ABŞ-ın İrana qarşı sərt sanksiyalar tətbiq etməsi bu ölkə iqtisadiyyatını sarsıdıb. Virtualaz.org qeyd edir ki, İran hökuməti ölkəyə xarici valyuta gətirə bilmək üçünarmatur istehsalını stimullaşdırıb və nəticədə İran istehsalı olan ucuz armatur qonşu ölkələrin, o cümlədən Azərbaycanın tikinti materialları bazarını doldurmaqdadır.
Azərbaycan bazarını bir neçə aydır ucuz İran armaturlarının doldurması nəticəsində yerli istehsalçılar çətin vəziyyətlə üzləşib. Çünki qiymət xeyli ucuz olduğundan yerli istehsalçılar bu rəqabətə davam gətirə bilmir. O cümlədən Türkiyədə dəmir-polad istehsalçıları ucuz İran armaturu ilə bağlı həyacan təbili çalırlar və hökumətdən yerli istehsalçıları qorumaq üçün təcili tədbirlər görməyi xahiş edirlər.
Qonşu Gürcüstanda da vəziyyət fərqli deyil. Son aylar bu ölkəyə də İrandan armatur idxalı xeyli artıb, nəticədə yerli istehsalçılar ciddi problemlə üzləşiblər.
Azərbaycana gəldikdə statistik məlumatlara görə 2018-ci ilin 9 ayı ərzində ölkəyə İran, Rusiya və Ukraynadan olmaqla cəmi 120 min ton armatur idxal edilib. Bu, armatura olan tələbatın əhəmiyyətli hissəsi deməkdir. Başqa sözlə, bu sahədə yerli istehsalçıların qorunmasına dair demək olar heç bir iş görülməyib. Hansı ki, İqtisadiyyat Nazirliyinin yerli istehsalçıları öz mallarına dempinq tətbiq edən xarici ölkələrdən qorumaq üçün spesifik rüsumlar tətbiq etmək səlahiyyəti var. Amma bu alət ucuz İran armaturuna qarşı tətbiq edilmir.
Lakin ucuz İran armaturu təkcə yerli istehsalçılar üçün problem yaratmır. Məsələ bundadır ki, İranda köhnəlmiş də olsa texnoloji normalara əməl edən iri metallurgiya kompleksləri, poladəritmə zavodları ilə yanaşı çoxsaylı özəl zavodlar, Azərbaycanda olduğu kimi metal tullantılarını kustar sobalarda əridib heç bir standartlara cavab verməyən armatur istehsal edən primitiv sexlər də fəaliyyət göstərir. Və belə müəssisələrin, sexlərin istehsal etdiyi armaturlar keyfiyyət baxımından olduqca təhlükəli ola bilər.
Virtualaz.org internet mənbələrində İran armaturunun keyfiyyətinə dair araşdırma aparıb və bu sensasion videokadrlarla qarşılaşıb. Kadrlara əsasən hansısa ərəb ölkələrindən birində ağırtonnajlı maşınlardan boşaldılmış armaturlardan birini götürüb beton bloka yüngülcə vururlar. Və bu zərbədən armatur sanki şüşə boru kimi sınır. Kadrlardakı şəxs bu sınaqdan sonra armaturun üzərindəki etiketi nümayiş etdirir. Məlum olur ki, həmin armatur İranın “Saba Steel” zavodunun istehsalıdır.
Araşdırmalara əsasən İranda bu cür “armatur” istehsal edən çoxsaylı zavodlar var. Onların heç bir standarta cavab verməyən və açıq-aşkar təhlükəli məhsullarını son vaxtlara qədər ancaq Əfqanıstan və İraq kimi ölkələrdə alırdılar. Lakin son vaxtlar İran hökumətinin tətbiq etdiyi dempinq siyasəti sayəsində bu cür istehsalçılar öz mallarını sürətlə Azərbaycan bazarına da doldurmağa başlayıblar. Təsəvvür etmək çətin deyil ki, təqdim etdiyimiz bu cür armaturlarla Bakıda çoxmərtəbəli yaşayış binalarının inşa olunması hansı gələcək təhlükələrdən, kütləvi insan tələfatına səbəb ola biləcək uçqunlardan xəbər verir.
Belə ki, kadrlardakı kimi armaturları istehsal edən İran zavodları sadəcə olaraq dəmir filizini və ya metal tullantılarını əridir, ərinti qəliblərə tökülür və armatur hazırdır! Bu ərintinin tərkibinə metala elastiklik verən, onun sınmasını istisna edən xüsusi maddələr vurulmur. Yəni söhbət armatur adına ifrat bərkimiş poladdan gedir.
Virtualaz.org inşaat sektorundakı qaynaqlardan İran armaturlarının Azərbaycan bazarına necə daxil olması və hansı inşaat şirkətləri tərəfindən tikintidə istifadə olunması barədə sensasion faktlar, görüntülər əldə edib. Mənbələr bildiriblər ki, son vaxtlar İran armaturu ölkəyə birbaşa inşaat şirkətlərinin özləri tərəfindən gətirilir. Onlar öz nümayəndələrini İrana göndərir, ucuz armaturu alıb maşınlara yükləyir və nəzərdə tutulan gömrük rüsumlarını ödədikdən sonra ölkəyə daxil edirlər. Və birbaşa inşaat meydançalarına boşaldırlar.
Məsələn, bu foto Bakının Nəsimi rayonunda, Tibb Universitetinin yaxınlığında “pilot layihə” əsasında çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirən “Konstra” MTK-nın tikinti meydançasında çəkilib. Fotoda şirkətin İran armaturunu yük maşınından inşaat ərazisinə boşaltdığı görünür.
Yaxud yenə də Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirən “Pilot İnşaat-A” MMC adlı şirkətin də armaturu İrandan gətirdiyi bildirilir. Növbəti kadrlar isə “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti baronunun inşa etdiyi çoxmərtəbəli binalardan birinin tikinti meydançasından çəkilib. Bu tikintidə istifadə olunan armaturlar da İran istehsalıdır.
Əlbətdə, inşaatçı şirkət hansı ölkənin istehsalı olan tikinti materiallarından istifadə etmək barədə qərarı özü verir. Lakin söhbət İran armaturlarından gedirsə bu şirkətlərin istifadə etdiyi armaturlar təsadüfən “Saba Steel” kimi zavodlarda istehsal edilməyib ki? Ümumiyyətlə, binanın dayanıqlığının birbaşa asılı olduğu və inşaatın ən kritik materiallarından olan armaturun bu kimi MTK-lar tərəfindən İrandan alınıb gətirilməsi zamanı keyfiyyət məsələsinə necə nəzarət olunur? Azərbaycanın müvafiq dövlət strukturları ölkə bazarını dolduran İran armaturlarının keyfiyyətini axırıncı dəfə nə vaxt yoxlayıb? Bu suallar açıq qalır.
Amma Azərbaycandan fərqli olaraq Gürcüstanda təhlükəli İran armaturları ilə bağlı ciddi narahatlıqlar var. Bu ölkənin sınaq və layihələndirmə Mərkəzinin rəhbəri Arçil Kubaneyşvili 2018-ci ilin sentyabr ayında commersant.ge portalına müsahibəsində deyib ki, İran armaturları fərqlidir.
“Keyfiyyəti pis olanı da var, yaxşı olanı da. Lakin ümumiyyətlə götürəndə İran istehsalçıları texnoloji normalara kifayət qədər əməl etmir. Gürcüstanda nəyə görə İran armaturunu alırlar? Çünki ucuzdur. Lakin ucuz armatur alırsansa gərək onun keyfiyyət standartlarına nə dərəcədə uyğun olduğunu diqqətlə yoxlayasan, əks halda belə armaturdan istifadə çox təhlükəli olacaq. Müxtəlif parametrlər üzrə yoxlama aparmaq lazımdır-geometrik, fiziki-mexaniki, habelə davamlılıq. Əgər armatur bu parametrlər üzrə keyfiyyət standartlarına cavab vermirsə onu ölkəyə buraxmaq olmaz”-Arçil Kubaneyşvili deyib.
Arçil Kubane