Vüqar Qədirov: “ABŞ anlamalıdır ki, bu cür hallar ölkənin imicinə ciddi zərbə vurur və onun obyektivliyinə kölgə salır”
Arzu Nağıyev: “Bakının Vaşinqtona nota verməsi düzgün addımdır”
Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “prezidenti” kimi özünü təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu barədə bildirib ki, ABŞ Dövlət Departamentinə ünvanlanan etiraz notası səfirə təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb. H.Hacıyev bildirib ki, notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub: “ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib. Həmçinin, notada ABŞ-ın beynəlxalq hüququn norma və prinsipləri əsasında daşıdığı öhdəlikləri vicdanla yerinə yetirməli olduğu və ABŞ ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalı olduğu qeyd olunub. ABŞ-la Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirik. Postsovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür”.
Yaranmış vəziyyəti necə xarakterizə etmək olar?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, bu olduqca təəssüfedici bir haldır: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə birbaşa məşğul olan, vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin separatçıların liderinə bu şəkildə qucaq açması olduqca təəccüblüdür. Bu hərəkətə görə Azərbaycanın rəsmi etiraz bildirməsi tamamilə doğrudur. Azərbaycan XİN-in ABŞ-ın Azərbaycandakı səfirini çağırıb ona nota təqdim etməsi tam yerindədir. Eynilə Azərbaycanın ABŞ-dakı səfiri də Dövlət Departamentinə gedərək amerikalı diplomatlara anlatmaq istəyib ki, yanlış addım atmayın. Ancaq biz təəssüf edirik ki, bəzi ölkələr bu vəziyyətdən nəticə çıxarmaq əvəzinə, bir-birlərinin səhvlərini təkrarlayırlar. Bir sözlə, edilən xəbərdarlıqlar qulaqardına vurulub. Çünki analoji hallar başqa ölkələrdə də müşahidə edilib. Hiss olunur ki, separatçılara fərqli münasibət göstərilməsində maraqlı olan kifayət qədər ciddi dairələr var. Saakyanın səfərində bir neçə məqsədi ola bilər. Birincisi, konqresmenlərlə görüş keçirib ermənipərəst amerikalıların dəstəyini almaq, ikincisi, Amerikadan Dağlıq Qarabağa növbəti pul tranşını təmin etmək. Təəssüf ki, Vaşinqton B.Saakyanın hər iki məqsədinə çatmağına şərait yaradır və bununla Azərbaycanla münasibətlərinə xələl gətirir. Bu baxımdan da bizim XİN-in mövqeyini tam haqlı saymaq olar. Düşünürəm ki, Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar tərəfimizdən notanın verilməsi Azərbaycanla ABŞ-ın münasibətlərinin tam pozulması anlamına gəlməyəcək. Bütün hallarda, Azərbaycan məsələyə sərt mövqeyini ifadə etməliydi. Çünki bu kimi hallar Fransada, Brüsseldə, Avropa Birliyinin paytaxtında da olub. Əks halda, onlar elə bilərlər ki, Azərbaycan bu sözlərdən yumşalır və separatçılığı həzm etməyə hazırdır. Azərbaycan hər zaman bununla bağlı öz etirazını bildirməli və izahat tələb etməlidir. ABŞ anlamalıdır ki, bu cür hallar ölkənin imicinə ciddi zərbə vurur və onun obyektivliyinə kölgə salır. Vaşinqton bu məsələdə prinsipial olmalıdır ki, vasitəçilik missiyasında nəsə əldə etsin”.
Politoloq Arzu Nağıyev isə hesab edir ki, Bakının Vaşinqtona nota verməsi düzgün addım kimi dəyərləndirilməlidir: “İlk növbədə ona görə ki, ABŞ münaqişənin tənzimlənməsində ATƏT-in Minsk Qrupunda təmsil olunan bir dövlətdir, buna görə də daha maraqlı olmalıdır. Məlum məsələdir, xarici siyasətdə dostluq, qardaşlıq məfhumu, demək olar ki, yoxdur. Lakin ümumi maraqlar olan yerdə bu ”dostluq”lar yada düşür. Əgər qlobal miqyasda götürsək, ABŞ iqtisadi, siyasi və hərbi maraqlarına görə heç vaxt Azərbaycanla münasibətini gərginləşdirib Ermənistanla müttəfiq kimi davranmaz. Burada bir sıra səbəblər var. Birincisi, Rusiya və Ermənistanın siyasi, iqtisadi və hərbi bloklarda birgə təmsil olunmalarıdır. İkinci məsələ ABŞ-ın regionda olan özəl maraqları, o cümlədən İran, Əfqanıstan və digər dövlətlərlə Azərbaycanın ikitərəfli müsbət istiqamətli münasibətləridir. Üçüncüsü, hətta ABŞ prezidenti Donald Trampın da Azərbaycanın tərəfdaş dövlət olduğunu qeyd etməsi və beynəlxalq səviyyəli iqtisadi və siyasi layihələrdə əməkdaşlıq etmələridir”.
(Bakı-Xəbər, Məhəmmədəli QƏRİBLİ)