Bazar ertəsi , 20 May 2024
Drone Cameras

“Azərsilah” QSC-nin yaradılması Ordumuzun müasir silahlarla təchizatı baxımından önəmlidir – ŞƏRH

Azərbaycan dövləti ordu quruculuğu ilə yanaşı, onun öz silahlarımızla təmin edilməsi məsələsinə də xüsusi diqqətlə yanaşır. Bu baxımdan 18 il əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması tarixi hadisə idi. Qırx dörd günlük Vətən müharibəsində Ordumuz öz silahlarımızdan da yararlandı. Bu gün həm Azərbaycan Ordusu, həm də Daxili İşlər Nazirliyi Müdafiə Sənayesi Nazirliyinin silahlarından istifadə edir.

Prezident İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması barədə Fərmanı mühüm əhəmiyyətə malikdir. Fərmana əsasən, QSC silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirəcək, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin və “Qardaşlığımız Əbədidir” QHT Koalisiyasının sədri Emin Həsənli AZƏRTAC-a açıqlamasında Fərmanın önəmini şərh edərkən deyib ki, bunun nəticəsində Azərbaycan qardaş Türkiyə və Pakistanla, o cümlədən dünyanın bir çox qabaqcıl ölkələri ilə birgə ortaq silah istehsal edəcək. Fərman həm öz Ordumuzun təminatı, həm də dünyaya silah ixracı baxımından çox vacib addımdır. Azərbaycanın istehsal etdiyi silahların dünyanın bir neçə ölkəsində istifadə olunması çox qürurverici olacaq.

Azərbaycan silahlarının beynəlxalq sərgilərdə də nümayiş etdirildiyini deyən Emin Həsənli onların bir çoxuna milli adlar verildiyini diqqətə çatdırıb: “Yüzlərlə yerli silahlarımızın istehsalı tarixi mərhələ idi. Eyni zamanda, həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində keçirilən beynəlxalq silah sərgilərində yaxından iştirak etməyimiz çox önəmlidir. Bu gün Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi məhsullar, yalnız Azərbaycan Silahlı Qüvvələrinin deyil, eyni zamanda, xarici ölkələrin də ordularında arzuolunandır. Xatırladım, 2022-ci il sentyabrında paytaxtımızda keçirilən “ADEX” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində 26 ölkədən 200-dən çox şirkət iştirak edib”.

Müdafiə sənayesi getdikcə təkmilləşən qardaş Türkiyənin təcrübəsindən, eyni zamanda, öz mütəxəssislərimizin bilik və bacarıqlarından geniş istifadə olunduğunu vurğulayan İctimai Birliyin sədri bildirib ki, son illər Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Ordusu özünün silah-sursat ehtiyacının 80 faizini təmin edir. İyirmi il bundan əvvəl həmin göstərici 20 faiz idisə, artıq bu rəqəm 80 faizə yaxınlaşıb. Türkiyə pilotsuz uçuş aparatları, hərbi gəmiləri, tanklar istehsal edir, indi isə təyyarələr yaratmağa başlayıb. Bu da çox önəmli faktdır. Hər bir ölkənin öz ordusunu silahları ilə təmin etməsi çox vacibdir. Gələcəkdə həmin istiqamətlərdə xeyli addımlar atılacaq. Hərbi potensialımız bütün bunlara imkan verir. Qardaş Türkiyə ilə bu sahələrdə birgə işlər görüləcək. İkinci Qarabağ savaşı onu göstərdi ki, dünyada müharibəyə baxış da dəyişib. Ordumuz ölkəmizdə hazırlanan müasir silahlardan istifadə etməlidir.

Hərbi ekspertin sözlərinə görə, sənədlə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi “Azərsilah” QSC-nın tabeliyinə verilir. Ümumiyyətlə, ölkəmizin hərbi elmi potensialı pilotsuz uçuş aparatlarının, müasir texnologiyaya uyğun silahların istehsalına imkan verir. Dünyada ordunun idarə edilməsinə, silahlanmasına və qoşun növlərinə münasibət artıq fərqlidir. Günün tələblərinə cavab verən silah istehsal etmək kimi çətin işin öhdəsindən ölkəmiz məharətlə gələ bildi. Ordumuz da həmin silahlardan faydalanmalıdır. Azərbaycan hərbi sursatlar, bir sıra texnikanın istehsalını təşkil etdi, bu isə xarici bazardan asılılığımızı azaltdı. Bu baxımdan müvafiq Fərmanın əhəmiyyəti həddindən çox böyükdür.

Emin Həsənli qeyd edib ki, “Azərsilah” hazırlanan silahların satılması ilə məşğul olacaq. Hərbi arsenalımıza yeni müasir silahların, texnikaların alınıb-gətirilməsi prosesi həyata keçiriləcək. Yəni xarici ölkələrdə silahların alınıb-satılması ilə məşğul olan ayrıca qurum olur. Bəzən alqı-satqıda holdinqlər lazımi işlər görərək tələbatı qarşılayır. Digər məsələ orduya aid olan xarici ölkələrdən mütəxəssislər gətirilməsi, kurslar təşkil olunması və hərbçilərin ora cəlb edilməsidir. Bir sözlə, bu istiqamətdə sistemli, ardıcıl işlər aparılaraq, həmin məsələlər daim dövlət nəzarətində saxlanılacaq.

Xatırladaq ki, bu ilin yanvarında Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın silah bazarında önəmli yerə iddialı olduğunu demişdi: “Azərbaycanda yerli hərbi sənayenin yeni dövrü başlayır. Eyni zamanda, bu, ixracyönümlü sənaye olacaqdır. Çünki birincisi, biz, ilk növbədə, öz tələbatımızı maksimum təmin etməliyik. Əminəm ki, nəzərdə tutulan müəssisələrin bir neçəsi artıq bu il istehsala başlayacaq. Digər tərəfdən, biz hazırda 30-dan çox ölkəyə hərbi təyinatlı məhsul satırıq. Dünya silah bazarında boşluq yaranıb…Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik”.

Check Also

MN: Artilleriya bölmələri radiolokasiya kompleksləri və PUA ilə döyüş atışlı taktiki təlim keçirir

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim …