Meksikada tanınmış ingilisdilli “The News” qəzetində baş redaktor Teresa Marqolisin müəllifliyi ilə “Nümunə olacaq bir lider” sərlövhəli məqalə dərc edilib.
Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə müəllif özünün də iştirakçısı olduğu 29-30 sentyabr tarixlərində keçirilmiş V Bakı Humanitar Forumundan bəhs edib.
Məqalənin giriş hissəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açıq elan edilmiş Foruma dünyanın 75 ölkəsindən 450 nəfərdən çox nümayəndənin, o cümlədən keçmiş prezidentlərin, 13 nobel mükafatı laureatının və 13 beynəlxalq təşkilatın başçısının qatıldığı, forumun əsas mövzusunun multikulturalizm, miqrantların və məcburi köçkünlərin etnik dözülməzlik və laqeydliyin gün-gündən artdığı dünyada qarşılaşdıqları aktual problemlərdən ibarət olduğu qeyd olunub.
O, qeyd edib ki, Forum özündə, siyasətdən başlayaraq sənaye elm və dini məsələlərə qədər çox geniş spektri əhatə edib. Dəyirmi masa arxasında müzakirələrin gedişində cəmiyyətin bütün təbəqələrinin təmsilçilərinə danışmaq və öz fikrini çatdırmaq imkanı yaradılıb. Humanitar təcrübədə mədəni müxtəliflik mövzusu, kütləvi miqrasiya şəraitində insan kapitalının qorunması, sosial təkamül şəraitində dayanıqlı inkişaf, molekulyar biologiya və etik tibbi innovasiyalar, sivilizasiyalararası dialoqun təmin edilməsində rabitənin rolu, 21-ci əsr kontekstində texnologiyaların yaxınlaşması kimi mövzulardan bəhs edilib.
Müəllifin fikrincə böyük ağılların iki gün davam edən toplantısında, təkrar-təkrar səslənmiş çağırış bundan ibarət olmuşdur ki, mədəni etnik və dini müxtəliflik özündə müasir cəmiyyətin varlığını əks etdirir, hansı insanlar və yaxud millətlər bu müxtəlifliyi boğmağa yaxud aradan qaldırmağa can atacaqlarsa, onlar mahiyyət etibarilə öz sosial-iqtisadi təkamüllərini söndürmüş olacaqlar. O, bu çağırışın hansı geopolitik mühitdə təşəkkül tapdığını xüsusi vurğulayaraq onun möhtəşəm olduğunu qeyd edib.
Müəllif Azərbaycan barədə məlumat verərək, dini mənsubiyyəti əsasən müsəlmanlardan ibarət olan, Qafqazda Xəzər dənizi sahilində yerləşən, şimalda Rusiyaya, şimal-qərbdə Gürcüstan, qərbdə Ermənistan, cənubda İran, Naxçıvan anklavı vasitəsilə şimal-qərbdə Türkiyə ilə həmsərhəd olan keçmiş Sovet Respublikalarından biri olmaqla qlobal miqrasiya böhranının və Yaxın Şərqdə artan gərginliyin bu regiondan da təsirsiz ötüşmədiyini bildirib.
Tereza Marqolis eyni zamanda Qarabağ münaqişəsinə də toxunaraq 1992-ci ildə baş vermiş beynəlxalq səviyyədə tanınmış Xocalı soyqırımına görə məsuliyyət daşıyan və işğal olunmuş ərazilərin təxirə salınmadan azad edilməsi barədə BMT-nin çoxsaylı qətnamələrini saya salmayan, ərazisinin 25 faizini işğal altında saxlayan qonşu Ermənistanın təcavüzündən güclü ziyan çəkməsinə baxmayaraq, Azərbaycanın bütün tarix boyu multukulturalizm və dini dözümlülüyün dayağı və məkanı olmasının təqdirəlayiq hal olduğunu bildirib.
Məqalənin davamında müəllif, Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin fəaliyyətindən bəhs edərək öz fikirlərini bölüşüb. O, Əliyevin forum iştirakçılarını salamlarını yetirərkən Azərbaycanın xarici mədəniyyətlərə və etnik qruplara münasibətdə qonaqpərvərlik ənənələrindən danışdığını qeyd edib. Daha sonra Tereza Marqolis prezidentin qeyd etdiyi bu faktın dörd gün sonra Bakıda qarşılanan “Roma Papası” Fransiskin onun xahişi ilə şəhərin mərkəzində açıq səma altında messa keçirərkən və şəhərin ən böyük otelində Aşkenazi Roş Haşan dini ayini keçirilən zaman prezidentin müşavirinin də iştirak edərək yerli yəhudi icmasının üzvlərini yeni il bayramı münasibətilə hökumət adından təbrik edən zaman öz təsdiqini tapdığını heyranlıqla qələmə alıb.
T.Marqolis yalnız forumda deyil Roş Haşan bayramı münasibətilə təşkil edilmiş şam yeməyində də iştirak etdiyi zaman digər iştirakçılardan heç zaman Azərbaycanda hər hansı bir dini təqib hallarına rast gəlmədikləri barədə eşitdiklərini də qələmə alıb. Sonra müəllif öz məqaləsində yenidən ölkə başçısından bəhs edərək bildirib ki, 2013-cü ildə beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilmiş prezident seçkilərində İlham Əliyevin qələbəsini heç kim inkar edə bilməz.
T.Marqolis forum zamanı xarici bir diplomatdan eşitdiyi bu fikirlə razı olduğunu bildirib ki, İlham Əliyev neft sektorundan qazanılan dollarları müdrikcəsinə infrastruktur, təhsil sektorlarına və sənayenin diversifikasiyasına yönəldir və bu da öz növbəsində son dövrdə manatın iki dəfə devalvasiyaya uğramasına baxmayaraq Azərbaycanın mövcud neft böhranından qorunmasına kömək edib.
Eyni zamanda müəllif qeyd edib ki, 1991-ci ildə ölkə öz müstəqilliyini bəyan edərkən yoxsulluq səviyyəsi 45 faiz təşkil edirdisə, hazırda bu göstərici yalnız 5 faiz həddindədir.
Müəllif Prezident İlham Əliyevin güclü bir lider olmaqla yanaşı, eyni zamanda etnik və dini mənsubiyyətindən asılı olmayaraq səmimiyyət və xeyirxahlıqla xalqının bütün nümayəndələrinin qayğısına qaldığını bildirib. O, dövlət başçısı haqqında öz fikirlərini belə bitirib: İlham Əliyev regional və iqtisadi siyasət meydanında öz xalqına başçılıq edərək regionun yaxın keçmişədək rast gəlmədiyi stabillik örnəyi olub.
Sonra müəllif obyektiv olaraq, Azərbaycanın heç vaxt işğalçılıq iddiaları olmayan, başqa xalqların ərazisinə təcavüz etməyən bir ölkə kimi regionun lideri sayıldığını və multikulturalizm və dini dözümlülüyün, sosial-iqtisadi inkişafın dayağı olduğunu sübut edərək, digərləri üçün nümunəyə çevrildiyini bildirib. Məqalənin sonunda T.Marqolis forumun açıqfikirlilik, qarşılıqlı hörmət və dinc yanaşı yaşama çağırışını etdiyini və bu çağırışın Azərbaycanın qonşuları tərəfindən eşidilib, diqqətə alacağına ümid bəslədiyini bildirib.