Azərbaycanın kənd təsərrüfatında məhsul istehsalının əsas hissəsi hələ də xırda təsərrüfatların payına düşür. “Report” xəbər verir ki, bu barədə Azərbaycanda kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramında (2017-2022-ci illər) qeyd edilib.
Proqrama əsasən, ölkədə kənd təsərrüfatı məhsulları istehsalçılarının əksəriyyəti xırda təsərrüfatlar formasında fəaliyyət göstərir: “Rəsmi statistik məlumatlara əsasən, 2005-ci ildə ölkədə ümumi kənd təsərrüfatı istehsalının 96,3%-i ailə kəndli, ev təsərrüfatları və fərdi sahibkarlar, 3,7%-i isə nisbətən böyük torpaq sahələrinə malik kənd təsərrüfatı müəssisələri və digər təşkilatlar tərəfindən həyata keçirilirdisə, 2016-cı ildə bu göstəricilər müvafiq olaraq 92% və 8% olub. Eyni zamanda, kənd təsərrüfatı müəssisələrinin və digər təşkilatların payı bitkiçilik məhsullarının istehsalında 1,4%-dən 5,7%-ə, heyvandarlıq məhsullarının istehsalında isə 6,4%-dən 9,9%-ə yüksəlib”.
Ötən il 1,2 mln. hektar sahədə aparılan əkin üçün yanacaq və motor yağlarına görə dövlət yardımı almaq məqsədi ilə 385,2 min istehsalçı Kənd Təsərrüfatı Nazirliyinə müraciət edib: “Onlardan 74,1%-i 3 hektara qədər, 15,5%-i 3-4,9 hektar, 7,4%-i 5-9,9 hektar, 1,9%-i 10-19,9 hektar, 0,9%-i 20-49,9 hektar, 0,4%-i 50 hektar və daha çox torpaq sahəsinə malikdir. Orta hesabla bir istehsalçıya düşən əkin sahəsinin 3,1 hektar təşkil etməsinə baxmayaraq, əksər istehsalçılara məxsus əkin sahələri orta göstəricidən aşağıdır. Təsərrüfatların 5 hektara qədər torpağa malik olan 89,6%-i ümumi subsidiya alan təsərrüfatların istifadəsində olan torpaqların 51,5%-nə sahiblik edir. Bu təsərrüfatların bir hissəsinin birləşməsi həm investorlar üçün cəlbedici ola bilər, həm də həmin təsərrüfatların bazasında müəyyən istehsal və emal müəssisələrinin təşkili üçün imkan yarada bilər”.