqqətə görə Naxçıvan Muxtar Respublika rəhbərliyinə, Muxtar Respublika Səhiyyə Nazirliyinə və bütün tibb işçilərinə dərin minnətdarlığımı bildirirəm.”

II Qarabağ savaşında informasiya müharibəsində fəal iştirak edən media nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi istiqamətində İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli bir müddət əvvəl qardaş ölkədə “Zəfər” adlı media mükafatını türkiyəli jurnalistlərə təqdim edib.

Eləcə də həmin səfəri çərçivəsində qardaş ölkədə məhsuldar görüşlər keçirib. Bütün bunlar barədə Samir Adıgözəlli ilə söhbətləşdik.

-Samir bəy, Türkiyədəki jurnalistləri nədən mükafatlandırmaq qərarına gəldiniz?

-Çünki onlar da müharibədə bizim qədər əziyyət çəkdilər. Bu zəhməti, az da olsa, dəyərləndirmək qərarına gəldik.

-İstərdik keçirdiyiniz “Zəfər Media” mükafatının təqdimatı barədə danışasınız…

– 29 mart tarixində qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən təqdimat mərasimində hər iki ölkənin ictimai siyasi xadimləri, elm və mədəniyyət insanları iştirak edib. Tədbir hər iki ölkənin himnlərinin oxunması ilə başladı və daha sonra Azərbaycan və Türkiyənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan proqramın aparıcısı jurnalist Səidə Ömər iştirakçıları salamladı  və sözü mənə verdi. Mən bildirdim ki, bu mükafatın təsis edilməsində əsas məqsəd II Qarabağ savaşında informasiya müharibəsində fəal iştirak edən media nümayəndələrinin zəhmətini bir balaca da olsun dəyərləndirməkdir.

-Mükafatlandırma hansı parametrlər üzrə aparıldı?

– Əvvəlcə bu mükafatı savaş əsnasında Qarabağ bölgəsində fəaliyyət göstərən media işçilərinə verməyi qərarlaşdırdıq. Sonra qərara gəldik ki, informasiya savaşında xalqımızın, dövlətimizin və millətimizin yanında olan digər xarici ölkə media nümayəndələrini də mükafatlandıraq.

-Tədbirdə daha kimlər çıxış etdi?

-Qarabağ qazisi Şöhrət Eyvazov bu müharibənin qazanılmasında əməyi keçən hər kəsi, başda müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla, şanlı Azərbaycan ordusunun əsgər və zabitlərini təbrik edərək bu media ödülünün verilməsinin simvolik bir xarakter daşıdığını qeyd etdi, bu Zəfərin Azərbaycan və Türkiyə mediasının qarşılıqlı əməkdaşlığı üçün böyük perspektivlər açdığını vurğuladı.

-Mükafatlandırılanlar arasında Türkiyənin tanınmış jurnalistlərindən kimlər vardı?

-Mükafatlandırılan Türkiyə jurnalistləri adından çıxış edən CNN TÜRK telekanalının aparıcısı Fulya Öztürk bildirdi ki, o faciə və qürurla dolu anları unutması əsla mümkün deyil. Jurnalist dedi ki, bu tədbirdə aldığı mükafat fəaliyyəti boyu aldığı ən müqəddəs mükafatıdır, çünki həmin mükafat əziz şəhidlərimizin qələbəsinin, zəfərinin nəticəsidir. Mərasimdə mükafat alan jurnalistlərin hər biri bu mükafatın ali dəyərinə toxunaraq, zəfərdə kiçicik də olsa paylarının olmasından dolayı məmnunluq hissi keçirdiklərini bildirdilər. Tədbirdə Türkiyənin məşhur CNN TÜRK, TRT, A HABER, HABER TÜRK, ATV HABER, TV NET, TV 100, Anadolu Hürriyet, Sabah, DHA və digər tanınmış böyük media qurumlarının təmsilçiləri iştirak edirdi. Demək olar ki, mükafatlandırmada adı olan və dəvət etdiyimiz nümayəndələrin hər biri “Zəfər” media mükafatı gecəsində təmsil olundular

-Bu cür əhatəli tədbirin maliyyə dəstəyini kim verdi?

-Tədbir ölkə iqtisadiyyatının inkişafında əvəzsiz  rolu olan “Azərçay”ın və “Sirab”ın dəstəyi ilə baş tutdu. Tədbirdə Azərbaycanın Istanbuldakı Baş konsulluğunun konsulu Zaur Allahverdizadə baş konsulluq adından iştirak edirdi.

-Deyəsən, İstanbulun bələdiyyə başqanı, tanınmış siyasətçi Əkrəm İmamoğlu ilə də görüşdünüz…

-Bəli, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüşümüz oldu. Görüşdə İstanbul Böyükşəhər Bələdlyyəsinin hər zaman ölkəmizə dəstək olduğunu qeyd etdik. İstanbul Böyükşəhər Bələdlyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyə-Azərbaycan münasibətlərinin ölkəsi üçün önəmini qeyd edərək, ikitərəfli münasibətlər üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirdi.  Görüşün sonunda bələdiyyə sədrinə dəyərli xatirə hədiyyələri təqdim  etdik.

-Türkiyənin başqa əyalətlərinə də səfəriniz oldumu?

-Qardaş ölkənin Kocaeli şəhərində silsilə tədbirlər keçirdik. Yüksək səviyyədə keçən İstanbul səfərindən sonra bu dəfə Kocelinə etdiyimiz  səfər bir sıra mühüm məqamları ilə yadda qaldı. Kocaeli Böyükşəhər Bələdiyyəsinin sədri Doç. Dr. Tahir Büyükakını, Gebze Bələdiyyəsinin sədri Zinnur Büyükgözü , Körfəz Bələdiyyəsinin sədri Şener Söyüdü və İzmit bələdiyyə sədri Fatma Kaplanı ziyarət etdik. Ziyarət etdiyimiz hər dörd bələdiyyə sədri də Türkiyə və Azərbaycanın, ulu öndər Heydər Əliyevin dediyi kimi, iki dövlət bir millət olduğunu, bundan sonra münasibətlərimizin daha yüksək səviyyədə inkişaf edəcəyindən əmin olduqlarını dilə gətirdilər. Bu görüşlərdə və daha sonra keçirdiyimiz tədbirlərdə gördüyümüz isti münasibətlər bizi bir daha əmin etdi ki, Türkiyə-Azərbaycan münasibətləri qətiyyən sıradan münasibətlər deyil və ola da bilıməz.

Ardınca 31 Mart Dünya Azərbaycanlılarının soyqırımı günü münasibətilə də Kocaeli şəhərində anım toplantısı keçirdik. Kocaeli Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Azərbaycan Mədəniyyət Evində keçirilən tədbirdə Kocaeli Böyükşəhər Bələdiyyəsi sədrinin müşaviri Yaşar Çakmak, İzmit Bələdiyyəsinin sədr müavini Nurettin Bulut, İzmit Bələdiyyəsi İsman idarəsinin müdiri Mithat Ağa kimi önəmli ziyalılar və dövlət rəsmiləri iştirak etdilər. Tədbirin baş tutmasına görə Kocaeli Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Azərbaycan Mədəniyyət Evinin rəhbəri Bilal Dündara, yazıçı jurnalist Alptekin Cevhərliyə, Dr. Şifa Haciyava Çakıra və iştirak edən QHT və media nümayəndələrinə öz təşəkkürünü bildirirəm.

-Bu cür gərgin qrafikli səfərdən sonra deyəsən ağır bir xəstəlik dönəmi də keçirdiniz…

-Bəli, mən Türkiyədən Naxçıvana çatanda özümü çox pis hiss edirdim. Dərhal təcili yardım çağırıldı daha sonra xəstəxanaya yerləşdirildim. Məlum oldu ki, məndə COVİD virusuna yoluxmuşam. İlkin anda mənim ictimaiyyətçi, təşkilat rəhbəri olduğumu bilmədilər. Buna baxmayaraq, çox böyük dəstək göstərərək, lazımı təcili tibbi müdaxilə etdilər. İki həftəlik ağır müalicədən sonra sağalıb Bakıya gəldim. Mən göstərilən diqqətə görə Naxçıvan Muxtar Respublikası rəhbərliyinə, Muxtar Respublika Səhiyyə Nazirliyinə və bütün tibb işçilərinə dərin minnətdarlığımı bildiririrəm. Sizə də tövsiyə edirəm ki, özünüzü virusdan qoruyasınız.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Samir Adıgözəlli hücuma məruz qalıb

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli İstanbulda hücuma məruz qalıb.  Boyukmillet.com …